Virtual kosmos turizmi layihələri həyata keçiriləcək

95

İnsanların kosmosa turist səyahətinə göndərilməsi ilə bağlı aparılan işlər zaman-zaman dünya mətbuatında geniş yer alır. Lakin yüz minlərlə dollara başa gələn bu səyahətlərin məhdud potensialı var. NUHÇIXAN Britaniya KİV-lərinə istinadla xəbər verir ki, VR (virtual reallıq) şirkətləri yaxın bir neçə ildə insanlara virtual kosmos turizmi vasitəsilə kosmosdan Yerin rəsmini canlı seyr etmək imkanı verəcək.

Britaniyanın “In-Space-Mission” şirkətinin kosmos texnologiyası üzrə ekspertləri bu məqsədlə “Rewind” kommersiya studiyasında “Space Time Enterprises” layihəsini hazırlayacaq. Onlar fəzaya bir neçə çoxfunksiyalı peyklər göndərməyi və onların vasitəsilə Yer kürəsinin bütün nöqtələrində kosmosdan canlı yayım təşkil etməyi planlaşdırırlar. Şirkətin icraçı direktoru Daq Liddl bildirib ki, əsas məqsəd insanların virtual reallıqda özlərini kosmosda hiss etməsi və oradan Yer planetini canlı seyr etməsidir. Onun sözlərinə görə, layihə çərçivəsində videokameraları kosmosa çatdıracaq və yerlə yüksək keyfiyyətli canlı əlaqəni təmin edəcək ilk peyk 2019-cu ilin sentyabrında fəzaya göndəriləcək.

“Rewind” studiyasının təcrübəli eksperti Matt-Vernon Klinç qeyd edib ki, virtual kosmos turizminin əsas mərhələsi fəzaya bir neçə peykin göndərilməsindən sonra başlayacaq. Onun sözlərinə görə, müxtəlif istiqamətlərdə yerləşən bu peyklər sayəsində səyahətçilər kompüterin arxasında özlərini kosmosda hiss edəcəklər. Bundan başqa, şirkətin məlumat bazasından biznes və elmi məqsədlər üçün də istifadə etmək mümkün olacaq. Virtual səyahətçi peykə bağlanıb qalmayacaq, həm də Yerin ətrafında “uçacaq”, istədiyi məkanı böyüdərək ona tamaşa edəcək.

Ekspert bildirib ki, layihənin ekoloji cəhətdən də böyük əhəmiyyəti var. Müxtəlif ölkələrin, şəhərlərin ekoloji vəziyyəti, iqlim dəyişiklikləri haqqında informasiya alan hökumətlər müfafiq tədbirlər görmək imkanı əldə edəcəklər.

Kosmos turizmi layihələrinin həyata keçirilməsi məqsədilə ABŞ-ın San-Fransisko şəhərində yerləşən “SpaceVR” şirkəti artıq “Overview 1” sınaq peykini Beynəlxalq Kosmos Stansiyasına göndərib. Britaniyanın digər şirkəti – “Earth-i” də yanvarın 12-də yüksək keyfiyyətli videosiqnallar göndərən “VividX-2” peykini Hindistandan fəzaya buraxıb. Bir neçə həftə əvvəl bu peyk vasitəsilə müxtəlif yerlərdə insanların və avtomobillərin hərəkətini göstərən videosiqnallar daxil olub.

“Rewind” studiyasının rəhbəri Sol Rocersin sözlərinə görə, layihənin həyata keçirilməsi sayəsində əvvəllər yalnız astronavtların görə bildiyi mənzərələri gələcəkdə bütün insanlar seyr edə biləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: