“Samsung Electronics” şirkətinin növbəti, yubiley və qabaqcıl “Galaxy S10” smartfonunda barmaq izi skaneri displeyə inteqrasiya olunacaq.
NUHÇIXAN xəbər verir ki, bundan əvvəl təqdimatı payızda gözlənilən “Galaxy Note 9” smartfonunun şirkətin barmaq izi skaneri ekrana quraşdırılan ilk qurğusu olacağı barədə məlumat verilsə də, hazırda Cənubi Koreya mənbələri tərəfindən belə sensorun növbəti ildə yalnız “Galaxy S10” smartfonunda quraşdırılacağı bildirilir. Cənubi Koreya istehsalçısı bu yaxınlarda məsələ ilə bağlı qərar qəbul edərək bu barədə tədarükçü və tərəfdaşları məlumatlandırıb. Ehtimal olunur ki, “Samsung” optik həllərlə müqayisədə daha dəqiq ultrasəsli ekran sensoru hazırlayır.
Məlumata görə, yubiley “Galaxy S10” və “Galaxy S10+” smartfonları “Beyond” daxili kod adı ilə qeydiyyatdan keçib. Xatırladaq ki, “Galaxy S9” modeli buraxılmamışdan əvvəl “Star”, “Galaxy S8” isə “Dream” adlanıb.
Smartfonların 5,8 və 6,3 düym diaqonallı “Infinity Display” ekranlarla təchiz ediləcəyi gözlənilir. Bundan başqa, sifətin daha yaxşı tanınması üçün “3D” kamera əlavə oluna bilər.
Qabaqcıl “Samsung Galaxy S10” və “Galaxy S10+” smartfonlarının yanvarın 8-11-də Las-Veqasda keçiriləcək “CES 2019” sərgisində nümayişi planlaşdırılır.