Kompüter təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış “DarkMatter” beynəlxalq təşkilatının mütəxəssisləri öz sahibini izlənilməkdən mühafizə edən smartfon hazırlayıblar.
Naxcivantv.az xəbər verir ki, bunun üçün hər hansı bir şəxslə məxfi söhbət zamanı qadcetin mikrofon və kamerasını söndürmək lazımdır.
“Android” əməliyyat sistemi ilə işləyən “Katim” smartfonu zənglərin, internet vasitəsilə göndərilən və qəbul edilən ismarıcların şifrələnməsini təmin edə bilir. Qadcet mobil sənayenin ən böyük sərgisi olan “Mobile World Congress”də nümayiş etdirilib.
Böyük şirkət və ya təşkilatlarda əhəmiyyətli danışıqlar aparılan zaman məlumat sızmasının qarşısının alınması üçün iştirakçılardan öz smartfonlarını başqa yerdə qoymaq tələb edilir. Yeni smartfon bu kimi vəziyyətlərdə mühafizəni təmin edə bilər. Bunun üçün smartfonun yan panelində yerləşən düyməni basmaq lazımdır ki, onun mikrofon və kamerası avtomatik olaraq sönsün.