“Microsoft” korporasiyası korporativ istifadə üçün nəzərdə tutulan və “hamısı birində” sinfinə aid divardan asılan “Surface Hub” kompüterinin ikinci nəslini təqdim edib.
NUHÇIXAN “Ferra” resursuna istinadən yazır ki, fərdi kompüterin 2016-cı ildə buraxılan birinci nəsli 55 və 84 düym diaqonala və 1080p təsvir ölçüsünə malik olduğu halda “Surface Hub 2” tərəflərinin nisbəti 3:2 təşkil edən 50,5 düym diaqonalda və 4K+ təsvir ölçüsündə təklif olunur. İndi ekranı həm horizontal, həm də vertikal vəziyyətdə qurmaq olar. Bundan əlavə, “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuda mikrofonlar, 4K formatlı dönən kamera, dinamiklər və barmaq izi skaneri quraşdırılıb.
“Surface Hub 2” kompüterinin parametrləri barədə ətraflı məlumat verilmir. “Microsoft” qiymət barədə açıqlama verməsə də, kompüterin 2019-cu ildə satışa çıxarılacağını qeyd edib.
Qeyd edək ki, birinci nəsil “Surface Hub” kompüterinin qiyməti 8999 dollar təşkil edib.