“Ericsson” və “T-Mobile” arasında “5G” şəbəkələri üçün avadanlığın tədarükünə dair saziş imzalanıb

145

İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil mobil rabitə şəbəkələri (5G) üçün məhsulların tədarükünə dair böyük saziş imzalayıb. Sifarişçi qismində artıq “Nokia” şirkəti ilə əməkdaşlıq edən ABŞ-ın “T-Mobile” mobil operatoru çıxış edir.

NUHÇIXAN “Servernews” resursuna istinadən yazır ki, sazişin şərtlərinə görə, “Ericsson” ABŞ operatoruna 3,5 milyard dollar dəyərində “3rd Generation Partnership Project” (3GPP) standartlı “5G New Radio” (5G-NR) texnologiyasının qurulması üçün lazım olan telekommunikasiya aparatları və proqram təminatı tədarük edəcək. Bundan başqa, İsveç istehsalçısı rəqəmli servislər və “BSS” və “Cloud Core” platformalarını təqdim edəcək.

Məlumata görə, “5G” şəbəkələri informasiyanı 10 Qbit/saniyə sürətində ötürməyə imkan verir. Bu, hazırkı “4G” şəbəkələrinin sürətindən 30 dəfə çoxdur. Məsələn, “HD” keyfiyyətli tammetrajlı filmi bir neçə saniyəyə yükləmək mümkün olacaq.

“T-Mobile” 2020-ci ildə ABŞ-da ümummilli beşinci nəsil mobil rabitə şəbəkəsini qurmağı planlaşdırır, 2018-ci ilədək isə texnologiyanın 30 şəhərdə istifadəyə veriləcəyi gözlənilir.

Xatırladaq ki, iyulda “T-Mobile” operatoru və “Nokia” şirkəti arasında “5G” rabitəsi üçün avadanlıq, proqram təminatı və servislərin tədarükünə dair 3,5 milyardlıq saziş imzalanıb.

Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: