Avropanın tənzimləyici orqanları və ABŞ Konqresi “Google” şirkətinə 500 min “Google+” sosial şəbəkəsi istifadəçisinin mümkün məlumat sızması ilə bağlı əlavə məlumat təqdim edilməsini tələb edən məktub ünvanlayıb. Bundan başqa, tənzimləyici orqanlar şirkətdən boşluq haqqında məlumat vermədiyi üçün izahat tələb edirlər.
NUHÇIXAN “Hightech” resursuna istinadən yazır ki, ötən həftə “Google” şirkəti “Google+” sosial şəbəkəsinin fəaliyyətinin qismən dayandırılmasını bəyan edib, eləcə də 2015-2018-ci illər ərzində servisdə 500 min istifadəçi məlumatına çıxış imkanı yaradan boşluğun olmasını açıqlayıb. Lakin cinayətkarların indiyədək boşluqdan yararlana bilməsi barədə dəqiq məlumatın olmaması ilə əlaqədar şirkət onun mövcudluğu barədə informasiya verməyib.
“Məlumatların mühafizəsi internet xidmətlərindən istifadə edən əksər amerikalılarda ciddi narahatlıq doğuran problemdir. Xüsusilə “Cambridge Analytica” şirkəti ətrafında vəziyyətlə əlaqədar istifadəçilərin məxfi məlumatlar toplayan servislərə inamı azalıb”, – məktubda deyilir.
Həmçinin qeyd olunur ki, “Google” boşluğu bu ilin martında aradan qaldırıb, lakin o haqda məlumat verməmək qərarına gəlib. Bundan başqa, konqres şirkətdə baş verən digər mümkün məlumat sızmaları barədə informasiya təqdim etməyi tələb edir.