Çində yeni “Samsung Galaxy S Light Luxury” smartfonunun təqdimatı keçirilib. Əvvəllər qurğunun “Galaxy S8 Lite” adı ilə təqdim ediləcəyi gözlənilsə də, istehsalçı ötənilki modelin adını saxlamamaq qərarına gəlib. Yeni smartfon “Galaxy S8” modelinin xarici görünüşünü və əksər əsas xüsusiyyətlərini özündə birləşdirməsinə baxmayaraq daha ucuz təklif olunur.
NUHÇIXAN “4PDA” resursuna istinadən yazır ki, “Samsung Galaxy S Light Luxury” xarici görünüşünə görə ötən il buraxılan “Galaxy S8” modelinə tam oxşardır. Smartfon tərəflərinin nisbəti 18,5:9 və maksimal “Full HD+” təsvir ölçüsü təşkil edən 5,8 düym diaqonallı ekranla təchiz edilib. Qurğuda “Exynos 8895/Snapdragon 835” prosessoru əvəzinə, nisbətən zəif məhsuldarlığa malik “Snapdragon 660” prosessoru quraşdırılıb. Operativ və quraşdırılmış yaddaşın həcmi dəyişməz qalıb – müvafiq olaraq 4 və 64 giqabayt. Akkumulyator tutumu da əvvəlki kimi saxlanılıb – 3 min milliamper/saat.
Smartfonun əsas kamerası 16, ön kamerası isə 8 meqapiksel təsvir ölçüsünə malikdir. Maraqlıdır ki, qurğunun arxa tərəfində ürəkdöyünmə ötürücüsü ləğv edilib. Lakin “IP68” standartı üzrə suyadavamlılıq, “Bixby” virtual köməkçisi üçün düymə, simsiz enerjidoldurma, göz skaneri, “4G LTE” və “Samsung Pay” dəstəyi olduğu kimi saxlanılıb.
Qiyməti 625 dollar təşkil edəcək yeni “Samsung Galaxy S Light Luxury” smartfonu iyunun 1-dək öncədən sifariş çərçivəsində 578 dollara təklif edilir.