ABŞ-ın Kaliforniya ştatındakı “Vandenberq” Hərbi Hava Qüvvələri Bazasından NASA-nın robot-aparatını daşıyan “Atlas” raketi kosmosa göndərilib.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, raketin daşıdığı “InSight” robot-aparatı Mars planetində tədqiqatlar aparacaq. Kosmik aparatın Marsın səthinə enməsi noyabrın sonuna planlaşdırılıb.
Layihənin əməkdaşlarından olan Bryus Banerdt bildirib ki, Marsın səthində tektonik fəallığı ölçəcək aparat Qırmızı planetin 4,6 milyard il əvvəl necə yaranmasını müəyyən etməyə imkan verəcək. Onun sözlərinə görə, Marsın səthi boyunca hərəkət edən seysmik dalğalar müxtəlif növ süxurlardan keçir və onlar yaxşı informasiya mənbəyidir. Alimlər isə, öz növbəsində, seysmoqram üzərində bu məlumatları təhlil edəcəklər.
NASA ötən əsrin 70-ci illərində “Vikinq” proqramı çərçivəsində Qırmızı planetə seysmometrlər göndərib. Lakin seysmik fəallığı ölçən alətlər aparatın korpusunda yerləşdiyi üçün bu missiya nəticə verməyib. “Vikinq”dən fərqli olaraq, “Insight” robot-aparatı seysmometrləri süxurların bilavasitə içərisində yerləşdirəcək. Astronomlar Marsın süxurlarında iyirmiyə yaxın və zəif gücü olan təkanlar qeydə alınacağını ehtimal edirlər. Elə bu zəif təkanlar planetdəki süxurların tərkibi haqqında məlumat almağa imkan verəcək. Qırmızı planetin metal nüvəsi, sıx süxurları və nazik qabığı olduğu güman edilir, lakin onların arasındakı sərhədi müəyyən etmək hələlik mümkün olmayıb.
Bildirilir ki, seysmometrlərlə işləyəcək qrupun tərkibi fransız mütəxəssislərindən ibarətdir. Onlar süxurlarda aşağı tezlikli silkələnmələri qeydə alacaq xüsusi ötürücülər hazırlayıblar. Yüksək tezlikli təkanları isə ingilis alimlərinin hazırladığı və kiçik sikkə ölçüsündə olan seysmometrlər qeydə alacaqlar.
London İmperiya Kollecinin tədqiqatçısı Tom Payk bildirib ki, Marsdakı zəlzələlərin sxemi çox əhəmiyyətlidir. Onun sözlərinə görə, Yer planetində zəlzələlər bir çox hallarda tektonik lövhələrin sərhədində baş verir, amma Marsda bu lövhələrin fəal olduğu məlum deyil.
Tədqiqatçıların qənaətinə görə, Marsın nüvəsi bir zamanlar maye halda olub və “Insight” planetin qabığında maye qalıqlarını araşdıracaq. Bunun üçün robot-aparatın Marsın öz oxu ətrafında fırlanmasını izləyəcək xüsusi radio avadanlığı var.
Layihənin digər iştirakçısı Syüzann Smrekar bu tədqiqatı belə müqayisə edib: “Əgər çiy və bişmiş yumurtaları fırlatsaq, onların hərəkətlərində fərqi görəcəyik. Bu, yumurtaların tərkibindəki mayenin miqdarı ilə bağlıdır. Biz kosmik aparatı diqqətlə izləmək yolu ilə Marsın hərəkət trayektoriyasına uyğun onun nüvəsi barədə məlumat əldə edəcəyik”.
“Insight” robot-aparatının alətləri arasında isitilikölçən avadanlıq da var. Bu avadanlıq istiliyin dərəcəsini ölçmək üçün planetin səthində beşmetrlik quyu qazacaq və bunun sayəsində Marsın təkindəki enerjinin onun səthindəki proseslərə təsiri müəyyən ediləcək.