“Vivo Go” sadələşdirilmiş “Android Pie Go” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk smartfon olacaq.
NUHÇIXAN “Life” resursuna istinadən xəbər verir ki, smartfon 720×1440 piksel təsvir ölçülü 6 düym diaqonallı ekran, “MediaTek 6739” prosessoru, 64 giqabaytadək genişləndirmə imkanına malik “MicroSD” kartını dəstəkləyən 1+16 giqabaytlıq yaddaş, 2600 milliamper/saat tutumlu akkumulyator, 8+8 meqapikselli əsas kamera ilə təchiz ediləcək. ABŞ-da qiyməti 89,99 dollar təşkil edəcək qurğunun noyabrda satışa çıxarılması planlaşdırılır.
Qeyd edək ki, “Android Go” zəif texniki xüsusiyyətlərə malik smartfonlar üçün populyar əməliyyat sisteminin sadələşdirilmiş versiyasıdır. O, iritutumlu operativ yaddaş və güclü prosessor tələb etmir. Bundan başqa, əməliyyat sisteminə “YouTube”, “Google Maps”, “Gmail” və s. kimi sadələşdirilmiş “Google” əlavə paketləri daxildir.