Yeni standart smartfonları avtomobillər üçün açara çevirəcək

174

Böyük İT şirkətləri və avtomobil istehsalçılarından ibarət “Car Connectivity Consortium” (CCC) konsorsiumu “Digital Key” açıq standartının ilk versiyasını təsdiq edib. Spesifikasiya smartfon, “ağıllı” saat və digər qurğuların avtomobilin təhlükəsizlik sistemi ilə simsiz inteqrasiyasını nəzərdə tutur.

NUHÇIXAN “Vesti” resursuna istinadən yazır ki, avtomobillərdə qapıları açmaq və bağlamaq, eləcə də mühərriki işə salmaq üçün rəqəmli açarlardan istifadə yenilik olmasa da, konsorsium bu imkanı bütün bazar iştirakçılarının yararlana biləcəyi açıq, ümumi standart səviyyəsində həyata keçirməyi təklif edir.

Təşkilata onlarla şirkət, o cümlədən “Audi”, “BMW”, “Apple”, “LG”, “Qualcomm”, “Samsung”, “GM”, “Hyundai” və “Volkswagen” üzvdür. “Digital Key” standartının qəbulu o deməkdir ki, müştərilər istənilən tip qurğu vasitəsilə bütün markalı avtomobillərdən istifadə imkanı əldə edəcəklər. Lakin “Google” və “Microsoft” şirkətləri təşəbbüs iştirakçısı deyil.

Məlumata görə, standarta xüsusilə icarə və avtomobillərdən birgə istifadə xidmətləri təklif edən şirkətlər arasında tələbatın böyük olacağı gözlənilir. “Digital Key” uyğunluq barədə düşünmədən rəqəmli açarları paylaşmaq, vermək və idarə etmək üçün imkan yaradacaq.

“Digital Key Release 1.0” məlumatların etibarlı ötürülməsini təsvir edən ilk spesifikasiya versiyasıdır. Avtomobil və smartfon arasında standartlaşdırılmış autentifikasiya protokolunu əks etdirən növbəti – “Release 2.0” versiyasının təqdimatı 2019-cu ilin birinci rübünə planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: