Tanınmış yazıçı və jurnalist Devid Adam Britaniyanın Brekon-Bikons milli parkında keçirilən ədəbiyyat və incəsənət festivalında bildirib ki, böyük texnoloji inqilab neyrobiologiyadan başlayacaq. Əsas vasitə isə beynin elektrostimulyasiyası və həblərlə intellekt əmsalının (IQ) artırılması olacaq.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, britaniyalı yazıçı beynin süni stimulyasiyası vasitəsilə dünyada ən yüksək intellekt əmsalına malik insanları birləşdirən “Mensa” təşkilatına üzv olmağı qarşısına məqsəd qoyub. O deyib ki, bu yaxınlaradək beynin fəaliyyətini gücləndirən həblərə ancaq fantastik romanlar və filmlərdə rast gəlinirdisə, indi “brain-hacking” (beyin fəaliyyətinin süni stimulyasiyası) daha çox realdır.
Devid Adamın “Daxildəki dahi” kitabında neyrobiologiyanın yeni kəşfləri və alimlər qarşısında açılan perspektivlərdən bəhs olunur. Müəllif yazır ki, neyrobioloqlar psixi xəstəlikləri beynin ayrı-ayrı hissələrinin fəaliyyətini dəyişmək yolu ilə müalicə etmək imkanlarını öyrənirlər. Onun sözlərinə görə, bu, artıq zaman məsələsidir.
Kitabda qeyd edilir ki, tələbələr imtahanqabağı istifadə etmək üçün “qara bazar”da modafinil kimi həblər əldə edirlər. Britaniyada orta hesabla hər beş tələbədən biri əqli fəaliyyəti artıran bu həblərdən istifadə edir. D.Adam yazır: “İnsanlar artıq beyin fəaliyyətinin stimulyasiyası, yaddaşın gücləndirilməsi, diqqətin və riyazi bacarıqların artırılması məqsədilə eksperimentlər aparırlar. Bunu həyata keçirmək üçün satışda çoxlu preparatlar var”.
“Brain-hacking”in təsirini öz üzərində sınaqdan keçirən yazıçı “Mensa”ya üzv olmaq üçün tələb olunan 130 intellekt əmsalını toplamağa çalışıb. Əslində, bu preparat yuxu pozuntuları ilə bağlı rahatsızlıqlarda həkim resepti ilə satılır və hazırda Britaniyada satışı qadağan edilib. Modafinil həbi vasitəsilə məqsədinə nail olan Adam əlavə edib ki, preparatın bir çox fəsadları meydana çıxıb. Məsələn, onun barmaqları dartılıb, əsəbləri gərilib və avtomobil sükanı arxasında otura bilməyib. O, həbləri qəbul etdikdən sonra beyin fəaliyyətini təsvir edərək yazıb: “Mən bir neçə saat işlədim, amma yorğunluq hiss etmədim. Mətni yazdığım zaman sözlər çox asan ağlıma gəlir, sürətlə cümləyə düzülür və bir saatlıq işi 20 dəqiqəyə bitirdim”.
Digər metodun – beynin elektrostimulyasiyasının qavrama qabiliyyətini artırdığı və yaddaşı gücləndirdiyi artıq sübut olunub. Elektrostimulyasiya zamanı iki elektrodla təchiz olunmuş cihaz baş nahiyəsinə bərkidilir. Devid Adamın bu eksperimenti beyin yarımkürəsində dözümlülüyü tənzimləyən, habelə yaddaşı və dil mənimsəmə qabiliyyətini artıran nöqtələrə yönəldilib. Lakin o, gözləmədiyi fəsadlarla üzləşib: gözlərinin qarşısında parlaq işıq və beynində gurultular yaranıb. Yazıçı məsləhət görüb ki, bu eksperimentləri həvəskar səviyyədə həyata keçirmək ağır fəsadlarla nəticələnə bilər.
Devid Adam keçirdiyi eksperimentlərdən sonra bu qənaətə gəlib ki, neyrobiologiya sahəsində tədqiqatlar davam etdirilməlidir və yaxın gələcəkdə bunun nəticələri məlum olacaq. Onun sözlərinə görə, əsas vəzifə insanların sağlamlığına təminat verməkdir.