Qurtuluşdan Günnütə gedən yol

428

Qazanılan hər bir qələbənin təməlində uzağa hesablanan tarixi addımlar dayanır. Azərbaycan Ordusunun növbəti zəfəri kimi tarixə düşən, düşmən üzərində demək olar ki döyüşsüz əldə edilən qələbə- “Günnüt əməliyyatı”nın da kökündə  əslinə baxanda, hələ 1990-cı illərdən Naxçıvanda ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən hərbi isalahatlar dayanırdı. Tarixə nəzər salaq.

Dünən

Azərbaycan milli ordusunun yaradılması ötən əsrin 90-cı illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başladı. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi ­ 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradıldı, 1992-ci il sentyabrın ­ 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edildi.

Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirildi. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan N saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edildi və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı N saylı hərbi hissəyə təhvil verildi. Sonralar bu əsasda Azərbaycan Ordusunun V Ordu Korpusu yaradıldı.

Bu gün

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş gücünün artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb.

***

Bu gün Azərbaycan Ordusu vahid mərkəzdən idarə edilən nizami orduya, qüdrətli silahlı qüvvələrə çevrilib.

Hərbi ekspertlərin və siyasi analitiklərin fikrincə, bütün dünya Azərbaycan Ordusunun böyük nailiyyətlərini növbəti dəfə döyüş meydanlarında görə bilər. Belə ki, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan sülh danışıqlarında tutduğu destruktiv mövqedən əl çəkməsə, problemi istənilən yolla həll etməyə qadir olan Azərbaycan öz silahlı qüvvələrinin qüdrətini göstərməyə həmişə hazırdır və bunu zaman-zaman da nümayiş etdirir.

Bu gün Azərbaycan Ordusu və onun Naxçıvandakı hissələri böyük potensiala malik olan gücdür. Ordu birləşmələri ən müasir cihazlar və silahlarla təchiz edilib. Artilleriya qurğularının, daşınan zenit-raket kompleksinin, hava hədəflərini aşkarlayan radarların, tank əleyhinə raket komplekslərinin və atıcı silahların texniki xüsusiyyətlərini nəzərə alanda, artıq regionda sözünü deməyə hazır olan bir və istənilən anda ən çətin tapşırıqları yerinə yetirə biləcək bir hərbi gücü görmək olar. Bu məsələ artıq sözdə deyil real həqiqətlə də sübut olunub.

İstənilən ordunun döyüş qabiliyyətini, gücünü yalnız hərbi təlimlərdə və müharibədə müəyyənləşdirmək olar. Elə bu yaxınlarda – may ayında Şərur rayonunun Günnüt kəndinin, 11 min hektardan çox ərazinin, mühüm əhəmiyyətli strateji yüksəkliklərin düşməndən azad edilməsi ordumuzun təcavüzkar düşmənin təxribatlarına daha bir tutarlı cavabı oldu.

2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan ordusunun düşmən cəbhəsində qazandığı daha bir zəfər olan Günnüt əməliyyatı Silahlı Qüvvələrimizə daha əlverişli mövqelərdə möhkəmlənməyə imkan verib. Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, “Qızılqaya” dağı  və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir.

Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyyə məqsədi ilə 50 km yeni yol çəkilmiş, 60 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili  üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Muxtar respublikanın digər yaşayış məskənlərində məskunlaşmış Günnüt sakinləri uzun illərin ayrılığından sonra böyük sevinc və qürurla doğma kəndlərinə qayıdaraq yaxınlarının məzarını ziyarət edib. Düşmən nəzarətindən azadlığa çıxmış Günnüt məzarlığındakı şəhidlərimizin ruhları da öz azadlığına qovuşub, dinclik tapdı.

Zəfər tariximizə “Günnüt qələbəsi” adı ilə həmişəlik həkk olunacaq bu hadisə igidlərin Vətən mübarizəsinin ən ehtişamlı zirvələrindən biri oldu. Bu zirvədə dalğalanan şanlı üçrəngli bayrağımız bir gün ordumuzun nəzarət etdiyi İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yolundan Qarabağa doğru istiqamətlənəcək. Ordumuzun döyüş gücünə bələd olan hər kəs buna əmindir.

Bu qələbə həm də  Qurtuluşdan gələn 25 illik yolda tariximizə ən böyük töhfələrdən biri oldu. O Qurtuluş ki, Azərbaycanın bugünkü inkişafı, tərəqqisi və ağlımıza gələ biləcək bütün sahələrdəki yüksəlişi məhz həmin tarixdən başlanır. Günnüt qələbəsi eyni zamanda Azərbaycanda milli ordunun yaranması sahəsində ilk addımların Naxçıvanda atılmasına da bir töhfə oldu.

Bu gün muxtar respublikanın strateji yerlərində və hakim yüksəkliklərində qurulan etibarlı müdafiə sistemi düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır, istənilən təxribatlara adekvat cavab vermək imkanı yaradır.

Təsadüfi deyil ki, Ermənistan mətbuatı Azərbaycanın əsas ərazisindən ayrı salınmış Naxçıvan Muxtar Respublikasından söz açarkən diqqəti ilk növbədə təmas xəttindəki hakim yüksəkliklərə yönəldir. Düşmən Azərbaycan Ordusunu işğalçı Ermənistanın hərbi təhlükəsizliyi üçün bir nömrəli təhdid hesab edir, Naxçıvanla sərhəddə yerləşən erməni postlarının böyük təhlükə ilə üz-üzə qaldığını vurğulayaraq həyəcan təbili çalır.

2017-ci ilin 18 oktyabrında Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25 illiyi münasibətilə hərbi paradın keçirilməsi və qısa bir müddətdən sonra qeyd edilənlərin real nəticəsi olaraq Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi fonunda hər şey aydın görünür.

Bütün bunlar isə ölkə başçısı İlham Əliyev tərəfindən gələcəyə hesablanmış layihələrə uyğun olaraq təkcə ölkəmiz üçün deyil, ümumilikdə, Cənubi Qafqaz regionu və bütün Türk dünyası üçün mühüm strateji məkan kimi böyük əhəmiyyət kəsb edən Naxçıvanın müdafiə qabiliyyətinin artırılması məqsədilə yaradılmış Əlahiddə Ümumqoşun Ordusunun muxtar respublikanın təhlükəsizliyinin qarantına çevrildiyini göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Vətən o zaman vətən olur ki, o həm qorunur, həm də vətən torpağından səmərəli istifadə olunur”. Biz də Cocuq Mərcanlı kimi Günnüt kəndinin də yenidən bərpası və məskunlaşmasını səbirsizliklə gözləyirik. Sırada isə bizi Kərki gözləyir. Böyük inam və qələbə əzmi ilə, yalnız irəli!

Məmməd Babayev

Naxçıvan televiziyasının baş redaktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: