Naxçıvanın təbliğində əhəmiyyətli rol oynayan mədəniyyət müəssisəsi - Duz Muzeyi

3. 170

Naxçıvanda qədimliyi ilə seçilən ünvanlar çoxdur. Ancaq kütləvi maraq baxımından Əshabi-Kəhf mağarası, Duzdağ, Nuh Peyğəmbərin türbəsi və Gəmiqaya daha çox diqqəti çəkir. Bu məkanlar ona görə turistlərin marağındadır ki, onlar mahiyyət etibarı ilə bölgə sərhədlərini aşaraq qlobal əhəmiyyət kəsb edir. Bu mənada Ali Məclis Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən ötən il Naxçıvan şəhərindəki “Duzdağ” otelində istifadəyə verilən Duz Muzeyi Naxçıvanın qədim tarixinin təbliği baxımından mühüm rol oynayır.

Muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzeydə 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur. Ekspozisiyada ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və Prezident İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri yer alıb.

Naxçıvan duzla bağlı inam və adətlərlə zəngindir. Muzeydə duzla əlaqədar şifahi xalq ədəbiyyatı nümunələri nümayiş olunur. Ekspozisiyadakı daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir. Vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş etdirilən bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərir. Duzdan hazırlanmış və üzərində “Məhəmməd və Əli” sözləri yazılmış “Quran-i Kərim” duza verilən böyük dəyərin ifadəsidir.

Muzeydə nümayiş olunan dəyərli eksponatlar sırasında narın duzun saxlanmasında və daşınmasında istifadə olunan duz torbaları da yer alır. Bu torbalar əsasən ötən əsrin əvvəllərinə aiddir və Azərbaycanda, xüsusən muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir. Daşduzdan hazırlanmış əl işləri, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi də muzeyin maraqlı eksponatlarındandır. Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması ilə əlaqədar duzdan hazırlanmış loqotip qədim diyarın özünəməxsus rəmzlərini özündə əks etdirir.

Ötən il aprelin 25-də Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirən Ali Məclisin Sədri Vasif Talıbov deyib: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvanın tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsinin duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin tarixçiləri tərəfindən də məlumatlar verilmişdir”.

Naxçıvan şəhərinin salınması və şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən bu nadir muzeyin mövcudluğu və fəaliyyəti muxtar respublikamız, eləcə də ölkəmiz üçün çox əhəmiyyətlidir. Çünki şəhər mədəniyyətinin formalaşması ölkəmizdə qədim yaşayış məskənlərinin hamısı üçün xarakterik deyil. Bu mədəniyyətin formalaşması üçün eyni bölgədə kütləvi əmək məşğuliyyətinin təmin olunması və bunun da əsasında ictimai yaşayış şərtlərinin zəruriliyini doğuran səbəblər olmalıdır. Şəhərləşmə isə məhdud bir ərazidə birgəyaşayış tələblərini doğurur ki, bu da ictimai şüurun inkişafından irəli gəlir. Bu baxımdan Naxçıvanda şəhər mədəniyyətinin formalaşmasını labüd edən duz istehsalı, eyni zamanda, bəşəri əhəmiyyət daşıyır. Çünki söhbət 5-7 min illik davamlı bir fəaliyyət sahəsindən gedir. Elə bu muzeyin unikal olmasını şərtləndirən amil də odur ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qeyri-adi muzeylərdən fərqli olaraq, bu mədəniyyət müəssisəsi sırf tarixi reallıq üzərində qurulub.

Rauf Kəngərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: