İsa Həbibbəyli: “Sərəncam Nəsiminin dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə meydan açır”

185

“Prezident İlham Əliyevin mütəfəkkir şair İmadəddin Nəsimi haqqında verdiyi hər iki sərəncam, ilk növbədə, müstəqil Azərbaycan dövlətinin görkəmli şəxsiyyətlərə, klassik mədəni ədəbi irsə verdiyi yüksək qiymətin ifadəsidir”.

NUHÇIXAN xəbər verir ki,  Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli belə deyib.

Onun sözlərinə görə, sərəncamlar həmçinin Nəsimi irsini müstəqillik vaxtında yenidən Azərbaycan xalqına tanıtmağa və dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə geniş meydan açır: “Hesab edirəm ki, Nəsiminin sənət ideallarını, həyat çağırışlarını, onun qəhrəmanlıq nümunəsi olan həyatını, məğrurluğunu, şəxsiyyətini yeni nəsillərə müstəqillik gözü ilə nümunə kimi təqdim etmək bizim vəzifələrimiz sırasında dayanan işlərdən olacaq”.

İ.Həbibbəyli bildirib ki, şairin irsinin ölkədə sistemli tədqiqi və təbliği 1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir: “Həmin vaxt Nəsiminin Azərbaycanda heykəli ucaldıldı, ona həsr olunan əsərlər meydana çıxdı, hətta film də çəkildi və bir sıra vacib addımlar atıldı. Bu da Nəsimini dünyaya tanıtmaq baxımından təqdirəlayiq işlər idi. Həmin müddətdən artıq 50 il vaxt keçib. Etiraf edək ki, bu gün Nəsimiyə dair tədqiqat işləri çox deyil, əsərləri, demək olar ki, az nəşr olunur, eləcə də əsərlərinin dünya dillərinə tərcüməsini həll etmək lazımdır. Sərəncam bu istiqamətdə həm akademik qurumların, həm də ali təhsil müəssisələrində olan alimlərin fəaliyyət göstərmələrinə və onlara dəstək olunmasına geniş imkanlar yaradır”.

İnstitut direktoru vurğulayıb ki, artıq Akademiyada Nəsimi ilə əlaqəli bir sıra tədbirlərin, beynəlxalq konfransların keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb: “Əlyazmalar İnstitutunun əməkdaşları arxivlərdən Nəsimiyə aid edilən, ya da onun imzası ilə yazılan bir çox yeni bədii əsərlər, qəzəllər tapıb. Bu əsərlərin dəqiqləşməsinə ehtiyac var və həmin əlyazmaların çap olunması elm ictimaiyyəti üçün əvəzsiz olacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Həmçinin Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: