“Gənclər paytaxtı”nın gəncləri - Ülvi Hüseynli yazır

Sağlam və intellektli gənclik malik olduğumuz ən böyük sərvətimizdir

194

Görkəmli rus yazıçısı və dramaturqu Qoqol yazırdı ki, “Gənclik ona görə xoşbəxdir ki, onun gələcəyi var”. Yəqin ki, hər kəs böyük mütəfəkkirin bu fikirləri ilə razılaşar. Amma bir həqiqət də var ki, gənclik təkcə gələcəyi olduğu üçün yox, etibarlı və sağlam əsaslara malik gələcəyi olduğu üçün xoşbəxt sayıla bilər.

Gələcəyimizi gəncliyə etibar etməklə iş bitmir. Əsas şərt gənclərin qayğısına qalmaq, onlara təhsil vermək, peşə öyrətmək, Vətənə və xalqa yararlı vətəndaş kimi formalaşdırmaqdır. Yalnız bundan sonra onun xoşbəxt gələcəyi haqqında fikir söyləmək olar.

Böyük ingilis şairi Uilyam Şekspir isə gənclik mövzusunda belə bir qənaətə gəlmişdi ki, “Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları təhsil və tərbiyədən asılıdır”. XX əsrin əvvələrində “Füyuzat” jurnalı da gənclik mövzusuna öz səhifələrində geniş yer verərək diqqəti daha çox ona çəkirdi ki, “Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik  uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanıdır”. 

Göründüyü kimi, gənclik bütün dövlərdə aktual mövzu olub. Sağlam gəncliyin formalaşdırılması ölkənin və xalqın həyatında ən vacib amil kimi götürülüb, bu məsələ barədə çox yazılıb, çox müzakirələr aparılıb, bir-birindən maraqlı fikirlər söylənilib. Zaman-zaman hər bir ölkədə, cəmiyyətdə gəncliyə münasibətdə fərqli yanaşmalar ortaya çıxıb.

Əlbəttə, bir sahənin inkişafı haqqında danışmaq üçün, o sahənin dünəni ilə bugünü müqayisə olunmalıdır. Xatırlayırıq ki, 20 il bundan əvvəl digər sahələr kimi, gəncliyimiz və bununla bərabər gələcəyimiz də zamanın məhvərindən çıxıb yeyin addımlarla uçuruma doğru gedirdi. Məktəbdən, təhsildən yayınıb xırda-para alver dalına düşmək, vaxtını çayxanalarda öldürmək, cibində 5 qəpik pulu olanda da kəndin, şəhərin “qoçusuna” çevrilmək həmin dövr gəncliyinin ürək dağlayan mənzərəsi idi. Kəndini, şəhərini, ailəsini tərk edib orda-burda “səadət axtarışı”na çıxan gəncliyin ən böyük arzusu, məqsədi də yaşadıqları həyat tərzindən bir o qədər fərqlənmirdi. Özlərini milli və mənəvi dəyərlərimizdən kənar xarici film “qəhrəmanları”na bənzədən, vaxtlarını “domino yarışları”nda öldürən, alverə qurşanıb “biznesmen” olacağına “inanan”, idmandan uzaq düşüb zərərli vərdişlərə aludə olan gənclərin sayı yaz göbələyi kimi artırdı.

İnsafən təhsil alan, idmanla məşğul olan gənclər də az deyildi. Lakin həmin gənclər üçün də lazımi infrastruktura malik nə bir  məktəb, nə də idman obyekti vardı. Neft qoxan uçuq-sökük məktəb binaları, soyuq sinif otaqları, köhnə tədris avadanlıqları, heç bir şəraiti olmayan laboratoriyalar, idman zalları müasir tədris anlayışı ilə uyğunluq təşkil etmirdi. Sovetdənqalma “Korvet” kompüterlərinin həsrətini çəkən gənclik təzə-təzə ayaq açan yeni texnologiyalardan, kompüterləşmədən də çox uzaqda idi. Məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrində də elə bu hal hökm sürürdü.

Həmin dövr gəncliyinin digər bir siması da laqeydlik idi: tarixinə, milli dəyərlərinə, adət-ənənələrinə, hətta ailəsinə olan laqeydlik. İş təkcə bununla da bitmirdi. Gənclərin bəlasına çevrilən uşaq əməyinin istismarı halları da baş alıb gedirdi. Maşrutlarda pulyığan, çayxanalarda, yeməkxanalarda qarsonluq edən azyaşlılarla da tez-tez qarşılaşmaq mümkün idi. Heç kimi bu uşaqların təhsili, sağlamlığı düşündürmürdü. Valideynlər də bu hadisələrə seyirçi mövqədən yanaşırdılar.

Bir sözlə, gələcəyimiz təhlükə altında idi. Zaman bizi çətin sınaqlar qarşısında qoymuşdu. Bütün bunlara “dur” deməyin vaxtı gəlib çatmışdı. Yaşayış şəraitimizin, düşüncəmizin,  dünyagörüşümüzün kökündən dəyişilməyə çox böyük ehtiyacı vardı. Vətənin sabahına olan cavabdehlik hissinin sözdə, şüarda, vədlərdə yox, konkret əməldə və işdə reallığa çevrilməsinin vaxtı gəlib çatmışdı.

Böyük Çin filosofu Konfutsinin ölməz bir fikri var: “Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil”.

Naxçıvanda sağlam gəncliyin formalaşdırılmasına düzgün yol seçilməklə başlandı. Bu yol ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin, quruculuq yolunun real iş müstəvisinə çıxarılması yolu idi! Naxçıvan Muxtar Respublikası bu yolun uğurlu davamı ilə yeni inkişaf, quruculuq və sabitlik mərhələsinə qədəm qoydu və bununla da gəncliyimizə-gələcəyimizə sahib çıxıldı.

İllər bir-birini yola saldıqca qədim Naxçıvan da tamamilə dəyişdi, şəhərimiz, kəndlərimiz inkişaf etdi, müasirliyə qovuşdu. Qayğılarımız, problemlərimiz günbəgün azaldı. Rahat və firavan yaşayışa qovuşduq. Doğma kəndimizdə, şəhərimizdə iş sahibinə çevrildik. Öz təknəmizin urvatına şükür etdik. Təhsilimiz, dünyagörüşümüz artdıqca, həyata baxışımız da dəyişildi. Gənclərin əsas “məşğuliyyət” yerləri olan çayxanaları elm, təhsil ocaqları, zəngin fonda malik kitabxanalar, idman obyektləri, şahmat məktəbləri, mədəniyyət və istirahət parkları, beş-üç qəpiklik alver piştaxtalarını müasir xidmət sahələri, zavodlar, idarə və müəssisələr əvəz etdi. Dərk etməyə başladıq ki, Vətənə, xalqa xidmət etməyin yolu boş-boş xəyallara qapılmaqla deyil, real iş görməkdən – torpağı əkməkdən, yaxşı təhsil almaqdan, peşə-sənət öyrənməkdən və əsl vətəndaş kimi yetişməkdən keçir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir.” Muxtar respublikada ulu öndərin tövsiyyələrinə uyğun olaraq hər bir gəncə ölkənin gələcəyi kimi baxıldı. Sağlam düşüncəli gənc nəslin yetişdirilməsi, gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda fəal iştirakının təmin edilməsi əsas strateji hədəfə çevrildi.

Naxçıvan gəncləri batıb qaldıqları bataqlıqdan çıxaraq elm, təhsil işığına qovuşdular. Təhsil quruculuğu geniş vüsət aldı. Yeni məktəb binaları, zəngin fonda malik olan kitabxanalar, mədəniyyət evləri və digər saymaqla bitməyən obyektlər tikilərək gənclərin istifadəsinə verildi. Ali təhsil müəssisələri üçün müasir tədris korpusları, universitet şəhərcikləri salındı. Bir faktı qeyd etmək yerinə düşər ki, ötən dövrdə muxtar respublikada 200-dən çox məktəb binası, 5 peşə məktəbi, 21 uşaq bağçası, 13 məktəbdənkənar tərbiyə müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Məktəblərdə ən son tədris avadanlıqlarından, sürətli internetdən istifadə olunur, distant təhsil tətbiq edilir. Hazırda muxtar respublikada hər 12 şagirdə bir kompüter düşür. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi və Uşaq Bərpa Mərkəzi hərəkət qabiliyyəti məhdud uşaqların sağlamlığının qorunması və təhsilə cəlbində yeni mərhələnin – daha bir Naxçıvan nümunəsinin əsasını qoydu.

Muxtar respublikada kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması ucqar dağ kəndində də, paytaxt Naxçıvan şəhərində də gənclər üçün eyni şərait və imkanların yaranmasına səbəb oldu. Bu gün kəndlərdə yaşayan gənclərimiz də müasir məktəblərdə təhsil alır, elektron lövhələrdən, kompüterlərdən, zəngin fonda malik olan kitabxanalardan istifadə edir, sürətli internetdən yararlanırlar. Onlar üçün də idman və bədən tərbiyəsi əlçatandır.

Ali Məclis Sədrinin Sərəncamı ilə istedadlı gənclərə dövlət qayğısı artırıldı, gənc istedadların “Qızıl kitabı” təsis olundu, Gənclər Fondu yaradıldı, Gənclər və Gənclik mərkəzləri istifadəyə verildi. Hazırda muxtar respublikada 8 gəncin adı gənc istedadların “Qızıl kitabı”na salınıb və onlara aylıq təqaüdlər ödənilir.

Gənclərin sosial problemlərinin həlli, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması da öz həllini tapdı.  Yeni iş yerləri açıldı, gənclər dövlət idarəçiliyində və digər sahələrdə önə çəkildi, əməklərinə yüksək qiymət verildi. Yeni yaşayış binaları tikildi, şəhərciklər salındı, gənclərə ipoteka yolu ilə mənzil sahibi olmaq imkanı yaradıldı. 2014-cü ildə Naxçıvan şəhərində 80 mənzilli 3 yaşayış binası, bu il isə Naxçıvan şəhərində 456 mənzilli 6 yaşayış binasından ibarət müasir “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verildi. Hazırda Babək, Kəngərli və Sədərək rayonlarında gənclər üçün çoxmərtəbəli yaşayış binalarının tikilməsi isə bu işin davamlı olduğunu və bütün yaşayış məntəqələrini əhatə etdiyini göstərir.

Naxçıvanda idman hərəkatı geniş vüsət aldı. Muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, rayon mərkəzlərində uşaq-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, ümumilikdə 50 idman obyekti, məktəblərdə müasir idman zalları, olimpiya ağırlıqqaldırma qurğuları və 900-ə yaxın sadə tipli idman avadanlıqları gənclərin istifadəsinə verildi. Hazırda muxtar respublika gənclərinin 27 mindən çoxu aktiv şəkildə idmanla məşğul olur.

Bir haşiyə çıxaraq qeyd edim ki, Naxçıvanda sağlam gəncliyin formalaşdığını təsdiq edən mühüm amillərdən biri də muxtar respublikanın beynəlxalq idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsidir. Hər il keçirilən beynəlxalq festival və yarışlar bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Mayın 1-də start götürən ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı, bir neçə gün  sonra təşkil olunacaq cüdo və kikboksinq üzrə beynəlxalq turnirlər muxtar respublikanın böyük idman və gənclik potensialına malik olduğunu göstərir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Həyatın mənası ondan ibarətdir ki, dünyaya gələn, böyüyən, ərsəyə çatan hər bir uşaq, həyat fəaliyyətinə başlayan gənc cəmiyyətə, millətə, ölkəsinə, Vətəninə layiqli xidmət etsin, fayda versin”.

Bu gün Naxçıvan Muxtar Respublikasında sağlam təfəkkürdə böyüyən, təhsil alan, peşə öyrənən, əsl vətəndaş kimi yetişən, xalqına və ölkəsinə xidmət edən gənclik formalaşıb. Artıq Naxçıvan gənclərinin xoş sorağını duyuruq. Muxtar respublikada təhsilə cəlb olunmayan gənc yoxdur. Hər il ali məktəblərə qəbulda gənclərimiz yüksək bal toplayaraq nüfuzlu ali təhsil müəssisələrinin tələbələrinə çevrilirlər. Muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idman həyat tərzinə çevrilib. Məhəllə “qoçular”ının yerini bayrağımızı beynəlxalq yarışlarda ucaldan reytinqli idmançılar, dünya və Avropa çempionları, çayxana həvəskarlarının yerini təhsilli və peşə sahibi olan gənclər – alimlər, sahibkarlar, məmurlar, mühəndislər, hərbçilər, yazıçılar, şairlər, sənətkarlar tutub. Bir sözlə, sağlam gənclik formalaşıb, gələcəyimizə etibarlı zəmin yaradılıb.

Bu gün Naxçıvan gəncinin siması boks üzrə Avropa çempionu Tayfur Əliyevdi, beynəlxalq reytinqli şahmatçılar Rauf Murtuzovdu, Sadiq Məmmədovdu, Pərviz Qasımovdu, gənc musiqiçilər Sərxan Əliyevdi, Uğur Ramazanlıdı, Səkinə Quliyevadı, Xaliq Həsənovdu, 14 yaşında 70-dən artıq romanı mütaliə edərək özü kitab yazan gənc müəllif Nicat Əsədlidi, sosial şəbəkələrdə doğma Naxçıvanımızı tərənnüm və təbliğ edən, Naxçıvan şəhərini 2018-ci il üçün Azərbaycanın GƏNCLƏR PAYTAXTI seçən on minlərlə gəncdi. Sadalamaqla bitməyən bu uğurlar heç şübhəsiz ki, etibarlı gələcəyimizin bu gündən eşidilən xoş sədalarıdır.

Gənclərin hər şeydən əvvəl xalqa güvən vermələri vacibdir. Bu gün Naxçıvan gənci də ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi seçən əsl vətəndaş – GÜVƏN YERİMİZDİR…

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: