Azərbaycanın Qarsdakı Baş Konsulu türkiyəli müəllimləri təbrik edib

111

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Qarsdakı baş konsulu  Nuru Quliyev Türkiyədə qeyd edilən “Müəllimlər Günü” münasibətiləTürkiyə Respublikasının Qars şəhərindəki Heydər Əliyev adına Anadolu texniki-peşə liseyində faəliyyət göstərən müəllimlərlə görüş keçirib.

Baş konsul bildirib ki, hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, müəllim haqqında xoş sözlər söyləyib.  O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalıb. Baş konsul Ulu öndərin: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir” -kəlamını da türkiyəli  müəllimlərin diqqətinə çatdırıb.

Azərbaycanın təhsilocaqları haqqında o cümlədən, ötən illərdə Naxçıvan Muxtar Respublikasının şəhər mərkəzlərində və ən ucqar dağ kəndlərində tikilən və ya yenidən qurulan məktəblər və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər barədə baş konsul Nuru Quliyev tərəfindən ətraflı məlumat verilib. Ərazi baxımından yaxın olması ilə əlaqədar müəllim heyətinin muxtar respublikaya səfər edərək, oradakı məktəblərdə yaradılan şəraitlə tanış olmalarının, həmçinin muxtar respublikanın tarix və mədəniyyət abidələrini ziyarət etmələrinin faydalı ola biləcəyini bildirib.

Baş konsul diqqətə çatdırıb ki, Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər.

Sonda adıçəkilən liseydə təhsil alan gənc şagirdlərin iştirakı ilə tort kəsilib, görüş iştirakçıları üçün çay süfrəsi təşkil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: