“İki acgöz ayı balası yağlı, iri bir pendir tapır. Amma heç cür onu bölə bilmirlər. Qorxurlar ki, birinə az, o birinə çox düşər. Bir tülkü onlara yaxınlaşıb deyir:
– Verin, mən bölüm.
Tülkü pendiri bərabər olmayan iki hissəyə bölür. Ayı balaları o saat qışqırırlar:
– Biri o birindən böyükdür!
Tülkü onları sakitləşdirir:
– Dayanın, bu saat tən yarı bölərəm.
O, böyük hissədən bir parça dişləyib yeyir, ancaq bu dəfə həmin hissə o birindən kiçik olur.
O, yenə böyük pendir tikəsini dişləyir. Ayı balaları bu dəfə də narazı qalırlar. Tülkü pendiri hey dişləyir. Tülkü nə qədər “çalışırsa” bir hissə o birindən böyük alınır. Ta o vaxta kimi ki, tülkü qarnını doyurur. İndi artıq pendir parçaları eyni idilər. Amma onlar necə də balaca olmuşdular!
Ayı balaları öz paylarını aldılar və acıqlarından ağlamağa başladılar: ac ayı balaları bu pendirlə necə doysun?
Nə olsun ki?-dedi qaçaraq uzaqlaşan tülkü. Əvəzində tənyarıdır!”
Bu ibrətamiz xalq nağılında əslində dərin bir fəlsəfə də var: Özünün olanı qoruyub ondan lazımınca faydalanmayanda sənə kələk gəlib çörəyini əlindən alırlar. İşğalçı Ermənistan əhalisinin son 30 ildə düşdüyü vəziyyət də buna oxşayır. Hakimiyyət bir klandan başqa bir klana keçir, yeni prezidentlər, baş nazirlər, nazirlər gəlib hərəsi öz “şələsini” tutub gedir, ac-yalavac sadə kütlələr isə pendirin nə zamansa ədalətlə bölünəcəyi eyforiyası ilə ömürlərini çürüdürlər.
Azərbaycan torpaqlarının 20 faizini işğal etməklə 20-ci əsrdəki səhvlərindən daha birini edən ermənilər indi böyük beynəlxalq enerji və iqtisadi layihələrdən də təcrid olunublar.
Regionun əsas güc mərkəzi olan Türkiyə və Azərbaycanla sərhədlər bağlıdı. Rusiya ilə isə ümumiyyətlə, quru sərhədi yoxdu. Gürcüstanla yeganə quru yolu olan Yuxarı Lars sərhəd keçid məntəqəsi isə hər il payız fəslində xəzana düçar olur.
Budur, yenə də ötən həftə dağlıq ərazilərə yağan qar Larsı “vurub”. Sürücü və yük daşıyan şirkətlərin etirazları isə aləmi götürüb. Çünki əsas daşımalar iflic olduğundan ciblər də boş qalır. Payızda yığılan məhsullar nə Gürcüstan, nə də ki, Rusiya bazarlarına çatdırıla bilmir. Qarın-soyuğun əziyyətini aztəminatlı təbəqə artıqlaması ilə çəkir.
İndi Ermənistanda demək olar ki, hamı hökumət əleyhinə etiraz aksiyalarında öz vaxtını “öldürür”. Axşam ac yatırlar, səhər obaşdan durub dövlət binalarının qarşısında, yollarda, küçələrdə iş, çörək, istilik tələb edirlər. 30 il əvvəl quyuya atılan işğalçılıq adlı daşı indi heç kim quyudan çıxara bilmir. Etirazçıların da rəngi müxtəlifdi: Tələbələr, müəllimlər, alimlər, mədən işçiləri, pensiyaçılar, ekoloqlar, sadə kəndlilər, nə bilim, divardan aşandan küçədə gecələyənə qədər…
Bir sözlə, artıq bu ölkədə etirazlar vərdişə çevirilib. Kəndlər isə tamam boşalır. Çünki iş və dolanışıq yoxdu. Kənd təsərrüfatı dizə qədər çamıra quylanıb. Məsələn, Naxçıvanla sərhəd olan Arazdəyən, Areni, Xaçik, Almalı, Yelpin kimi kəndlərdə əsas iş yeri müqaviləli hərbi xidmətdir. Əsgər çatışmadığından postlara qoca-qoca kişiləri çıxarırlar. İndi pullar vaxtı vaxtında verilmədiyindən qocalmış “maxe”lər də etirazlara başlayıblar.
Dünən Naxçıvan televiziyasında izlədim ki, nəhayət, İrəvan zooparkının əməkdaşları da “qeyrətə gəlib” tətil ediblər. Səbəb güzəransızlıq və heyvanların yem çatışmazlığından tələf olmasıdır. Heyvanlar aclıq və xəstəlikdən qırılır. Sonuncu dəfə dəyəri 800 min dram olan maral öz ömrünü Sarkisiyana bağışlayıb. Bir nağılda deyildiyi kimi, deyəsən növbə yavaş-yavaş çəpgöz dovşana çatır.
Qısası, işğalçı ölkədə indi hamı ayağa qalxıb piket və aksiya keçirir. Ac qılınca çapar məsələsi kimi. Bir aksiya keçirməyən heyvanxana işçiləri qalmışdı, onlar da maral və dovşanla gündəmə gəldilər. Bu oyunbazlıqların da adını qoyublar demokratiya, söz və sərbəst toplaşmaq azadlığı. Ac qarına, lüt bədənə demokratiya nətəri olur mən hələ onu başa düşə bilməmişəm. Gəlin hərəmiz min dəfə demokratiya deyək, baxaq görək cibimizə neçə manat girəcək…
Əslində isə bu ölkədə baş verənlər xaosdu, hərcmərclikdi, anarxiyadı, işğalçılıq faktorundan doğan dərin iqtisadi tənəzzüldü. Bir sözlə, hələ də sonu görünməyən dərin bir bataqlıqdı.
…Bəzən düşünürəm ki, yəqin bu ölkədə ağıllı bir adam yoxdu. Ən azı çıxıb desin ki, bizi bu günə qoyan Xocalıda əli günahsız insanların qanına bulaşmış hərbi-xunta rejimi, Azərbaycana qarşı əsassız torpaq iddiaları və işğaldı! Bundan əl çəkin! Qoyun biz də bu gözəl dünyada bir gün belə adam kimi yaşayaq…
Həə, görünür ki, yoxdu.
Onda qoy pendiri yenə də tülkülər bölsünlər…