Ankarada Cənubi Qafqaz ölkələrinə həsr olunan beynəlxalq konfrans keçirilib

126

Ankarada “Cənubi Qafqaz ölkələrinin müstəqilliklərinin 100 illiyi: tarix, bugünkü vəziyyət, sülh və sabitlik üçün göstərilən səylər” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzi (AVİM) və SOCAR tərəfindən təşkil olunan konfransda Azərbaycan, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları və Avropa ölkələrindən nüfuzlu tədqiqat mərkəzlərinin nümayəndələri, tanınmış diplomatlar və politoloqlar, elm adamları, tarixçilər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Konfransın açılışında Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıçın çıxışları dinlənilib.

Konfransın Azərbaycanın Dövlət Bayrağı Gününə təsadüf etməsinin əlamətdar olduğunu bildirən səfir Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, sahib olduğu dəyərlər və mövcud olduğu qısa vaxtda gördüyü işlərdən danışıb. Müstəqil ölkəmizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bu gün dünya arenasında nüfuzlu dövlətə çevrildiyini qeyd edən diplomat bildirib ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməli, beynəlxalq hüququn normalarına riayət etməlidir.

Konfransın məqsədlərindən danışan AVİM-in rəhbəri Alev Kılıç bildirib ki, Ermənistanın təcavüzkar siyasəti bu ölkənin regiondakı bütün müsbət proseslərdən kənarda qalması ilə nəticələnib. İşğalçı dövlətin rəhbərliyi mövcud reallığı dərk edərək öz siyasətində dəyişiklik etməlidir.

Daha sonra konfrans panel iclaslarla davam edib.

Çıxışlarda Cənubi Qafqazda XX əsrin əvvəllərindən bu günə qədər olan dövrü əhatə edən proseslər ətraflı təhlil edilib. Bölgənin gələcəyi və mövcud münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli yolları, Cənubi Qafqazda ümumi vəziyyət, sülh və sabitliyin təmin edilməsi üçün göstərilən səylər haqqında ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycanın bölgənin ən güclü dövləti olduğunu vurğulayan analitiklər regionda sülhün və sabitliyin qorunmasının vacibliyini qeyd edib, bu prosesin Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılı olduğunu diqqətə çatdırıblar. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın yeritdiyi siyasət və həyata keçirdiyi layihələr sülhə, bütövlükdə bölgənin inkişafına və rifahına xidmət edir. Azərbaycan və Türkiyə arasındakı sıx əməkdaşlıq region üçün həlledici inkişaf amilinə çevrilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: