Naxçıvanda vəkillər üçün seminar keçirilib

80

Aprelin 26-da Naxçıvan şəhərində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Vəkillər kollegiyalarının, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Vəkillik etikası: müasir çağırışlar” mövzusunda seminar keçirilib.

NUHÇIXAN xəbər verir ki, seminarda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yaradılmış şəraitdən danışmış, demokratik dövlət quruculuğu istiqamətində görülən işləri diqqətə çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının təminatı sahəsində bir sıra işlər görülmüşdür. Ombudsman institutunun yaradılması, insan hüquqlarının təminatı ilə bağlı Konstitusiya nəzarəti institutunun formalaşdırılması, məhkumların və saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi və Müvəqqəti Saxlama Təcridxanasının tikilməsi, ahılların, əlillərin, fıziki imkanları məhdud uşaqların hüquqlarının qorunması və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada insan amilinə verilən diqqətin bariz nümunəsidir. Muxtar respublikada kompleks inkişafa nail olunması,  məşğulluğun təmin edilməsi, səhiyyə və təhsil müəssisələri üçün binaların tikilməsi, kənd mərkəzlərinin istifadəyə verilməsi, yeni yolların çəkilməsi və bütün sahələrdə müasir infrastrukturun yaradılması insanların layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində görülən işlərin davamlı olduğunu göstərir.

Cəlil Rüstəmov diqqətə çatdırmışdır ki, muxtar respublikada Vəkillər Kollegiyasının yaranmasının mühüm əhəmiyyəti vardır. Naxçıvan Muxtar Respublikasında Vəkillər Kollegiyasının yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Lakin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının keçmiş sədri Azər Tağıyev və bəzi dövlət orqanlarının rəhbərləri anlaşılmaz qısqanclıq hissi ilə Naxçıvanda bu qurumun yaranmasına mane olmuşlar. Onların bu cür əsassız mövqeyi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası arasında əlaqələrin zəif qurulmasına səbəb olmuşdur. Bütün bunlara

Baxmayaraq, 2008-ci ildə Naxçıvan Muxtar Respublikasında Vəkillər Kollegiyası yaradıldı və bu qurum ötən müddətdə mühüm inkişaf yolu keçdi. Muxtar respublika rəhbərinin qayğısı ilə kollegiya üçün inzibati bina tikilərək 2011-ci ildə vəkillərin istifadəsinə verilmiş, kollegiyanın aparatının saxlanılması üçün dövlət tərəfındən müvafıq köməklik göstərilmişdir. Ötən müddətdə vəkilliyə qəbul üçün zəruri təşkilati işlər görülmüş, 3 dəfə qəbul imtahanı keçirilmişdir. Nəticədə muxtar respublikada insanlara peşəkar hüquqi yardım göstərən vəkillərin sayı 21-ə çatmışdır.

Bildirilmişdir ki, vəkil etikasına həsr olunmuş bugünkü seminar müasir dövr üçün aktualdır. Çünki vəkilin nüfuzu xeyli dərəcədə vəkil etikasına əməl olunmasından asılıdır. Müasir dövrün çağırışları da peşə etikasına əməl olunmasının peşəkarlığa aparan əsas tələb olduğunu təsdiq edir. Peşə etikası isə həmin peşəni digərlərindən fərqləndirən, ona etibar və nüfuz qazandıran davranışlardır. Cəlil Rüstəmov seminarın əhəmiyyətini bir daha vurğulayaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin muxtar respublikada vəkillik institutunun inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkillik etikasının aktual problemləri – vəkilin nüfuzu, onun şəxsi və işgüzar keyfiyyətləri” mövzusunda çıxış edərək demişdir ki, ölkəmizdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, insan və vətəndaşların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı mütərəqqi islahatlar aparılır, xüsusilə vəkillərin sayının artırılması, onlara olan etimadın gücləndirilməsi, habelə son nəticədə vəkilliyin nüfuzunun artırılması üçün işlər görülür. “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ölkəmizdə vəkillik fəaliyyətinin bir daha dövlətimiz tərəfindən diqqət mərkəzində olduğunu göstərir. Vəkillərin davranış qaydaları ilə bağlı belə tədbirlərin keçirilməsi isə vəkillərin davranışı ilə bağlı deontoloji qaydaların mütərəqqi beynəlxalq standartlara yaxınlaşması məqsədinə xidmət etməklə yanaşı, həm də vəkil peşəsinin nüfuzunun artmasına da öz töhfəsini verir.

 Sonra seminarda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynovun “Sosial şəbəkələr – vəkil etikasının hədləri”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundovun “Vəkillərin müvəkillər ilə münasibətlərinin bəzi aspektləri”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin intizam komissiyasının sədri Şahmar Məmmədovun “Vəkillərin məhkəmə və digər orqanlar ilə münasibətləri”, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin “Vəkillərin öz həmkarları ilə münasibətləri və vəkil sirri” mövzularında çıxışları dinlənilmişdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: