Yaxşı yol , 2018-ci il

724
Azərbaycan dilində adətən “yola salma” ifadəsi insanlar üçün işlənir. Hansısa əziz adamın, doğman səni tərk edəndə onunla sağollaşmağa “yola salmaq” deyilir. Amma illər də sona çatanda onları yola salırıq. Çünki il də insan kimi canlı və bizim ömrümüzdə xüsusi əhəmiyyəti olan bir varlığa çevrilir.
2018-ci ili də artıq yola salırıq. Doğma Azərbaycanımız, onun bir hissəsi olan Naxçıvanımız üçün bu il həqiqətən də mühüm hadisələrlə yadda qalan oldu. Hər şeydən əvvəl bu il Naxçıvan üçün “Paytaxtlar ili” kimi tarixə düşdü.  Hələ 2009-cu ildə qəbul edilən qərarla İslam Mədəniyyətinin Paytaxtı elan edilən Naxçıvan sanki bütün İslam dünyasının “qibləsinə” çevrildi. Bütün diqqət və nəzərlər muxtar respublikanın paytaxtına yönəldi. Maraqlıdır ki, dünyanın hər tərəfindən gələn , İslam dəyərlərinə qiymət verən insanlar  özlərini burada öz evlərindəki , isti ocağındakı kimi doğmalıqda hiss etdilər. Bu bir tərəfdən insanlığın ikinci atası sayılan Nuh peyğəmbərin ayaq basdığı torpaq, Əshabi-Kəhf müqəddəsliyi, İslam peyğəmbərinin nəslindən olan imamzadələrin uyuduğu yerin mistikası idisə, digər tərəfdən Azərbaycan xalqının insana və insanlığa olan sevgisi, tolerantlığının təzahürü idi.
Dünya bu il- 2018-ci ildə müasir və qədim  Naxçıvanı bir daha kəşf etdi. Bunu Naxçıvanda keçirilən tədbirlər ərəfəsində muxtar respublika ilə bağlı Orta Asiyada, Yaxın Şərqdə, bir sözlə İslam dünyasının coğrafiyasındakı KİV-lərdə müxtəlif dillərdə təqdim edilən  maraqlı məqalələr, fotolar sübut etdi. Kimi Naxçıvanı “Dünyanın cənnəti”, kimi də “İslami dəyərlərin olduğu kimi qorunduğu yer” kimi qiymətləndirdi. Əslində hamısı da haqlı idi.
Naxçıvan həm də bu il ölkənin Gənclər Paytaxtı elan edildi. Bu artıq  muxtar respublikada aparılan düzgün gənclər siyasətinin təntənəsi idi. Çünki bu statusu gənclər sosial şəbəkələrdə səsvermə yolu ilə qazandılar. Bu isə yeni maraqların və diqqətin Naxçıvana istiqamətlənməsi deməkdi. Uğurlara görə təkcə ölkənin deyil, Avropanın da nəzərləri muxtar respublikaya yönəldi. Naxçıvanda Avropa İttifaqının təşəbbüsü ilə keçirilən möhtəşəm “Avropa Günləri”ndə Qoca qitənin tanınmış ölkələrinin səfirləri buradakı inkişaf, tərəqqi, görülən işlər qarşısında heyrət və təəccüblərini gizlədə bilmədilər. Naxçıvanı “Sevgi, günəş ,sülh və təmizliyin şəhəri” elan edənlər də, “Naxçıvan təkcə söz demir, həm də iş görür”- deyənlər də, hətta Naxçıvanı enerji təhlükəsizliyi istiqamətində görülən işlərdə Avropaya nümunə çəkən diplomatlar da oldu. Bu isə muxtar respublika rəhbərinin hələ uzun illər bundan əvvəl Naxçıvanın sürətli inkişaf və tərəqqisi, formalaşan yeni, müasir cəmiyyətlə  bağlı bildirdiyi fikirlərin təsdiqi idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədri demişdi:, “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda, istənilən möcüzəni yaratmaq olar”. Bunlar isə ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamı və uğurlu  nəticəsidir.
Bu il Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu, bir sıra əhəmiyyətli beynəlxalq idman yarışları da Naxçıvanda keçirildi. Türk coğrafiyasının gəncləri muxtar respublikada qədim türk sənətkarlığı, memarlığı və ənənəsinin şahidi oldular. Bütün bunlara əsl Şərq qonaqpərvərliyi, türk adətinə uyğun ev sahibliyi etməsi Naxçıvanın formalaşmış tarixi bir mərkəz kimi əhəmiyyətini bir daha artırdı.
2018-ci il muxtar respublikanın iqtisadi, sosial sahədə bir çox uğurları ilə yadda qaldı. Yaradılan infrastruktur, inşa edilən yaşayış  və inzibati binaları, salınan yollar, tikilən məktəblər, təmir edilən körpülər, yenidən həyata qaytarılan qədim abidələr, müasirləşən kəndlər, susuz çöllərə can verən meliorasiya sistemləri, güclənən ordu quruculuğu, yaradılan turizm infrastrukturu  daha nələr… nələr..  Bunları isə sadalamaq yəqin ki, saatlarla vaxt alar.
Bir sözləjurnalist olaraq hadisələri izləyən biri kimi deyə bilərik ki, 2018-ci il sözün əsl mənasında yaşadığımız və tarixə yazdığımız dəyərli bir il oldu. Bu unudulmayacaq ilin sadəcə  bir neçə mühüm hadisəni sadalayaq:
2018-ci ildə    Azərbaycan Respublikasının Prezidenti Muxtar respublikaya iki dəfə səfər etdi,
2018-ci ildə   Günnüt kəndi və ətrafdakı 11 min hektar ərazilər 26 ildən sonra  düşmən işğalından azad edildi,
2018-ci ildə  İslam dünyası Naxçıvanda toplaşdı,
2018-ci ildə   Avropa “özünü Naxçıvanda kəşf et”di,
2018-ci  ildə  Türk gəncliyinin liderləri  Naxçıvanda birləşdi,
2018-ci ildə   Babək rayonun 40 illiyi qeyd edildi,
2018-ci ildə Naxçıvan növbəti dəfə ölkə üzrə investisiya reytinqinin lideri seçildi…
Bu uğurların davamını  isə 2019-cu ildən də gözləyirik !
                                                              Səməd Canbaxşiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: