İllərin yol ayrıcında

Düşüncələr

114

İnsanın arzularından fərqli olaraq hökmü verən zamandı… Dünyaya gələndən, hələ öz ayaqlarımız yer tutmazdan qabaq zamanın  ayaq səslərini eşidirik.  Qızıl balıq kimi əlimizdən sürüşüb gedən günlərimiz fəsil-fəsil  illərə yetirir bizi. Beş günlük sevinci əbədi  bilib bərk-bərk  onun əlindən yapışıb  saxlamaq istəyirik. Ancaq saxlamaq istədiyimiz zaman    inadkardır,  günləri arxasınca çəkərək dayanmadan yol gedir. Bu günlərin yedəyində  biz də  görürük ki, getməyir  xoş günlə yola ayrılıq. Bir dadlı yalan kimi ömrümüzdən ötən günlər  bir ilğıma çevrilib gözdən itir, əlçatmaz olur,   o dadlı, o şirin  günlər.  Sən demə uzun, həm də  yalan bir yuxu imiş ömrümüz.

Qönçə olub, çiçəklər gül ömrümüz, bölünübdü fəsil- fəsil ömrümüz, hər ömrün də bir yazı var, bir qışı, uzun çəksə çəkər yüz il ömrümüz.

İllər ömürlərin sahilləridir, deyirlər.  Bu sahilə  hər  yan aldıqca,  zaman  öz lövbərini  burda saldıqca  elə bilmişik ki,  əbədidir, bizimkidir bu dünya. Ancaq  quş qanadlı illər əlimizdən uçar, qaçar biz duymadan, hiss etmədən. Sanki dayanırıq  bircə nöqtədə. Elə bilirik kı,  bu sahil də, uçan, qaçan o zaman da,  saatın çıqqıltısı, zamanın ayaq səsləri bizi bizdən ala bilmir. Ancaq illər bir-bir zamana döndükcə, bizdən uzaqlaşdıqca  görürük ki,  nə zamana, nə illərə  çatammırıq. İllərə, günlərə sanki dinclik yoxmuş, gedərgiymiş. Ömür adlı bu get-gəldə  fəsillərin ayrılıq nəğməsi illərin yol ayrıcında oxunduqca sanki dərk edirik ki,  yaz dumanda qalar, yay ötər gendən, bir  bahara dönüb  qaldığım günlər, bizə  xatirədir, şirin bir nağıldır ötən günlərdən.

Ayları, illəri adlayıb bir –bir, bütün fəsillərin içindən keçib hər il  təzə ilə xoş gəldin deyib,  təzə arzu, təzə əməl, təzə iş  həvəsilə  biz yenə görüşdük fəsillərlə, aylarla, günlərlə

        Sevinmişik bilməmişik,

        Yol üstəymiş sevincimiz,

        Yol üstəymiş kədərimiz,

        Bu yol ayrılığın hədəsi imiş,

        Ömrümüz, günümüz geri baxmadan,

        Üz tutub bu yolla gedəsi imiş…

Ömür bir karvandır ki, baş alıb gedir. Hər zınqırov  səsi insanın dırnağından tutmuş saçına qədər qocalıq fəryadının harayından  sanki bir xəbər  gətirir ömrümüzə. İlləri şirin arzularla qarşılayıb təəssüflə yola salsaq da, arzularımız  hər zaman sabahı gözləyir. Bu həvəs insan övladını əsrlərdir ki, sabaha yetirir. Biz də 2018-in tarixlə görüşünə, zamana çevrilməsinə şahidlık edib, sabahımıza- 2019-a can atırıq ki,  təzə arzularla, təzə sevgilərlə ömrümüzə yeni- yeni naxışlar vurulsun, günlər calansın.  Arzu edirik ki, 2019 bizlər üçün xoş müjdələr, bəxtəvər günlər  gətirsin. Gəlişi uğurlu, ömrü sevincli olsun. Xalqımızı birlik, həmrəylik və yeni il münasibətilə təbrik edir, hər bir insana  könül xoşluğu arzulayırıq.

                                      Şəhla Nəbiyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: