Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anım mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Şahin Abdullayev Heydər Əliyevin həyat və fəaliyyəti, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələr haqqında danışıb. Diplomat düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının Ümummilli Liderimizin əzmkar fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin formalaşması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsi və regionun iqtisadi-siyasi həyatında mühüm rol oynamasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirən səfir bugünkü Azərbaycanın inkişaf strategiyasının əsasında da Heydər Əliyev ideyalarının dayandığını vurğulayıb.
Şahin Abdullayev ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib, həmin ildən indiyədək ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verib. Vurğulayıb ki, Ümummilli Liderin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, mühüm iqtisadi nailiyyətlərə imza atıb, ölkəmizin beynəlxalq nüfuzu artıb və xalqın rifahı daha da yüksəlib. Bütün bu amillər sayəsində dövlətimiz dünyada öz sözünü deyir və bu da müstəqilliyin güclü təməl üzərində qurulduğuna dəlalət edir.
Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib.