Uduzmağı da bacarmaq lazımdır

542

Oxucularımızdan, ifadənin sərtliyinə görə üzr istəyirəm. Azərbaycanlıların gözəl bir atalar sözü var: İtdən soruşurlar, niyə hürürsən? Deyir–qorxuduram. Deyirlər, bəs quyruğun niyə əsir? Deyir-çünki özüm qorxuram. Bu ibrətamiz misal erməni ekspert, jurnalist və dövlət adamlarının son günlər Əlahiddə Ümumqoşun Ordunun Günnüt kəndi və ətrafındakı 11 min hektarlıq ərazini Ermənistanın nəzarətindən geri alaraq, hətta ən yüksək postlarda mövqe tutmasından sonra sərsəm sayıqlamalarını oxuyanda yadıma düşdü. Artıq bir faktı qəbul etmək lazımdır ki,  Azərbaycan Qafqazda ən güclü dövlətdir  və Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu cür iqtisadi və hərbi gücü olan bir dövlətin ərazilərinin işğal altında qalması birmənali şəkildə qəbuledilməzdir!

1990-cı illərin məlum hadisələrindən sonra  Sovet rəhbərliyinin apardığı ikili siyasət nəticəsində Dağlıq Qarabağ və ətrafındakı ərazilərimiz işğal olundu. O zaman dünyanın siyasi imperialist gücləri Azərbaycanı sanki dilemma qarşısında qoydular. Ya Dağlıq Qarabağ, ya müstəqillik! Təbii ki, hər iksini  seçən Azərbaycan xalqı həm müstəqilliyini, həm də torpaqlarını qorumaq məcburiyyətində qalmışdı. Rusiyanın bir sıra silahlı birləşmələrinin gücü ilə Dağlıq Qarabağ və ətrafı ermənilər tərəfindən işğal edildi. O zaman qəsdən zəif salınan  və güclü təzyiqlərə məruz qalan  Azərbaycan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Ermənistanla atəşkəsə nail oldu. Bu əslində həm daxili çəkişmələr, həm xarici təsirlər, həm də Ermənistanla müharibə şəraitində olan  Azərbaycanın gələcək taleyinin  həll edilməsi üçün qazanılan tarixi şans idi. Uzaqgörən siyasət öz bəhrəsini verdi. Bu gün Azərbaycan öz yeraltı və yerüstü sərvətlərindən istifadə edərək sürətlə inkişaf edən dövlətə çevrilib. Yuxarıda qeyd etdiyimiz kimi artıq onun torpaqlarının işğaldan azad edilməsi həm qəbuledilən reallıq, həm də tarixi ədalətdir. Bu ədaləti zamanla ordumuz hissə-hissə bərpa edir. Horadiz, Lələtəpə, Günnüt əməliyyatı həmin tarixi ədalətin, iqtisadi gücün və qüdrətli ordunun nümunəsidir. Müharibə və savaş insanlıq  baxımından heç də yaxşı iş deyil. Təcavüz, göz yaşı, dəhşət, faciə,   insan həyatı və məğlubiyyət bu məfhumun ayrılmaz komponentidir. Müharibəni udmaq qürurdur, uduzmağı isə sadəcə bacarmaq lazımdır.

Erməni saytlarının Günnüt əməliyyatından sonrakı canfəşanlığı isə deyəsən onların kürkünə əməllicə birə salıb.  Məlumdur ki, Azərbaycanın məqsədli və ustalıqla apardığı siyasət nəticəsində Ermənistan bir sıra əhəmiyyətli regional layihələrdən kənarda qalıb və hazırda  müflisləşən bir ölkəyə çevrilməkdədir. Ermənistan  hər cəhdlə küçədəkilərin dəstəyi ilə hakimiyyətə gətirilən baş nazirinin səriştəsizliyini, Azərbaycanın gücü qarşısında öz zəifliyini  ört basdır eləmək üçün daxili auditoriyanın diqqətini müxtəlif istiqamətlərə yayındırır. Bu hədəflərdən biri də Naxçıvandır. Naxçıvandakı Ümumqoşun Əlahiddə Ordunun ötən ilin oktyabrında keçirilən paradının xofu 9 aydır ki onların canından çıxmır. Bu ordunun may ayındakı uğurları və son əks-həmlələri ermənilərin diqqətini Naxçıvana çevirib. İndi onlar üçün bir kabus var- Naxçıvan Ümumqoşun Əlahiddə Ordusu!  Belə olmasaydı bütün Ermənistan və ermənipərəst saytlar Günnüt əməliyyatından, Naxçıvanda yerləşən ordudan bu qədər sayıqlamalar yazmazdılar. Maraqlı burasıdır ki, ermənilərin bir sıra saytları, o cümlədən, bloq.168.am, sputnik.am saytları Naxçıvanda gedən uğurlu iqtisadiyyatın və ordunun arxasında Türkiyənin adını hallandırır. Bu heç də əbəs yerə deyil. Çünki onlar yaxşı bilir ki, Azərbaycan yetərincə iqtisadi gücə malikdir və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan da sürətli inkişafı ilə dünya miqyasında öz sözünü deyib. Erməniləri bu fikrə salan təbii ki, Naxçıvanda yerləşən ordunun bazasına daxil edilən və hər bir erməninin yuxusunu ərşə çəkən Türkiyə istehsalı olan silahlar, raketlərdir. Digər tərəfdən isə canfəşanlıq yerli xalqı, daxili auditoryanı guya Naxçıvanın ordusunun “zəif” olması ilə sakitləşdirməkdir. Yəni, guya  burda Azərbaycan Ordusu yox, Türkiyə var.  Azərbaycan tərəfindən hərtərəfli şəkildə  indi dalana dirənən Ermənistan siyasi aləmdə  fiaskoya uğradığını və bunun nəticəsində “tərəfdaşlarının” onu Azərbaycan kimi bir GÜCLƏ  üz-üzə, yalnız qoyduğunu  birmənalı şəkildə dərk edir. Çünki belə olmasaydı erməni siyasətçilər öz yazılarında Rusiyaya və qonşu İrana mesajlar göndərməz,  acizanə  yalvararaq  Naxçıvanda gedən prosseslərə müdaxilə etməyə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT)  az qala Günnütə qoşun çıxarmağa səsləməzdi.

Düşmən özü etiraf edir ki, Naxçıvan həqiqətən də güclü bir orduya, strateji gücə malikdir. Ermənistanın   bloq.168.am saytının yazdığı kimi,  “Naxçıvandan Bakıya 400, Ararata qədər isə 30 km-dir. Ermənistanı düşmən kimi qəbul edən və dişlərinə qədər silahlanan rəqib üçün burdan İrəvana lap “əl uzatsan çatar”.

Bir sözlə, Naxçıvanın Günnüt kəndi və onun 11 min hektarlıq ərazisinin düşmən nəzarətindən azad edilməsi artıq Ermənistanın süqutu kimi dəyərləndirilir. Hər halda Ermənistan saytlarının yazılarından belə çıxır.

P.S. Yazını hazırlayanda daha bir erməni xisləti ilə bağlı xəbər yayıldı. Ermənilər Günnüt kəndi istiqamətində yanğınlar törədiblər. Məqsəd  təbii ki, bu yanğınların ordumuzun müdafiə istehkamlarına qədər yayılması və bununla da guya bizə zərər vurmaq olub. Düşmən nə qədər məkrli olsa da, haradasa “Tanrı ədaləti” deyilən bir məfhum da var. Günnüt istiqamətində bizim otlaqları yandırmaq istəyən ermənilərin bu təxribatının qarşısı milli ordumuzun əsgərləri tərəfindən vaxtında alınıb. Əks istiqamətdə əsən külək yanğını  Ermənistan ərazisinə yayıb və burda kasıb ermənilərin əkdiyi taxıl zəmilərinə od düşüb. Amma yenə də Azərbaycan əsgəri ermənilərdən fərqli olaraq atəş məsafəsində olan sahələrdə əkinçi erməniləri odu söndürməsinə mane olmayıb. Çünki bizim ermənilərlə apardığımız müharibə kiminsə taxılına, çörəyinə, milli dəyərinə əl uzatmaq sahib çıxmaq üçün deyil, öz ata-baba torpaqlarımızı işğaldan azad etməkdir. Əks halda ifadə sərt alınsa da, bizim ermənilərdən heç bir fərqimiz qalmazdı!

Səməd Canbaxşiyev

NUHÇIXAN

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: