Türkiyə Cümhuriyyətinin zəfər tarixi

205

Hər il avqust ayının 30-u Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd olunur.

Zəngin dövlətçilik ənənələrinə malik olan Türkiyə Cümhuriyyəti ötən əsrin əvvəllərində gərgin siyasi və hərbi münaqişələrin mərkəzinə çevrilmişdi. Osmanlı imperiyasının süqutu türk xalqını öz dövlətçiliyini qoruyub saxlamaq və vətəni işğaldan azad etmək uğrunda mübarizəyə sövq etdi. 1920-ci il aprelin 23-də Anadoluda Türkiyə Böyük Millət Məclisi təsis edildi və xalqı təmsil edən hökumət quruldu. Bütün cəbhələrdə uğurlu hərbi əməliyyatlara başlandı, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil oldu.

Türkiyənin müstəqillik uğrunda apardığı mübarizədə Azərbaycan xalqı da iştirak etmiş, qardaş Türkiyə xalqına dəstək olmuş, onunla birgə döyüşlərdə iştirak edərək şəhidlər vermişdir.

Böyük tarixi kökə malik olan Azərbaycan-Türkiyə əlaqələrinin əsasında möhkəm dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri dayanır. Hər iki dövlətin qurucularının – ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır.

Ölkələrimiz arasındakı dostluq və inam xalqlarımızın rifahına, ölkələrimizin gələcək inkişafına xidmət edir. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada nüfuzunu getdikcə artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Böyük öndər Mustafa Kamal Atatürkün sözləri yadıma düşür: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məşhur ifadəsi yada düşür: “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”. Bu, həqiqətən, bizim gələcəyimizi müəyyən edəcək amillərdir”.

Ölkələrimiz və xalqlarımız arasındakı möhkəm tərəfdaşlığa Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı uğurlu əməkdaşlıq da öz töhfəsini verməkdədir. Bu əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Ulu öndərin Ali Məclisin Sədri kimi 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır.

Hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilir. Xüsusilə, iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına görə Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlər tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı verilməsi isə ikitərəfli münasibətlərin uğurlu inkişafının nəticəsidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsindəki əməkdaşlıq da ilbəil genişləndirilir.

Ötən il dekabrın 20-də Türkiyə Respublikasının o zamankı Baş naziri Binəli Yıldırım Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Baş naziri ilə görüşmüş, qarşılıqlı maraq doğuran məsələlər və əlaqələrin perspektivi barədə müzakirələr aparılmışdır.

Azərbaycan-Türkiyə birliyi xalqlarımızın ən böyük tarixi nailiyyətidir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz getdikcə daha da inkişaf edəcək, strateji tərəfdaşlığımız möhkəmlənəcək, ölkələrimiz daha böyük zəfərlər qazanacaqlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn dostluq və qardaşlıq münasibətlərimiz hər iki ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq inkişaf edir və bu əlaqələr dünyaya nümunədir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: