Televiziya proqramlarının uşaqlar üzərindəki təsiri

652

Uşaqlar gələcəyimizdir və bu gələcəyimiz olan uşaqların düzgün və ya yanlış yetişdirilməsində biz valideyinlərin çox əhəmiyyətli dərəcədə təsirimiz var. Əvvəlcə valideyn bu məsuliyyəti öz çiyinlərində hiss etməlidir. Bunun üçün də uşaqlarımızın düzgün şəkildə formalaşması, cəmiyyətə yararlı bir şəxs kimi yetişməsi üçün onlar üzərindən diqqətimizi, sevgimizi, qayğımızı hər zaman əksik etməyib, doğru yönləndirməliyik.

XX əsrin ən böyük icadlarından olan televiziya  və burda təqdim olunan proqramlar  istər böyüklərə, istər  uşaqlara bir çox tərəfdən təsir etmə gücünə sahibdir. Televiziyada  gedən bütün proqramları uşaqlar üçün zərərli olaraq dəyərləndirmək yalnış olardı. Amma televiziyada  izlənən proqramların növləri, mövzuları və izlənmə müddəti uşağa mənfi və ya müsbət yöndə  təsir edir. Bu daha çox əcnəbi ölkələrin televiziyalarına və bəzi özəl olan yerli televiziyalara aiddir.

Həddindən çox televizora baxan  uşaqlar ailə fərdləri ilə ünsiyyət qurmaqda çətinlik çəkməyə başlayırlar. Bundan əlavə uşağın yuxu və yemək saatları, dərs çalışma saatları ilə yayımlanan proqram saatlarının toqquşması ailədə uşaqlarla valideynlər arasında münaqişəyə səbəb ola bilər.

Aparılan müşahidələr göstərir ki, balaca uşaqlar  televiziyalarda  reklam izləməyi çox sevirlər. Reklamlarda isə əsasən satın almaya yönləndirmək məqsədilə, xoşbəxt həyatlar vəd edilir və bu həyata qovuşmağın tək yolunun bu məhsula sahib olmaqdan keçdiyi  mesajı verilir. Bu kimi reklamlar böyükləri  belə təsir altına ala bilərkən, uşaqlar üzərində  daha da böyük təsirə malikdir. Eyni zamanda yayım vaxtı  tez-tez verilişi kəsib reklam çarxları nümayiş etdirilər. Bu da uşaqların diqqətinin uzunmüddətliliyini pozur və diqqətinin mərkəzləşməsinə mənfi təsir göstərir. Uşaqlarin çox sevərək izlədiyi əsas proqramlardan biridə cizgi filmləridir. Bu da faktdır ki, yaxşı tərbiyəvi əhəmiyyətli cizgi filmləri ilə yanaşı zorakılığın  çox qabarıq şəkildə verildiyi cizgi filmləri də televiziya kanallarında yer alır.  Zorakılıqla haqqını tələb etmək və ya zorakılıqla qazanan ya da  uduzan tərəflərin ola biləcəyini görən uşaqlar, yanlış olaraq  zorakılığın bir haqq və özünüifadəetmə vasitəsi olaraq görür.

Aparılan araşdırmalara görə televiziyalarda yer alan zorakılığın uşaqlar üzərindəki təsiri bunlardır.

-Uşaqlar ətraflarında baş verən zorakılıqlara qarşı laqeyd yanaşırlar.

-Uşaqlar bir-birinə qarşı zorakılıq tətbiq etməkdən çəkinmir və aqressiv davranışlar sərgiləyirlər.

-Zorakılıq uşaqlar arasında problem həll  etmə vasitəsi olaraq görülür.

-Uşaqlar televiziyalarda gördükləri zorakılıqları təqlid etməyə meylli olurlar.

-Uşaqlar zamanının çoxunu televizor  qarşısında keçirdikləri üçün öz-özünə öyrənmə qabiliyyətlərini aşağı salır, yaşıdları ilə əlaqə və ünsiyyət qurmaqda çətinlik çəkirlər.

-Aqressiv uşaqlar zorakılıq əlamətləri olan proqramları izləməyə daha çox meyl edirlər.

Təbii ki, uşaqlara nəzarət olunarsa bu çatışmazlıqların qarşısı da vaxtında alına bilər. Ona görə də valieynlər bir sıra  halları mütləq nəzərə almalıdırlar.

VALİDEYİNLƏRƏ MƏSLƏHƏT.

-Uşaqlarımıza hər zaman  diqqət, sevgi və qayğı göstərməliyik.

-Uşaqlara yaxşı televiziya  izləyicisi olma məsələsində nümunə olmalıyıq.

-Uşaqların dərs, yuxu, yemək saatlarını nəzərə alaraq televizora baxma saatını gündə 1-2 saat olaraq məhdudlaşdırmaq lazımdır.

-Televiziyanın izlənməsindən uşaqlara bir mükafat kimi sui-istifadə etməyək.

-Uşaqlarının otaqlarına televizor  qoymaqdan çəkinin, çünki bu zaman onların bu qurğunu  izləmə saatlarını və izlədiyi proqramların mövzusuna nəzarət  etməkdə çətinlik çəkə bilərsiniz.

-Uşaqlarınızın izlədiyi proqramları birlikdə izləyin. Beləliklə uşağınızın izlədiyi proqramın mövzusu və uşağınız üzərindəki təsiri haqqında daha aydın müşahidə apara bilərsiniz.

-Uşağınızın qavrama səviyyəsinə uyğun proqramlar seçin.

-Sonra izlədiyi proqramı kəlmələrlə ifadə etməsinə şərait yaradın.Bu vasitə sizə, həm onda söz ehtiyatını zənginləşdirmə, həm də proqramın necə qavradığını anlama imkanı verir.

-Uşaqlarınız üçün zərərli olduğunu düşündüyünüz proqramı tamamilə qadağan etmək yerinə onun izləmə müddətinə məhdudiyyət qoyun. Uşaqlarınıza yararlı olduğunu düşündüyünüz proqramları izləməyə yönəldin.

-Uşaqlara TV izləmə yerinə qoya biləcəyi başqa sahələrə, idmana, incəsənətə, kitab oxumağa, əmək tələb edən hobbilərə, dostları ilə oyunlar oynamağa yönəldin.

Uşaqlar bizim gələcəyimizdir. Bu gün onların düzgün tərbiyə olunması da gələcəyin sağlam təməllər  üzərində qurulması deməkdir.

Günay Hüseynquliyeva

Uşaq pedaqoqu

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: