Taha Akgül: “Dünya çempionatında Türkiyə və Azərbaycan bayraqlarını birgə dalğalandıracağıq”

187

“Bakıya “Bir millət – iki dövlət” deyərək, gəlmişik. Azərbaycanlı qardaşlarımızla çalışırıq. Həm Türkiyə, həm də Azərbaycan bayrağını Macarıstanın paytaxtı Budapeştdə dalğalandıracağımıza inanırıq”.

NUHÇIXAN-ın məlumatına görə, bunu Türkiyənin sərbəst güləş üzrə olimpiya, 2 qat dünya və 6 qat Avropa çempionu Taha Akgül Olimpiya Güləş Mərkəzində Azərbaycan yığması ilə birgə keçirdikləri təlim-məşq toplanışını dəyərləndirərkən deyib. 125 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı “Bakı-2015” I Avropa Oyunlarında qalib olduğu vaxt iki ölkənin bayrağını birgə qaldırdığını xatırladıb: “Bizim hər şeyimiz birgədir. Qardaşlarımız Hacı Əliyev, Cəbrayıl Həsənov və digər azərbaycanlı pəhləvanlar, o cümlədən baş məşqçi Firdovsi Umudov bizə çox yaxşı münasibət göstərirlər. Öz ölkəmizdəyik, əcnəbi deyilik, dilimiz-dinimiz, hər şeyimiz eynidir. Bu səbəbdən, bura elə bizim öz evimizdir. Daha əvvəl Azərbaycan yığmasını Türkiyədə qəbul etmiş, birgə toplanışda olmuşduq. Yenə də gözləyirik. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına birgə hazırlaşacağıq. Qarşıdakı olimpiadada da ölkələrimizi, dinimizi və türk dünyasını eyni formada təmsil edəcəyik”.

Akgül Azərbaycan yığmasındakı rəqibi Cəmaləddin Məhəmmədov barədə də danışıb: “Cəmaləddin çox texnikalı güləşçidir. Bir-birimizlə dəfələrlə üz-üzə gəlmiş, fəxri kürsüdə dəfələrlə birgə dayanmışıq. Qarşıdakı dünya çempionatında da ən ciddi rəqiblərimdən biri Məhəmmədov olacaq. Kim daha çox haqq edir və çalışırsa, qələbə də ona nəsib olur. Qoy, bu dəfə də kim güclüdürsə, o, qələbə qazansın”.

Qeyd edək ki, Budapeştdəki dünya çempionatı 22 – 28 oktyabrda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: