Naxçıvan televiziyası ötən günlərdə Kəngərli rayonunun bir neçə kəndində qaz xətlərinin dayaqdan düşməsi, yol kənarlarının alaq otlarından təmizlənməməsi, su arxlarına tullantıların tökülməsi, avtomobil hissələri və digər metal parçaların ərazilərə tökülməsi və zəbt olunmuş ərazilərdə qanunsuz tikililərlə bağlı süjet təqdim etmişdi.
NUHÇIXAN xəbər verir ki, həmin süjetdən sonra rayondakı nöqsanlar aradan qaldırılıb.
Belə ki, Naxçıvan televiziyasının əməkdaşları növbəti dəfə çəkiliş apararkən məlum olub ki, rayonun Qarabağlar və Xök kəndlərində ərazilərə atılan yararsız ehtiyat hissələri, dəmir köşklər, taxta və metal parçaları götürülərək yerində səliqə-sahman yaradılıb. Eyni zamanda çay kəhrizinin kənarı, o cümlədən su arxları lildən və tullantılardan, həmçinin yol kənarları alaq otlarından təmizlənərək səliqəyə salınıb.
Qarabağlar kəndində dayaqdan düşən qaz xətləri təmir olunaraq yeni dayaqlar vurulub, qanunsuz zəbt olunan bələdiyyə mülkiyyətindəki torpaqlar şəxsi mülkiyyətə keçirilib.
Sadiq Məmmədov