Səhiyyə sistemində reallaşdırılan mühüm islahatlar uğurlu nəticələr əldə olunmasına yol açıb

284

Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrində müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması demoqrafik vəziyyətə öz müsbət təsirini göstərib. Muxtar respublikada bu ilin 6 ayında 2445 uşaq doğulub, təbii artım 1463 nəfər olub.

NUHÇIXAN xəbər verir ki, bu faktlar Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.

İclasda səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, hesabat dövründə səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılıb.

“Müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi muxtar respublikanın səhiyyə sistemində reallaşdırılan mühüm islahatlardandır. Bunun nəticəsidir ki, cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra yeni avadanlıqlarla təchiz edilib, Şərur rayon Ərəbyengicə kənd həkim ambulatoriyası, Culfa rayon Dizə kənd feldşer-mama məntəqəsi tikilərək istifadəyə verilib” – deyən nazir vurğulayıb ki, hazırda Naxçıvan Tibb Kolleci, Şərur Rayon Uşaq Xəstəxanası, rayonun İbadulla, Kərimbəyli, Culfa rayonunun Qazançı, Babək rayonunun Aşağı Buzqov, Ordubad rayonunun Dəstə kənd həkim ambulatoriyalarında yenidənqurma və tikinti işləri davam etdirilir.

Niyazi Novruzov qeyd edib ki, səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə cari ildən etibarən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibbi sığortanın yüksək standartlar səviyyəsində fəaliyyət göstərməsi məqsədilə Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə Sədərək Rayon Mərkəzi Xəstəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi və Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzi publik hüquqi şəxsə çevrilib. Gələcəkdə icbari tibbi sığortanın digər rayonlarda da tətbiqi səhiyyəni yeni inkişaf mərhələsinə çıxaracaqdır.

Səhiyyə naziri hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirildiyini, Bakı şəhərinin, Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərildiyini, həkim və orta tibb işçilərinin sertifikasiya işinin davam etdirildiyini bildirərək deyib ki, ötən yarım ildə müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunub və yerli həkimlərlə birgə fəaliyyət göstərərək xeyli sayda əməliyyatlar aparıblar.

Sonra çıxışlar dinlənilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: