Təbiət yaraşığı olan çinarlarımız
Ordubadın qoynundakı çinarlar el tamaşası, təbiət yaraşığıdır. Onların dəqiq yaşı bilinmir. Ordubad şəhərindəki Sərşəhər və Anbarasın topa çinarları haqqında qədim yazılı mənbələrdə belə məlumata rast gəlmək olar. Rus alimi Şopen, Polşa tədqiqatçısı A.Bertold, Fransa yazıçısı Aleksandr Duma öz yazılarında bu gözəlliyi vəsf ediblər. Sərşəhər məscidinin meydanında əkilmiş çinarın iki min ildən çox yaşı olduğunu deyirlər. İri gövdəsinin içi oyulduğundan vaxtı ilə onun içində iri samovar, stul, stol qoyulurdu. Hətta bununla bərabər, ora xeyli sayda adam da sığışırdı. Lakin 1936-cı ildə ildırım düşməsi çinarın üçdə iki hissəsini yandırıb külə döndərib. Bununla belə həmin çinar yenə də öz əzəmətini itirməyib. Belə çinarlardan Ordubadın məşhur məhəllələri olan Aşağı və Yuxarı Anbarasda, Mingis meydanında, Vənənd kəndində də vardır.
Mingis meydanındakı çinar da öz əzəmətli görünüşü ilə diqqəti cəlb edir. Vənənd kəndindəki yaşı bilinməyən çınarın oyuğu o qədər iridir ki, vaxtilə ondan ət satışı dükanı kimi istifadə ediblər.
Çinarlardan söz düşmüşkən, vurğulayaq ki, Ordubadın iri meydanlarında çınar, çeşmə və məscid üçü bir yerdə gözəl kompozisiya yaradır. Əhali onlara müqəddəs varlıq kimi baxır, göz bəbəyi kimi qoruyur.
Ötən əsrin 50-ci illərində Ordubad şəhərinin mərkəzində, Cümə məscidinin yaxınlığında yeni çinarlar əkilib. Bu gün qollu-budaqlı həmin çinarların altı ordubadlıların və şəhərə gələn qonaqların isti yay günlərində dincəldikləri əsas məkanlardan hesab olunur. Elə Ordubada gələn turistlər də bu çinarların kölgəsində pürrəngi çay içmədən rayonumuzdan ayrılmırlar.
“El həyatı” qəzeti