Şərur rayonunun İbadulla kəndində kompleks quruculuq işləri aparılıb
Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq işləri aparılır. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu il Şərur rayonunun İbadulla kəndində də geniş quruculuq işləri görülüb, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olub.
Bilik Günü İbadulla kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunub
NUHÇIXAN xəbər verir ki, sentyabrın 15-də – Bilik Günündə İbadulla kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik edib.
Ali Məclisin Sədri Qədim Şərq müdriklərinin “İnkişafa gedən yol təhsildən keçir” fikrini xatırladaraq deyib: Təhsil olmadan inkişaf yoxdur. Ona görə də ölkələr öz inkişafına görə hər şeydən əvvəl təhsilə borcludur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə təhsilin cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirmiş, bu sahəni xalqımızın milli maraqlarına uyğunlaşdıraraq demişdir: “Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir”.
Qeyd olunub ki, elmin və təhsilin inkişafı sahəsində bu gün ölkəmizdə qazanılan nailiyyətlər, formalaşan intellektual potensial dahi şəxsiyyətin müəllifi olduğu təhsil strategiyasının bəhrələridir. Ulu Öndərimizin yolu ilə gedən Azərbaycanda təhsil quruculuğu dövlət siyasətinin əsasını təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən qayğı, qoyulan investisiya Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsili yeni inkişaf mərhələsinə çıxartmış, təhsil infrastrukturu sahəsində əsaslı dönüş yaranmışdır. Hər il muxtar respublikamızda təhsil müəssisələri üçün müasir tələblərə cavab verən komplekslər tikilir. Mütərəqqi tədris metodları və yeni texnologiyalar tətbiq edilir ki, bu da tədrisin keyfiyyətinin yüksəldilməsi üçün çox vacibdir. Bilik Günündə Şərur rayonunun İbadulla kəndində yeni məktəb binasının istifadəyə verilməsi də təhsil sahəsində həyata keçirilən kompleks tədbirlərin davamıdır.
Ali Məclisin Sədri İbadulla kənd məktəbinin istifadəyə verilməsi münasibətilə bütün kənd sakinlərini və məktəbin kollektivini təbrik edib, müəllim və şagirdlərə təhsildə uğurlar arzulayaraq deyib: Bu bir həqiqətdir ki, intellektual inkişafa nail olmadan güclü dövlətçilikdən danışmaq mümkün deyil. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini nəzərə alaraq demişdir: “Hər bir ölkənin, dövlətin gələcəyi onun intellektual potensialından asılıdır. …O ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi var, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçib”.
Yolumuz və məqsədimiz bilikli və savadlı, vətənpərvər gənclik yetişdirməkdir. Ona görə də hər bir şagird və tələbə Azərbaycan dilini, Azərbaycan tarixini, milli dəyərlərimizi mükəmməl bilməli, azı bir xarici dil öyrənməli, tədris olunan fənləri və yeni texnologiyaları mənimsəməli, daim klassik və müasir ədəbiyyatı mütaliə etməli, özünü ölkəmizin gələcəyinə hazırlamalıdır. Təhsil o zaman fayda verir ki, o dövlətin konkret ehtiyaclarına hesablansın. Bu gün muxtar respublikamızda iqtisadi və sosial sahədə kompleks islahatlar aparılır, istehsal prosesləri texnoloji cəhətdən yenilənir, yeni iş yerləri açılır. Bu isə özlüyündə bütün səviyyədən olan ixtisaslı kadrlara tələbatı artırır. Ona görə də gənclərimiz təhsil almaqla yanaşı, həm də peşə öyrənməli, seçdikləri ixtisasın gözəl bilicilərinə və mütəxəssislərinə çevrilməlidirlər.
Ali Məclisin Sədri gənclərə müraciətlə deyib: Müasir dünyanın reallıqları onu göstərir ki, müstəqillik və sabitlik şəraitində yaşamaq, təhsil almaq heç də hər kəsə nəsib olmur. Hər bir gənc bugünkü müstəqilliyimizin, sabitliyimizin və inkişafımızın qədrini bilməli, Ulu Öndərimizin əsəri və əmanəti olan qüdrətli Azərbaycanın əsl vətəndaşına çevrilməlidir. Siz bu gün nə qədər yaxşı oxusanız, elmlərə və biliklərə nə qədər dərindən yiyələnsəniz müstəqil Azərbaycanın gələcəyi də bir o qədər parlaq və işıqlı olacaqdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında və yeni tədris ilində pedaqoji kollektivə uğurlar arzulayıb, muxtar respublikanın bütün şagird, kursant, tələbə və müdavimlərini, müəllim və valideynləri bir daha yeni tədris ili münasibətilə təbrik edib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada təhsil sahəsində həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilib, ümumtəhsil məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib. 2018-2019-cu tədris ilində muxtar respublikanın 215 ümumtəhsil məktəbində 181 məktəbəhazırlıq qruplarında 2712 uşaq, birinci siniflərdə 4964 şagird olmaqla, ümumilikdə, 50 minə yaxın şagird təhsil alacaq, onların təhsili ilə 7616 müəllim məşğul olacaq. Ümumtəhsil məktəblərində 600-dən yuxarı elektron lövhənin quraşdırılması və təhsil müəssisələrinə 5337 dəst kompüterin, 2 milyon 710 mindən artıq yeni dərslik və metodik vəsaitin verilməsi təhsil müəssisələrinin maddi-tədris bazasını gücləndirib. Təhsilə göstərilən dövlət qayğısı və yaradılmış şərait nəticəsində şagirdlərin təhsilə marağı artıb, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşıb. 2018-ci ildə tam orta təhsil bazasından Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla məzunlardan 1554-ü ali təhsil müəssisələrinə, 227-si müxtəlif ali hərbi məktəblərə qəbul olub. Ümumilikdə 1781 məzun, yaxud sənəd verənlərin 71 faizi ali məktəblərə qəbul olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması təhsilə, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsidir. Rəhman Məmmədov göstərilən qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
İbadulla kənd tam orta məktəbinin müəllimi Turan Həsənova deyib: Muxtar respublikada təhsilin yüksək səviyyədə himayə edilməsinin nəticəsidir ki, ardıcıl olaraq yeni təhsil ocaqları istifadəyə verilir. Bilik Günündə İbadulla kəndində istifadəyə verilən müasir məktəb binası da yeni quruculuq ünvanlarından biridir. Həmçinin muxtar respublikada müəllimlərin əməyi də daim yüksək qiymətləndirilir. Ali Məclis Sədrinin 2018-ci il 14 sentyabr tarixli Sərəncamı ilə 12 müəllimə “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi” fəxri adı verilib. Fəxri ada layiq görülənlər içərisində mənim də adım var. Bu, müəllim əməyinə verilən ən yüksək qiymətdir. Üzərimizə daha böyük vəzifələr düşür. Çalışacağıq ki, göstərilən böyük etimadı əməli fəaliyyətimizlə doğruldaq. Turan Həsənova göstərilən qayğıya görə müəllimlər adından minnətdarlıq edib.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 522 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 31 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat sinfi, 2 kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı vardır. Məktəbin kitabxana fondunda 3211-i dərslik və 7016-sı bədii ədəbiyyat olmaqla 10 min 227 kitab vardır. 2018-2019-cu tədris ilində İbadulla kənd tam orta məktəbində birinci sinfə 34 şagird qəbul olunub.
Şagirdlərin kompüter biliklərinin möhkəmləndirilməsi müasir tədris prosesində qarşıda duran əsas vəzifələrdəndir. Məktəbdə yeni texnologiyaların tətbiqi, xüsusilə kompüter otaqlarında internetə çıxışı olan 38 kompüterin quraşdırılması informatika dərslərinin tələb olunan səviyyədə keçirilməsinə imkan verəcəkdir. Həmçinin məktəbdə 3 elektron lövhənin quraşdırılması distant təhsilin tətbiqinə şərait yaradır.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərsi izləyib. 214 təhsil müəssisəsinin qoşulduğu interaktiv dərsdə şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.
İdman zalında və hərbi kabinədə yaradılan şərait gənclərin sağlam ruhda böyüməsinə, eləcə də onlarda hərbi vətənpərvərlik tərbiyəsinin formalaşması və hərb sənətinə marağın artırılmasına imkan verir.
Məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib: İbadulla kənd tam orta məktəbinin nailiyyətləri həm kəmiyyət, həm də keyfiyyət baxımından qənaətləndiricidir. Bu onu göstərir ki, məktəbdə müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır. Bu gün yeni məktəb binası istifadəyə verildi. Müəllimlərdən biri “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi” adına layiq görüldü. Eyni zamanda məktəbin pedaqoji kollektivi valideynlər qarşısında hörmətə layiqdir. Çünki gənclərə yaxşı təhsil verilib, onlar ali və orta ixtisas məktəblərinə qəbul olunub, peşə məktəblərinə yönləndiriliblər. Bu gün qarşıda duran əsas vəzifə gəncləri həm təhsilli, həm də vətənpərvər böyütməkdir. Artıq İbadulla kənd tam orta məktəbinin timsalında deyə bilərik ki, muxtar respublikamızda təhsil sahəsindəki nailiyyətlər qənaətləndiricidir.
Ali Məclisin Sədri deyib: Ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli Sərəncamı ilə bir qrup tələbəyə Prezident təqaüdü verilmişdir. Onların 6-sı muxtar respublikanın tələbələridir. Bu, böyük nailiyyətdir. Bu gün muxtar respublikamızdakı məktəblər müasirləşdirilib. Məktəblərdə yeni tədris avadanlıqları qurulub, kitabxanalar istifadəyə verilib, şagirdlər dərsliklərlə təmin olunub. Əsas məqsəd ondan ibarətdir ki, gənclər təhsilli və vətənpərvər böyüsünlər. İbadulla kənd tam orta məktəbinin yeni binası müasir tədris ocağı olmaqla yanaşı, həm də bir memarlıq abidəsidir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalıdır. İbadulla kənd tam orta məktəbinin kollektivi bundan sonra nailiyyətlərini daha da artırmalı, muxtar respublikamızın nümunəvi məktəblər sırasındakı yerini qoruyub saxlamalıdır.
Məktəbin gənc müəllimi Leyla Rəhimli minnətdarlıq edərək deyib: Bu gün İbadulla kəndinin sakinləri və müəllimləri üçün olduqca əlamətdar gündür. Şərur rayonunda daha bir müasir məktəb binası istifadəyə verildi. Kollektivimizin sevincinin həddi-hüdudu yoxdur. Çünki yeni elektron lövhələr, kompüterlər, müasir tədris avadanlıqları ilə təhciz olunmuş məktəb binası tədrisin daha səmərəli təşkilinə imkan verəcəkdir. Leyla Rəhimli yaradılan şəraitə görə rayon gəncləri adından minnətdarlıq edib, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində səylərini əsirgəməyəcəklərini bildirib.
Binanın həyətində bufet tikilib, açıq idman qurğuları və fərdi qazanxana quraşdırılıb, abadlıq işləri aparılıb.