Sədərəkli təsərrüfatçılar ürəklərində alovlanan yurd sevgisinin verdiyi böyük güc sayəsində əzm və cəsarətlə çalışırlar

759

Günəşin zərrin şəfəqlərinin xəsisliklə ətrafa yayıldığı bir payız günündə yolumuzu düşmənə gözdağı olan Sədərək rayonundan salırıq. Rahat, abad yolla şütüyən maşının pəncərəsindən ətrafı seyr etdikcə insanın gözləri önündə müstəqillik illərinin bəhrələri canlanır. Yolboyu nizamla əkilmiş ağacların qızılı rəngə bürünən qol-budaqları mülayim küləyin təsiri ilə sanki rəqs edir, tarlalarda şum aparan texnikaların üzəri payız günəşinin ilıq şüası altında bərq vurur, dəyanətli əsgər kimi vüqarla dayanan dağların üzərini sis, duman alır, zəhmətkeş adamlar isə təbiətin şıltaqlığına əhəmiyyət vermədən çalışırlar. Onları nə əsən külək, nə də sis-duman öz sevimli məşğuliyyətlərindən ayıra bilmir.

Az sonra bu mənzərələr öz yerini geniş küçələrə, səliqə-sahmanı ilə gözoxşayan rahat səkilərə, müasir görünüşlü kənd və xidmət mərkəzlərinə, həyətində “qaçdı-tutdu” oynayan uşaqların şaqraq gülüşlərinin ətrafa yayıldığı məktəb binasına, güllü-çiçəkli park və xiyabanlara verəcək.

Zəhmətkeş sədərəklilərlə söhbət etmək üçün göz işlədikcə uzanan tarlalara üz tuturuq. Elə torpaq adamları ilə də əkin-biçin ərazilərində həmsöhbət oluruq. Uzaqdan ucu-bucağı görünməyən bağ-bağat içərisində başını qaldırmadan çalışan torpaq adamı diqqətimi çəkir. İşə o qədər aludə olub ki, ona yaxınlaşmağımı da hiss etmir. Öyrənirik ki, yaşı 60-ı ötmüş Vəzir İmamverdiyev hələ gənclik illərindən özünü torpağa bağlayıb, gün-güzəranını da bu yolla qurub. Rayonun Sədərək kəndindəki üzüm bağını illər öncə salıb, hər gün qol-budağına sığal çəkmək üçün buraya üz tutur. Bildirir ki, Sədərək üzümü bütün dövrlərdə adla deyilib:

– Sədərəkdə üzümçülüyün inkişaf tarixi hələ ötən əsrin ortalarına gedib çıxır. Mən də gözümü açıb özümü dərk edəndən ata-babamın üzüm yetişdirməklə məşğul olduğunu görmüşəm. Lakin çox təəssüf ki, ötən əsrin 90-cı illərinin gətirdiyi ağrı-acı min bir zəhmət hesabına saldığımız üzüm bağlarına da təsirsiz ötüşmədi. Üzümlük ərazilər kütləvi halda məhvə düçar edildi. O illərdə indi əkib-becərdiyimiz bu torpaqlarda, bağ-bağatın yerində düşmən gülləsindən çıxan mərmilər məskən salmışdı. Həyət-bacadan gül-çiçəyin xoş rayihəli ətri deyil, ikrahedici barıt qoxusu gələrdi. Pis günün ömrü az olar, – deyiblər. Başımızın üstünü alan qara buludlar uzaqgörən, yolgöstərən insanların sayəsində çəkilib getdi. Qəhrəman el oğullarımızın şücaəti sayəsində mənfur düşmənin Sədərəyə dikilən xain gözləri kor edildi. Bu gün artıq Sədərək öz büsatı, gözəlliyi ilə düşmənin gözdağına çevrilib. Vətənpərvər övladlarımız gecə-gündüz torpağımızın keşiyində dayanır, düşmənin bircə anlıq da olsa bu tərəfə boylanmağına imkan vermirlər. Biz zəhmət adamlarına isə bərəkətli torpağımızın qulluğunda durub, nazını çəkib meyvəsindən dadmaq qalır. Artıq uzun illərdir, bu bağa qulluq göstərir, ailəmin dolanışığını bu yolla təmin edirəm. Atalarımız gözəl deyiblər: “Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar”. Əgər zəhmətə qatlaşıb torpağa baş əysən, o da öz səxavəti ilə başını uca edər.

Torpaq adamı bağında xəlili, kişmişi, hüseyni, ağadayı, hənəqırna, misqalı və digər tanınmış ənənəvi üzüm sortları yetişdirir. Deyir ki, bol üzüm tədarük etmək üçün bağa vaxtlı-vaxtında aqrotexniki qulluq göstərməlisən. Qışda soyuqdan qorunması üçün qol-budağı yaxşı basdırılmalı, erkən yazda isə üstü açılıb, budama aparılmalıdır. İl ərzində 3-4 dəfə su verilməli, xəstəliklərə qarşı tədbirlər görülməlidir. Üzüm, əsasən, sentyabr ayında ərsəyə gəlsə də, tezyetişən sortları da var. Elə Vəzir dayının bağında da belə üzümlərdən kifayət qədərdir. Üzümün özü kimi yarpağının da böyük alıcı kütləsi var. Bəh-bəh deyə-deyə yediyimiz yarpaq dolmasını ləzzətli edən də elə üzüm yarpağıdır.

Təsərrüfatçı onu da deyir ki, üzümün faydaları barədə xalq təbabətinin biliciləri olan ata-babalarımızdan çox eşidib. Yaxşı bilir ki, bu qiymətli giləmeyvə mədə-bağırsaq sistemi xəstəliklərinə məlhəmdir. O, bağından dərdiyi üzümdən hər il doşab, mürəbbə də hazırlayır. Həm ailə üzvləri dadır, həm də satıb əvəzində yaxşı qazanc sahibi olur.

Sədərəkdə təsərrüfatına üz tutduğumuz növbəti zəhmət adamı Zakir Zamanov olur. Ömrünün 40 ilini əkin-biçin işlərinə həsr edən fermer müstəqillik illərində fəaliyyət sahəsini xeyli genişləndirib. 2013-cü ildən etibarən gəlirli sahə hesab edilən arıçılıqla da məşğuldur. O deyir:

– İşə başlamazdan əvvəl peşəkar arıçılardan bu sahənin böyük sirli-sehrli aləm olduğunu eşitmişdim. Arı saxlamağa başlayandan işin maraqlı cəhətləri ilə yanaşı, həm də çətinliyini gördüm. Arıçılıqla bağlı hər ötən gün yeni bir məlumat öyrənir, daim axtarışda oluram. Əks-təqdirdə uğur qazanmağın asan olmadığını da yaxşı bilirəm. Sözün açığı, işə başladığım ilk vaxtlarda məhsuldarlığı az görəndə həvəsdən düşürdüm. Lakin zaman keçdikcə çəkdiyim zəhmət öz bəhrəsini verdi. Onu da qeyd edim ki, bu işə cəmi 9 arı ailəsi ilə başlamışdım. Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondundan aldığım 4 min manat maliyyə dəstəyi hesabına onların sayını 27-yə çatdıra bilmişəm. Ötən illərdə arıçılıqla bağlı keçirilən festivalların da uğur qazanmağımda rolu böyük olub. Elə həmin tədbirlərdə iştirak etdiyim üçün bu gün alıcılar, sözün yaxşı mənasında, başımın üstünü kəsiblər, daha əvvəlki kimi məhsulu dükan-bazara çıxarmağa ehtiyac qalmır. Hətta Bakı şəhərində yaşayan dost-tanışlar da zəng edib arıçılıq məhsullarından sifariş verirlər.

Zakir Zamanov bildirir ki, müxtəlif xəstəliklərin müalicəsində bal və arıçılıq məhsullarının faydası əvəzolunmazdır. Ata-babalarımız əbəs yerə deməyib ki, bal min bir dərdin dərmanıdır. Allahın bəşəriyyətə bəxş etdiyi bal arısı işgüzar olmaqla yanaşı, həm də qulluqsevərdir. Belə ki, qışda soyuqdan, xəstəlikdən qorumaq üçün arıya düzgün qulluq göstərilməli, mütəmadi olaraq yemlə təmin edilməlidir. Yeşiklər təmiz və quru yerdə saxlanılmalı, xəstəlik yarandıqda dərhal dezinfeksiya edilməlidir. Arı təmiz heyvandır, haram işi qətiyyən sevmir. Gərək onunla xoş rəftar edəsən, yoxsa tez “özündən çıxır”. Başqa sözlə, körpə uşaq kimi arının da nazı ilə oynamalısan. Sevindirici haldır ki, yurdumuzun zəngin florası, bağ-bağçalarımızda bitən gül-çiçəklər biz arıçıların işini xeyli yüngülləşdirir. Dövlətimiz də arıçılara qayğı ilə yanaşır, əməyimiz yüksək qiymətləndirilir. Biz də çalışırıq ki, yaradılan imkanlardan lazımınca bəhrələnək, daxili bazarı yüksəkkeyfiyyətli arıçılıq məhsulları ilə təmin edək.

Arxası dağ olanın başı göylərə çatar, – deyiblər. Bu gün düşmənlə bir addımlıqda yaşayıb-yaradan məğrur sədərəklilərin arxasında dağ kimi Azərbaycan əsgəri dayanıb. Rayon sakinləri ürəklərində alovlanan yurd sevgisinin verdiyi böyük güc sayəsində əzm və cəsarətlə çalışır, bölgənin inkişafına öz töhfələrini verirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: