Avqustun 1-də çox vacib oyuna çıxacağıq. Baxmayaraq ki, səfər oyununda qolsuz bərabərlik olub. Mən həmişə demişəm ki, ev komandası üçün öz meydanında 0:0 hesabı pis nəticə deyil. Belə turnirlərdə hər vurulan və buraxılan qol nəticəyə təsir edəcək. Oyunda diqqətli və ehtiyatlı olmalıyıq. Qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hər şeyə diqqət yetirməliyik. Oyunun gedişatında hər epizoddan düzgün istifadə etməyə çalışacağıq.
NUHÇIXAN xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında avqustun 1-də Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.
Qurban Qurbanov bildirib ki, belə oyunlarda, ümumiyyətlə, qolların sayı az olur. Hər bir halda müdafiəni düzgün qurub qol vurmaq haqqında da düşünürük və yaranmış boşluğu aradan qaldırmaq üçün çalışacağıq.
“Futbolçuların hamısı qarşılaşmaya tam hazırdır. Çalışırıq ki, bəzi detalları daha yaxşı edək. Rəqib də oyuna ciddi hazırlaşır və çox iddialıdırlar. Ümid edirik ki, sabah komandamız üçün sərfəli nəticə əldə edəcəyik”, – deyə Ağdam təmsilçisinin baş məşqçisi qeyd edib.
Qeyd edək ki, “Qarabağ” – “Kukesi” komandalarının cavab oyunu avqustun 1-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” səfərdə 0:0 hesabı ilə heç-heçə edib.