Naxçıvanın Duz muzeyi

258

Naxçıvanda yeni yaradılan Duz Muzeyində eksponatların sayı getdikcə artır. Belə ki, 81 eksponatla fəaliyyətə başlayan  muzeyin ekspozisiyasında hazırda 104 eksponat nümayiş etdirilir.”

Naxçıvan televiziyasının “Xəbərlər” proqramından eşitdiyimiz bu  fakt istər-istəməz diqqətimizi çəkdi. Çünki yeni yaradılan bir muzey üçün bu müddətdə eksponatların zənginləşməsi təkcə muzey işinin düzgün təşkili deyil, həm də ziyarətçilərin sayının çoxluğuna və marağına bir işarədir. Bu məqsədlə də Duz muzeyinə yola düşdük.

İlk baxışdan duzdan danışanda gözümüz önünə  məişətdə istifadə etdiyimiz qida məhsulu gəlir. Amma Naxçıvandakı Duz muzeyində sərgilənən duz istehsalı ilə bağlı olan hər bir eksponat bir tarixdir. Çünki bu eksponatlar Naxçıvan şəhərinin formalaşmasını əks etdirən dəyərli mənbədir. Eramızdan əvvəl III-II minilliyi özündə yaşadan daşdan  çəkiclər, gürz, həvəng, əzgi daşı, daş əmək alətləri və digər eksponatlar Naxçıvanın qədim şəhər mədəniyyətini təsdiq edən dəyərli mənbələrdir. Hamımıza yaxşı məlumdur ki, məişətdə duzun istifadəsinin tarixi elə insanlığın tarixinə bərabədir. Bu faydalı qida insanlar üçün çox əhəmiyyətli olub və bu gün yaşamağımızda onun da digər qidalar kimi xüsusi əhəmiyyəti var. Duz istehsalı ilə bağlı olan alətlərdən başqa muzeydə daha maraqlı bir məqam diqqətimizi çəkir. Bunlar narın duzun saxlanmasında və daşınmasında istifadə olunan duz torbaları və kisələridir. Əsasən ötən əsrin əvvəllərinə aid olan bu torbalar xüsusi olaraq duz daşımaq üçün toxunub və çox möhkəmdir. Bu Azərbaycanda, xüsusən muxtar respublikamızda toxuculuğun da inkişafından xəbər verir. Yəni duz istehsalı digər bir sahə-toxuculuqla sıx şəkildə bağlı olub. Daha doğrusu onun inkişafına birbaşa təsir edib. Uzaq məsafələrə duz daşımaq üçün toxunan bu xurcunlarda, torbalarda olan naxışlar, ornamentlər xalçaçı nənələrimizin  dünyagörüşü və fantaziyası ilə yanaşı həm də sənətkarlğının təcəssümüdür.

Muzeydə daşduzdan hazırlanmış əl işləri artıq tamam başqa mövzudur. Daşduzun bir qədər yumşaq və sənətkarların dili ilə desək “sözəbaxan material” olması artıq muxtar respublikamızda yeni bir sənətkarlıq sahəsinin inkişafına səbəb olub. Dekorativ tətbiqi sənət ustaları məmnuniyyətlə ondan istifadə edirlər.  Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi, Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı duzdan hazırlanmış loqotip  də  bu baxımdan  diqqət çəkir. Muzeydə həmişə qonaqları, ziyarətçiləri görmək mümkündür.  Əsli Təbriz  şəhərindən olan  Əsəd Sadiq İsveçdə yaşayır. Maraqla eksponatlara baxan qonaqla həmsöhbət oluruq. Muzeyin dünyada çox az yerdə oxşarı olduğunu deyir. “Bunlar haqqında eşitsəm də, ilk dəfədir ki, Duz muzeyini burada, Naxçıvanda görürəm. Açığını deyim ki, kökü Azərbaycan türkü olan bir insan kimi bu məni qürürlandırır. Eksponatlarda yaşayan tariximiz gələcəyimiz üçün böyük dəyər kəsb edir. Xüsusən xaricdə yaşayan azərbaycanlılar üçün  bu çox vacibdir. Mən İsveçə qayıdanda mütləq oradakılara  bura haqqında ətraflı danışacağam”- həmsöhbətimiz belə deyir. Əsəd Sadiqin həyat yoldaşı, həkim Nigar Sadiqova Bakıdandır. O da  Duzdağ haqqında televiziyalardan aldığı xəbərin sorağı ilə bura gəldiyini deyir. Eşitdiklərinin  canlı şahidi olduğunu  və  bu möcuzəvi  sərvətin  təbliği üçün bundan sonra görüləsi  çoxlu işlərin vacibliyini bildirdi.

Muzeydə rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsi də nümayiş etdirilir. Bu Naxçıvanda duzçıxarmanın tarixinin min illər əvvələ getdiyini sübut edən yazılı sənəddir. Çünki tədqiqatçı ilk dəfə yazılı şəkildə Nuh peyğəmbərin burada duz istehsal edilən mədəndə çalışdığını bildirir. Bundan başqa o da vurğulanır ki, məhz Nuh peyğəmbər buradakı əhaliyə duz istehsalı və onun necə çıxarılması, emal edilməsi ilə bağlı ilk ibtidai məlumatları verib. Bu baxımdan Nuhun adı ilə bağlı olan Naxçıvanda yaradılan  bu muzeydə Nuh peyğəmbərin rəmzi heykəli də maraq doğurur. Ümumiyyətlə,  dünyada ilk dəfədir ki, insanlığın “ikinci atası” sayılan Nuh peyğəmbərə heykəl məhz burada qoyulub.

Etiraf edək ki, buranı nadir muzeylər sırasına aid etmək olar. Çünki dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qeyri-adi muzeylərdən fərqli olaraq bu mədəniyyət müəssisəsi sırf tarixi reallıq üzərində qurulub. Yəni  bu muzeyi qeyri-adi edən təbiətin bizə bəxş etdiyi sadə bir nemətin minilliklər boyu qədim bir mədəniyyətin daşıyıcısı rolunda çıxış etməsidir.

Onu da qeyd edək ki, duz insan həyatında o dərəcədə mühüm rol oynayıb ki, xalq arasında onunla bağlı inamlar və deyimlər yaranıb. Hətta bu gün duza and içən insanlar var. Muzeydə bu deyimlərə xüsusi  yer ayrılması isə həm də folklor nümunələrimizin təbliğinə imkan yaradır.

Naxçıvan Duz Muzeyində naxçıvanlı sənətkarların əl işlərinin satışı da təşkil olunub. İlk baxışdan biçimsiz bir şəkildə olan daşduz usta əllərə keçdikdən sonra müxtəlif formalara düşür, müxtəlif mənalar ifadə edir. Xüsusilə diyarımızın tarixi-memarlıq abidələrinin duzdan hazırlanmış kiçik suvenirləri bu gün həm turistlərin marağına səbəb olur, həm də insanların bir-birinə bağışladığı ən gözəl hədiyyələr sırasındadır. Duz xalqımız üçün müqəddəs nemətdir.  Bu nemətdən hazırlanmış hər hansı bir əl işi həm də sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sənət nümunələri həm də xarici ölkələrə aparılır. Muzeydə bildirdilər ki, buradakı süvenirlər ölkəmizin paytaxtından və xarici ölkələrdən gələn turistlərin  daha çox diqqətini çəkir. Son zamanlar belə bir inanc var ki, duz kristalları hər hansı şüaları özünə cəlb etməklə onları zərərsizləşdirir. Bundan başqa duz ionlarının müalicəvi olduğu da sübut edilib. Ona görə də qonaqlar onları uşaqların yatağının yanına, ya da kompüter otaqlarına qoymaq üçün  aldıqlarını bildirirlər. Bunun nə dərəcədə düzgün olub-olmadığını bilmirik. Amma o da maraqlıdır ki, bu gün Naxçıvan duzu dünyanın bir çox ölkələrində evlərin bəzəyinə çevirilib.

                                                                     Hafizə Əliyeva

                                   Naxçıvan televiziyasının əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: