Peyk Müşahidə Sistemi torpaqlardan səmərəli istifadəyə şərait yaradacaq

135

Əmlak Məsələləri Dövlət Komitəsinin Peyk Müşahidə Sistemi torpaqlar üzərində dövlət nəzarətinin güclənməsini, baş verə biləcək dəyişikliklərə daha ciddi nəzarəti təmin edə biləcək. Bu sistem əldə olunan məlumatların həm də ünvan portalına inteqrasiyasını və reyestrə ünvanvermə işinin asanlaşdırılmasını həyata keçirəcək.

NUHÇIXAN xəbər verir ki, bu ilin əvvəllərindən istifadəyə verilən Peyk Müşahidə Sistemi vasitəsilə hər 5 gündən bir bütün ölkə ərazisinin dəqiq çəkilişləri aparılacaq. Əldə olunan məlumatlar Peyk Müşahidə Sisteminə daxil edilir, süni intellekt vasitəsilə təsvirlərin analizi başlayır və əvvəlki təsvirlərlə sonrakı təsvirlər arasındakı fərqlər, yəni, hər çəkilişdən sonrakı dövrdə torpaq səthində baş verən dəyişikliklər və onların koordinatları Peyk Müşahidə Sistemi vasitəsilə avtomatik olaraq müəyyən edilir.

Sistem vasitəsilə torpaq səthində aşkarlanmış dəyişikliklərə yerində baxışın keçirilməsi komitənin torpaq müfəttişləri tərəfindən təmin edilir, aşkarlanmış qanunsuz tikililərin qarşısı alınır, torpağın münbit qatının korlanmasına və ümumiyyətlə, qeyri-qanuni istifadəsinə yol verilmir. Peyk Müşahidə Sistemində daha bir məqam isə lokal çəkilişlərin aparılmasında dron aparatlarının istifadəsidir.

Daha lokal çəkilişlərin istifadəsi üçün dron aparatlarından da istifadə olunacaq. Gələcəkdə bu sahədə insan əməyinin daha da azaldılması, daha çox süni intellektdən istifadə edilməsi torpaqlar üzərində nəzarətin daha səmərəli və çevik formada həyata keçirilməsinə geniş imkanlar yaradacaq. Bu məlumat bazalarından digər dövlət qurumlarında da istifadə edilməklə operativlik təmin olunacaq.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə yanaşı, Peyk Müşahidə Sisteminin imkanlarından kənd təsərrüfatı təyinatlı torpaqlarda əkilmiş bitkilərin müəyyən edilməsi və monitorinqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, fövqəladə hadisələr zamanı meşə yanğınlarının müəyyənləşdirilməsi və dövlətə dəyən zərərin monitorinqi, su daşqınları zamanı dəyişikliklərin və çaylarda suların artma-azalma intensivliyinin müəyyən edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi, meşə fonduna daxil olan ərazilərdə dəyişikliklərin müəyyən edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən istifadə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: