Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – VIII yazı

178

Müzəffər Nəsirli

Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat

           1920-1970-ci illər

 (Davamı)

 …Müharibə dövründə öz şerlərində faşizmi tənqid edənlərdən biri də  1930-cu ildən ədəbi fəaliyyətə başlayan Hüseyn Əzim idi. O,  Böyük Vətən müharibəsi illərində “Yadigar”, “Terek sahilində” ,  “Vətən”,  “Gözü yolda qalan yar”  kimi dolğun, təsirli şeirlərlə mətbuatda çıxış edib, oxucuların rəğbətini qazanmışdı.  

 Hüseyn Əzim  müharibə dövründə bir vətənpərvər şair kimi “Şərq qapısı” və “Ədəbiyyat qəzetində”  çap etdirdiyi Vətən şerində doğma Vətənə müraciətlə yazmışdı:   

   Eşqindir  çatdıran məni murada 

  Sevgilim, könlümü vermərəm yada 

  Min canım olsa da, mənim dünyada, 

  Demişəm yolunda qurbandır, Vətən!

Məlum olduğu üzrə, Böyük Vətən müharibəsi dövründə alman faşist işğalçıları müvəqqəti işğal etdikləri rayonlarda, o cümlədən Qafqazda müdhiş cinayətlər törədirdilər.  

Hüseyn Əzim faşistlərin törətdikləri qanlı cinayətləri, oğlunu, ailəsini itirmiş bir qocanın gəlininin  faciəli taleyini “Terek sahilində”  şerində təsvir etmişdir. Qocanın gözləri işığa həsrət, gəlinin gözləri isə yolda qalmışdı, lakin onlar ümidlərini itirməyib, xalqımızın qələbə çalacağına inanırdılar. 

Şair yazırdı: 

Kaş oğlumun cəbhədən gələydi, şad xəbəri

 Hicran yıxıb kül eylədi bu nazənin dilbəri

Mənim gözüm, onun könlü həsrət qalıb işığa.

Yetər  oğlum sual vermə, daha dərdli  aşığa.

 Açılmayır ürəyimiz, şadlıq bizə kədərdir.

Dərmanımız, təbibimiz qələbədir, zəfəridir !

Müharibə dövründə öz publisistik qələmi ilə  ədəbi yaradıcılıq sahəsində  Nağı Nağıyevin xidməti diqqətəlayiqdir. O, müharibə illərində ciddi ədəbi yaradıcılıqla məşğul olub “Polad”  adlı pyes yazmışdı. 

Pyesdə Sovet ordusunun qəhrəman və mübariz döyüşçülərinin Sovet vətənin azadlıq və istiqlaliyyəti uğrunda misilsiz hünəri və Azərbaycan xalqının igid oğlu Poladın cəbhədəki qəhrəmanlığı öz əksini tapmışdı. 

Nağı Nağıyevin vətənpərvərlik ruhunda yazılmış bu pyes 1945-ci ildə Naxçıvan Dövlət Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 

Bu müharibəyə kimi və müharibə dövründə Naxçıvanda yaşayıb yaradan şairlərdən biri də Əkbər Məftun idi. O, hələ tələbə ikən ədəbi yaradıcılığa başlayaraq bir sıra şeirlərlə  mətbuatda çıxış etmişdir. Onun uşaqlar üçün yazdığı “Kiçik heykəltaraş”  adlı kitabı Bakıda “Uşaq və gənclər” nəşriyyatı tərəfindən çap olunmuşdu. 

Əkbər Məftun müharibə dövründə öz yaradıcılığını davam etdirərək Azərbaycan oğullarını  qəhrəmanlığa çağıran şeirlər yazmışdır. Bunlardan Sovet Ittifaqı Qəhrəmani Nəcəfqulu Rəfiyevə həsr etdiyi  “Sən könül mülkünün iftixarısan”,  “Xilaskar ordu”,  “Ey Vətən” kimi lirik şerlərini göstərmək olar.

Əkbər Məftun, həmin şerlərində özünün  Vətənə… sədaqətini, Sovet Ordusunun alman faşist işğalçılarına qarşı apardığı mübarizəni “ Partizan hekayəsi” adlı şerində belə ifadə etmişdir:

Ümman oldu elin kini,

Sipər etdi, sinəsini

 Hər atılan minomyota,

O zirehli güllələrə 

Köks  gərdi oğul, ata !

(“ Şərq Qapısı” qəzeti.  №-4137. 20 Mart 1946-cı il)

Bundan başqa o, Ordubad şəhərində pedaqoji işdə çalışdığı zamanlarda böyük Azərbaycan şair və mütəfəkkiri İmaddədin  Nəsiminin faciəli ölümünə həsr edilmiş 3 pərdədən ibarət “Nəsimi”  pyesini  yazmışdı. 1958-ci ildə onun “Şerlər” kitabı “Azərnəşr” tərəfindən nəşr edilmişdi.

Böyük Vətən müharibəsi dövründə məsul partiya işində çalışan jurnalist, yazıçı Məmmədəli Tarverdiyev Vətən müharibəsində iştirak etmiş qəhrəman həmyerlilərimiz və əmək adamları haqqında bir sıra oçerklər yazmışdır. 

Bundan başqa o, müharibə dövründə sovet adamlarının qəhrəmanlığını, arxa cəbhə ilə atəş xətt arasındakı sarsılmaz əlaqəni əks etdirən “Zaman”  pyesini yazmışdı ki, həmin pyes təfriqə şəklində “ Şərq Qapısı”  qəzetində çap olunmuş,  oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Yazıçı  Zaman sürəti ilə yalnız cəbhədə  deyil, cəbhədən qayıtdıqdan sonra arxa cəbhədə də öz şərəfli borcunu yerinə yetirən  kolxozda fədakarlıqla işləyən sovet adamlarının ümumiləşmiş surətini yaratmışdır. 

Böyük Vətən müharibəsi dövründə sovet xalqının yüksək vətənpərvərlik hissi gənclərimizdə yazıb-yaratmaq həvəsı oyatdı, ədəbiyyata öz yeni hissləri, poetik nəfəsi olan yeni-yeni gənclər də gəldilər ki, İslam Səfərli, Davud Ordubadlı, Hüseyn İbrahimov və Əbülfəz Abbasquliyev kimiləri də ədəbi yaradıcılığa başladılar. 

                                                                                     (Ardı var)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: