Naxçıvanda polis əməkdaşları arasında keçirilən birinciliyin qalibləri müəyyənləşib

90

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idman tədbirlərinin təqvim planına əsasən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində daxili işlər orqanlarının əməkdaşları arasında sərbəst güləş üzrə birincilik təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, yarışdan əvvəl Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında yarış iştirakçıları və məşqçilər üçün seminar təşkil edilib.

Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yeni qaydalar haqqında idmançıları və məşqçiləri məlumatlandırıb.

Seminardan sonra yarışın açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Daxili İşlər Nazirliyi Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov muxtar respublikada idmana və idmançılara göstərilən qayğıdan söhbət açıb, polis əməkdaşları üçün idman məşğələlərinin mütəmadi təşkilinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Daxili İşlər Nazirliyi “İdman” Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayev Naxçıvan idmançılarının mötəbər yarışlarda əldə etdikləri qələbələri, keçirilən idman tədbirlərinin miqyası və yaradılan infrastrukturu, əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın təcrübələrini ildən-ilə artırdığını diqqətə çatdırıb.

Sonra yarışlara start verilib. Reqlamentə əsasən 14 komandanın tərkibində 100-ə yaxın idmançı 7 çəki dərəcəsində mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rəşid Sadiqov, Mahir Babayev, Kənan Əliyev, Orxan Babayev, Röyal Nəbiyev, Elnur Abdullayev və Elməddin Abdullayev müvafiq olaraq 61, 65, 70, 79, 86, 97 və 125 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.

Qaliblər Daxili İşlər Nazirliyinin diplomları ilə təltif olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: