“Naxçıvanda keçirilmiş uğurlu hərbi əməliyyatların detallarını açıqlaya bilmərəm” - Nazir

375

“Ötən il Naxçıvanda keçirilən hərbi əməliyyatlara Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev yüksək səviyyədə qiymət verib. Bir çox hallarda məxfiliyi qorumağa çalışırıq. Ona görə də Naxçıvan əməliyyatının detallarının hamısını danışmaq olmur”.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazirin sözlərinə görə, həmin əməliyyatda Əlahiddə Ümumqoşun Ordusu əsgərindən tutmuş komandanına kimi yüksək peşəkarlıq nümayiş etdirib: “Onlar əməliyyatı elə peşəkarlıqla həyata keçirdilər ki, qarşı tərəf dərk etmirdi ki, nə baş verir? Bəlkə də axıra qədər dərk edə bilməyiblər. İndi də öz uğursuzluqlarını, məğlubiyyətlərini ört-basdır etməyə çalışırlar. Bu isə onların problemidir. Ümumiyyətlə, hərbiçilər arasında söz davası aparmağın tərəfdarı deyiləm. Dəfələrlə demişəm, hərbçilər döyüş meydanında sözünü deyir. Bəzilərinin hərbi biliyi, bacarığı yoxdur və deyirlər ki, orada top atılmadı, döyüş aparılmadı… Əksinə, yüksək peşəkarlıqlı komandirlər bəzi əməliyyatları elə həyata keçirirlər ki, böyük atışmaya ehtiyac olmur”.

Z.Həsənov Azərbaycan Ordusunun uğurla yeni tarix yazdığını vurğulayıb: “Dünyada gedən döyüşləri izləyirik, müsbət və ya mənfi tərəflərini təhlil edirik. Müsbət tərəflərini ordumuzda tətbiq edirik. 2016-cı ildə də hər şeyi xırdalığına qədər təhlil etdik, hansı təhdidlərlə üzləşdik, hansı çətinliklər qarşımıza çıxdı və sair. Problemlərin aradan qaldırılması üçün planlar cızdıq, Prezident İlham Əliyevə məruzə etdik. Bu məsələlərin içində yeni avadanlıq, silah alınması məsələsi də vardı. Prezident İlham Əliyev bu məsələyə diqqətlə yanaşdı, problemlərin əksəriyyəti həll edildi”.

Qeyd edək ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi ötən ilin iyul ayında Azərbaycan Ordusunun nəzarəti altına keçib. Kənd 26 ildən sonra işğaldan azad olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: