Naxçıvanda “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib

272

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın, Azərbaycanda akkreditə olunmuş Aİ ölkələrinin diplomatik missiyalarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib.

NUHÇIXAN xəbər verir ki, mətbuat konfransında “Avropa günləri” çərçivəsində Naxçıvan şəhərindəki tam orta məktəblərdə, ali təhsil ocaqlarında bir sıra təqdimatların keçirildiyi, şagird, tələbə və müəllimlərə Aİ ölkələri barədə məlumat verildiyi bildirilib.

Qeyd olunub ki, sentyabrın 23-də Naxçıvan Biznes Mərkəzində naxçıvanlı sahibkarlarla görüş olacaq və burada Aİ-nin Azərbaycanda həyata keçirilmiş layihələri təqdim ediləcək.

Həmin gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin (“Euro Village”) açılışı olacaq. Burada qurulacaq stendlərlə Aİ ölkələrinin ənənələri, adətləri və mədəniyyətləri barədə məlumat veriləcək. Naxçıvan sakinləri və şəhərin qonaqları “Avropa şəhərciyi” ilə yaxından tanış ola biləcəklər. Axşam saatlarında isə Naxçıvanqalada təşkil ediləcək konsert proqramı ilə tədbirə yekun vurulacaq.

Naxçıvanda “Avropa günləri” çərçivəsində keçirilən tədbirlərə qatılacaq avropalı səfirlər mətbuat konfransında muxtar respublikanın müasir görkəmini və inkişafını yüksək dəyərləndirib, iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, meliorasiya, turizm və bir çox istiqamətlərdə muxtar respublika ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıblar.

Bildirilib ki, avropalı diplomatları Naxçıvanda daha çox özünə cəlb edən səliqə-sahman, təmizlik və qonaqpərvərlik olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: