Naxçıvanda 286 hektara yaxın sahədə yeni yaşıllıq sahələrinin salınması və bərpa işlərinin aparılması nəzərdə tutulub
Yaz aylarında muxtar respublika ərazisində 286 hektara yaxın sahədə yeni yaşıllıq sahələri, meyvə bağlarının salınması və bərpa işlərinin aparılması nəzərdə tutulub.
Naxcivantv.az xəbər verir ki, yaz əkinlərində tingə olan təlabatı ödəmək üçün isə dövlət dəstəyilə yaradılan tingçilik təsərrüfatlarında tinglərin əkin üçün hazırlığına başlanılıb.
Muxtar respublikada dövlət hesabına yaradılan iki tingiçilik təsərrüfatı fəaliyyət göstərir. Bunlardan biri Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılan Meşə Tingliyi Müəssisəsidir. Bu müəssisənin yaradılmasında məqsəd muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində tingə olan tələbatın təmin edilməsi və torpaq-iqlim xüsusiyyətlərinə uyğunlaşdırılan tinglərin yetişdirilməsidir. Meşə Tingliyi Müəssisəsinin 13 hektara yaxın tingyetişdirmə sahəsi var. Bu sahələrdə hər il 200-250 min ədəd ting yetişdirilir. Bu gündən muxtar respublikada mövsümi ağac əkininə başlanılıb.
Meşə Tingliyi Müəssisəsinin direktoru Ədalət Məmmədov bildirib ki, hazırda sahələrdə 200 mindən yuxarı əkilmək üçün ting var ki, bunun da 60 minə yaxını meşə və həmişəyaşıl, 140 minə yaxını isə müxtəlif meyvə tingləridir.
Qeyd edək ki, muxtar respublikada dövlət hesabına yaradılan tingçilik təsərrüfatlarından biri də Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin 6 nömrəli tingçilik sahəsidir. Burada da 50 minə yaxın ting və gül kolları yetişdirilir. Bu təsərrüfat sahəsində də sabaha hazırlıq üçün tinglər çıxarılır.