Naxçıvanda bu ilin ilk iməciliyi keçirilib

802

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev deyirdi: “Təbiəti duymaq, dinləmək, onun keşiyində durmağı bacarmaq psixologiyasını böyüyən nəslə aşılamaq ən yaxşı təbiət dərsidir”.

Naxçıvan Muxtar Respublikasında təbiətə qayğı ilə yanaşılır. Hər il baharın gəlişi xalqımızın min illər ərzində formalaşmış adət-ənənələrinə uyğun olaraq ağac əkməklə, səliqə-sahman yaratmaqla qarşılanır. Təbiətin oyandığı ilk günlərdən iməciliklər keçirilir, yeni meyvə bağları salınır, mövsümə uyğun aqrotexniki tədbirlər görülür. Bu ilin yazında da muxtar respublikada 200 hektara yaxın sahədə meyvə bağlarının salınması nəzərdə tutulur.

Naxcivantv.az xəbər verir ki, martın 3-də Naxçıvan Muxtar Respublikasında iməcilik keçirilib, yeni meyvə bağları salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının kənarında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik keçirilən 2 hektar ərazidə 1500 meyvə tingi əkilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib. Ali Məclisin Sədri yaz aylarında əkin işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 23 minə yaxın insan iştirak edib, 10 mindən artıq meyvə tingi, 2500 meşə ağacı, 2100 gül və bəzək kolu əkilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: