Naxçıvan televiziyası Türkiyə və Rusiyada canlı olaraq yayımlanır

337

Türkiyənin və Rusiya Federasiyasının bir sıra IP televiziya şirkətləri Naxçıvan televiziyasının canlı yayımına başlayıblar. Televiziyamızın texniki mütəxəssisləri həmçinin Naxçıvan Dövlət Radiosunun isə “youtube” videoportalında canlı yayımını da təşkil ediblər. “İğdir” qəzeti isə Nuhçıxan Agentliyinin bannerini öz səhifəsində yerləşdirib.

Naxçıvan televiziyası və radiosunun internet üzərindən yayıma başlaması IP televiziya sisteminə inteqrasiyanı təmin edib. Türkiyədə fəaliyyət göstərən bir sıra onlayn yayım saytlarında televiziyamızın canlı yayımı təşkil olunub. Bu günlərədək ölkə hüdudlarından kənarda televiziyamızın yayımı sadəcə nuhcixan.az, naxcivantv.az və digər müvafiq internet saytlarına daxil olmaqla əlçatan idisə, günümüzdə artıq abunəçilər evlərdə geniş ekranlı televizorlarında Naxçıvan televiziyasının HD yayımını rahat izləyə bilirlər. Çünki 1991-ci ildən fəaliyyət göstərən Türkiyənin məşhur “Dreamstar” şirkəti də televiziyamızın yayımını təşkil edib. Şirkətin istehsalı olan Mini HD qəbuledicilər peyk üzərindən yayımlanan telekanallarla yanaşı, eyni zamanda IP televiziya yayımlarına da giriş imkanı yaradır. Qəbuledicini televizora qoşub sadəcə WI-FI simsiz internet şəbəkəsindən istifadə etməklə dünyanın istənilən yerindən yüzlərlə teleradio kanallarını izləmək və dinləmək mümkündür. Ən əsası isə bu kanallar içərisində üst sıralarda Naxçıvan televiziyasının adını görürük. Artıq “Dreamstar” qəbuledicilərinə ölkəmizdə, xüsusilə Bakı şəhərində tələbat olduqca böyükdür. Onu da qeyd edək ki, Bakı şəhərində yetərincə sayda  abunəçisi olan “KATV1” kabel televiziyası da çoxsaylı telekanallar siyahısına Naxçıvan televiziyasının yayımını da əlavə edib.

Televiziyamızın yayımı ilə bağlı daha bir sevindirici xəbər isə Rusiyadan gəlib. Bu ölkədə fəaliyyət göstərən livetv.az saytı yayımını təşkil etdiyi dünya və ölkə kanalları ilə kifayət qədər nüfuza malikdir. Bu günlərdə sayt IP televiziya kanalları sırasına Naxçıvan Televiziyasının HD yayımını da əlavə edib. Saytın mütəxəssislərinin verdiyi məlumata görə, doğma kanalımızın Rusiyada geniş təbliğinə başlanılıb və tanıtım çarxları izləyicilərə təqdim olunur. Livetv.az-ın ən mühüm üstünlüklərindən biri isə saytın mobil tətbiqetməsinin əlçatan olmasıdır. Bunun üçün smartfon və ya tabletlərinizdən “google play” marketinə daxil olub “livetv.az” tətbiq etməsini endirməlisiniz. Tətbiqetməni yüklədikdən sonra android sistemli cihazlarınız vasitəsilə Naxçıvan televiziyasını hansı məkanda olmağınızdan asılı olmayaraq izləyə bilərsiniz.

Naxçıvan dövlət radiosu da artıq “youtube” sosial şəbəkəsi üzərindən canlı yayımlanır. “Youtube” axtarış sistemində Naxçıvan Dövlət Radiosu yazmaqla kanalımıza abunə ola bilərsiniz. Yaxın gələcəkdə “youtube” üzərindən Naxçıvan televiziyasının canlı yayımının təşkili də nəzərdə tutulur. Hazırda NTV mütəxəssisləri bu məsələnin üzərində işləyirlər.

Bütün bunlar həm də informasiya mübadiləsinin genişlənməsinə şərait yaradıb. Artıq nəinki ölkə KİV, eləcə də qonşu ölkələrin mətbuat və media orqanları teleradiomuzla əməkdaşlığa önəm verir. Naxçıvanlı jurnalistlərin də yazılarını öz səhifəsində yerləşdirən qardaş ölkənin qonşu İğdır vilayətinin qəzeti buna misal ola bilər. Qəzetin rəsmi saytı olan igdirgazete.com saytı “Nuhçıxan” İnformasiya Agentliyinin saytına birbaşa keçid linki yerləşdirib.

Azərbaycanın digər kanalları ilə yanaşı, Naxçıvan televiziyasının da bu cür geniş auditoriyaya malik olan saytlarda yayımlanması, doğma kanalımızın izlənmə reytinqinin daha da artmasına şərait yaradır. Bu həm də Naxçıvanın dünya miqyasında təbliği deməkdir.

Röyal Məmiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: