Naxçıvan şəhərində əhalinin içməli suya olan ehtiyacı tam şəkildə ödənilir

136

Naxçıvan şəhəri və ətraf kəndlərdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində reallaşdırılan layihələr artıq başa çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən NUHÇIXAN-a bildirilib ki, “Naxçıvan Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində inşa edilən Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksi əhalinin içməli suya olan ehtiyacını tam şəkildə ödəyir. Naxçıvançay yatağında uzunluğu 2,9 kilometr, dərinliyi isə 6 metr olan kaptaj tikilib. Əhalini keyfiyyətli su ilə təmin etmək üçün gün ərzində 40 min 800 kubmetr və ya saniyədə 472 litr sutəmizləmə gücünə malik olan nanofiltrli membrantipli sutəmizləyici qurğunun, əhaliyə suyun fasiləsiz çatdırılması üçün ümumi tutumu 25 min kubmetr olan su anbarının tikintisi həyata keçirilib. Naxçıvan şəhəri və Naxçıvan şəhər inzibati ərazisinə aid olan 5 kənd (Qaraçuq, Bulqan, Qaraxanbəyli, Hacıniyyət və Tumbul), həmçinin layihədən qənaət olunmuş vəsait hesabına Babək rayonunun Şıxmahmud, Xəlilli və Şəkərabad kəndləri daxil olmaqla, müxtəlif diametrli borularla 350,1 kilometr daxili su şəbəkəsi, 332,5 kilometr kanalizasiya şəbəkəsi çəkilib və 25 min 874 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. 135 min nəfər su və kanalizasiya şəbəkəsindən istifadə etmək imkanı qazanıb. Yerin relyefi nəzərə alınaraq şəbəkə üzərində 2 ədəd təzyiqazaldıcı tikilib.

Çirkab suların təmizlənmədən çaylara axıdılmasının, ətraf mühitin sağlamlaşdırılmasının və çirklənməsinin qarşısının alınması məqsədilə belə suların təmizlənməsi və kənd təsərrüfatında istifadəsi üçün Araz çayının kənarında Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi tikilib. Təmizləyici qurğu gün ərzində 32 min kubmetr və ya saniyədə 370 litr çirkab sutəmizləmə gücünə malikdir. Qurğu üç mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Ətrafa qoxunun yayılmaması üçün kompleksdə üç havatəmizləyici qurğu quraşdırılıb. Qurğudan çıxan bərk tullantılar xüsusi aparatlarda emal olunaraq gübrə kimi istifadə edilir. Membrandan çıxan təmiz su ilə suvarma mövsümündə öz axını ilə 170, nasoslar vasitəsilə 330 hektar sahəni suvarma suyu ilə təmin etmək olur. Layihənin icrasında yeni texnologiyalardan və avadanlıqlardan istifadə edilib, tikinti işləri aparılarkən keyfiyyət amilinə xüsusi diqqət yetirilib.

Bu işlərin həyata keçirilməsi nəticəsində Naxçıvan şəhər əhalisinin Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən təmiz su ilə 24 saat təmin edilməsinə nail olunub.

Su müqəddəsdir, sağlamlıqdır, təmizlikdir, su xilasedicidir. Buna görə də hər birimiz bütün sərvətlərimizi qoruduğumuz kimi, suyun da qədrini bilməli, su ehtiyatlarından səmərəli, qənaətlə istifadə etməli, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsinə çalışmalıyıq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: