Naxçıvan Şəhər İcra Hakimiyyətində müşavirə olub

887

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində torpaqların təyinatı üzrə istifadəsi, mühafizəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, torpaqların, xüsusilə kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi ilə bağlı mütəmadi olaraq aidiyyəti orqanlarla birlikdə monitorinqlər keçirilib. Qanun pozuntularının qarşısının alınması üçün operativ qaydada tədbirlər görülüb. Lakin  görülən tədbirlərə baxmayaraq hələ də bəzi vətəndaşlar torpaq qanunvericiliyinin tələblərini pozurlar. Bu da vətəndaşların tikinti aparılması qaydalarından, mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olduqlarından və məsuliyyət daşıdıqlarını bilməmələrindən irəli gəlir. Bu halların qarşısının alınması üçün vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılması vacib məsələdir. Aid orqanlar əhali arasında izahat işləri aparmalı, bu sahədə tətbiq olunan qanunvericilik normalarını onlara izah etməlidirlər.

Qeyd olunub ki, torpaqlardan səmərəli istifadə ilə bağlı həyata keçirilən tədbirlər təkcə bu günümüzə deyil, eləcə də gələcəyimizə hesablanmış iqtisadi və sosial siyasətin tərkib hissəsidir. Torpaqlardan müəyyən edilmiş qaydada düzgün istifadə etmək hər bir vətəndaşın borcudur.

Naxçıvan şəhər prokuroru  Elsevər Quliyev torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri barədə danışaraq torpaqlardan qanunsuz istifadə ilə bağlı qanunvericiliyin tələblərini ətraflı izah edib.

Naxçıvan Şəhər Polis İdarəsinin  rəisi Mirzə Cəlilov qeyd edib ki, ötən il  Naxçıvan şəhərində və şəhərin Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət və Tumbul kəndlərində bu məqsədlə  reydlər keçirilib.  Reydlər zamanı qanunsuz zəbt olunmuş torpaqlar müəyyən edilərək dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılıb, eyni zamanda vətəndaşlar tərəfindən zəbt olunmuş torpaqların rüsumlarının dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bildirib ki, bundan sonra da torpaq sahələrindən istifadə üzrə hər hansı bir formada qanunsuzluq aşkar olunarsa qanuvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görüləcək.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov müşavirəyə yekun vuraraq bu sahədə qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verib.

Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: