Naxçıvan Muxtar Respublikasının Konstitusiyası - 20 il

298

Naxçıvanın Muxtar Respublikası unitar quruluşa malik Azərbaycan Respublikasının tərkibində siyasi muxtariyyətdir. Muxtariyyətin yaranmasının beynəlxalq təcrübədən unikal fərqi ondan ibarətdir ki, Naxçıvanın hüquqi statusu qətiyyən etnik-milli amillə bağlı deyil. Muxtariyyətin yaranmasının əsas səbəbi 1918-1920-ci illərdə Azərbaycanın tarixi vilayəti olan Zəngəzurun ermənilər tərəfindən işğalı olmuşdur. Məhz bu işğal nəticəsində Naxçıvan ölkənin əsas ərazisindən coğrafi cəhətdən aralı düşdü. 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən plebissitdə əhalisinin 90%-dən çoxu bölgənin Azərbaycanın tərkibində qalmasına səs verdi. Türkiyə ilə sovet Rusiyası arasında bağlanan Moskva (1921, 16 mart) və bir tərəfdən Türkiyə və digər tərəfdən Azərbaycan, Gürcüstan və Ermənistan tərəfindən (Rusiyanın iştirakı ilə) imzalanmış Qars müqavilələri (1921, 13 oktyabr) ilə Naxçıvana Azərbaycanın tərkibində siyasi muxtariyyət statusu verildi. Həmin müqavilələrin tarixi əhəmiyyətindən bəhs edən ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu, beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz”.

Lakin sovet hakimiyyəti 1921-1924-cü illərdə Naxçıvanın hüquqi statusu ətrafında müxtəlif siyasi oyunlar apardı. Əvvəlcə, Moskva müqaviləsi imzalandıqdan sonra Naxçıvan “Sovet Sosialist Respublikası” adlandırıldı. Daha sonra 1923-cü ilin yanvarından kommunist partiyasının hakim orqanları bölgənin hüquqi statusunun siyasi muxtariyyətdən inzibati muxtariyyətə qədər azaltdı. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin  16 iyun 1923-cü il tarixli qərarı ilə Naxçıvan SSR Azərbaycan SSR-in tərkibində Naxçıvan Diyarı kimi yenidən təşkil olundu. Azərbaycan SSR hökumətinin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan Diyarı Azərbaycan SSR-in tərkibində muxtar respublikaya çevrildi və beləliklə, Naxçıvanın yekun hüquqi statusu müəyyən edildi.

Konstitusionalizm hər bir dövlətdə hüquqi nizam prinsiplərini tətbiq etmək üçün vacib mexanizmlər sistemidir. Bu anlayış, ilk növbədə, dövlət anlayışı ilə bağlıdır. Bu mənada müasir hüquqi, demokratik, dünyəvi dövləti konstitusiyasız təsəvvür etmək mümkün deyil. Bu baxımdan Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası özünün tarixi konstitusionalizm təcrübəsi ilə fərqlənir və hətta dünyanın ilk siyasi muxtariyyətlərindən biri kimi ən zəngin konstitusiya təcrübəsi tarixinə malikdir. Keçmiş sovet muxtariyyətləri istisna olmaqla, beynəlxalq təcrübədə muxtariyyətlərin statuslarının konstitusion səviyyədə rəsmiləşdirilməsinə 1970-ci illərdən başlayaraq rast gəlinir. Digər tərəfdən unitar dövlətlərin tərkibindəki muxtariyyətlərin hüquqi statusu daha çox dövlət qanunları, parlament aktları və ya statuslarla müəyyənləşdirilir. Naxçıvan isə 95 illik muxtariyyəti tarixində özünün konstitusiya statuslu bir əsasnaməsinə və 4 konstitusiyasına malik olmuşdur.

Belə ki, 1924-cü ilin aprelində Azərbaycan SSR hökuməti 5 bölmə, 13 fəsil, 69 maddədən ibarət “Naxçıvan Sosialist  Sovet  Respublikası haqqında  Əsasnamə”ni təsdiq etdi. Muxtariyyətin birinci Konstitusiyası (4 bölmə, 63 maddə) həmin Əsasnaməyə uyğun olaraq işlənib hazırlandı və 1926-cı il aprelin 18-də təsdiq edildi. Muxtariyyətin 1937-ci ildə 11 fəsil, 114 maddədən ibarət ikinci və 1978-ci ildə 10 bölmə, 16 fəsil, 163 maddədən ibarət üçüncü konstitusiyası qəbul edildi. Həm “Əsasnamə”də, həm də ilk Konstitusiyada “Naxçıvan Sosialist Sovet Respublikası” adına “Muxtar” sözü əlavə edilməmişdi. Bu  məsələ Naxçıvanın ikinci Konstitusiyasında (1937) öz həllini tapdı və muxtariyyət məhz həmin ildən “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adlandırıldı.

Naxçıvanın muxtariyyət statusu ilə bağlı ilk Azərbaycan Konstitusiyasında (1921) heç bir müddəa olmasa da, 1925-ci ildə Konstitusiyaya müvafiq dəyişikliklər edildi və 1927-ci ildə qəbul edilən yeni Azərbaycan Konstitusiyasında belə maddələr salınmışdı. 1937-ci və 1978-ci il Azərbaycan konstitusiyalarında isə Naxçıvan muxtariyyətinə xüsusi fəsillər həsr edilmişdi.

Müstəqillik ərəfəsində, 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə formalaşan Naxçıvan parlamenti görkəmli dövlət xadimi Heydər Əliyevin sədrlik etdiyi ilk sessiyasında (1990, 17 noyabr) mühüm qərarlar qəbul etdi: “Muxtar Sovet Sosialist Respublikası” adından “Sovet Sosialist” sözləri çıxarıldı və muxtariyyət – Naxçıvan Muxtar Respublikası, onun qanunverici orqanı olan Ali Sovet – Ali Məclis adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) üç rəngli milli bayrağı muxtariyyətin Dövlət bayrağı elan edildi.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin 1995-ci ildə qəbul edilən Konstitusiyasına Naxçıvanın hüquqi-siyasi statusu ilə bağlı ayrıca fəsil (VIII fəsil, 134-141-ci maddələr) salındı. Konstitusiyanın 134-cü maddəsi Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının tərkibində muxtar dövlət və Azərbaycanın ayrılmaz tərkib hissəsi elan etdi.

Azərbaycanın 1995-ci il Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının müasir siyasi zamanın tələblərinə uyğun yeni Konstitusiya layihəsi hazırlandı. Avropa Şurasının, Venesiya Komissiyasının, Fransa Dövlət Administrasiyasının Beynəlxalq İnstitutunun və digər beynəlxalq təşkilatların ümumiləşmiş rəyinə görə Konstitusiya layihəsi demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verirdi, demokratik dövlətin siyasi və hüquqi təşkili prinsiplərinə uyğun idi. Qanun vasitəsi ilə Demokratiya uğrunda Avropa Komissiyasının (Venesiya Komissiyası) rəyində Konstitusiyanın bütövlükdə muxtariyyətin idarə edilməsi qaydalarını şərtləndirən normal əsaslar yaratdığı və qitənin digər muxtariyyətlərinin səlahiyyətlərinin və əsaslarının müəyyənləşdirilməsində model kimi çıxış edə biləcəyi vurğulanmışdır.

Beləliklə, Naxçıvan Konstitusiyası 1998-ci il dekabrın 29-da Azərbaycan parlamenti və Azərbaycan Prezidenti tərəfindən təsdiq edildi. 6 fəsil, 50 maddədən ibarət Konstitusiya 1999-cu il yanvarın 8-də dərc edilərək qüvvəyə mindi.

Sovet dövrü konstitusiyalarından fərqli olaraq yeni Konstitusiya müstəqil Azərbaycan dövlətinin tərkib hissəsi olan muxtar dövlətin Konstitusiyasıdır. Bu Konstitusiya daha lakonikdir, hüquqi norma və göstərişləri daha aydın və birbaşa əks olunub. Konstitusiyanın preambulası genişdir və ilk dəfə burada muxtariyyətin əsaslarının hazırda qüvvədə olan beynəlxalq müqavilələrlə qoyulduğu göstərilib. Preambulada Konstitusiya qəbul edilərkən ilk ülvi niyyət kimi “Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq” amalı bəyan edilir. Bu, Azərbaycan dövlətinin unitarlığını möhkəmləndirmək məramına xidmət edir. Bu məram Konstitusiyanın mətnində daha geniş təsbit olunub: Konstitusiyaya görə, Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Muxtariyyət səlahiyyətlərinə aid məsələlərin həllində ölkənin ümumi mənafeləri ilə bağlıdır. Naxçıvan ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri daxilində vahid, toxunulmaz və bölünməzdir.

Məhz bu Konstitusiyada ilk dəfə dövlət hakimiyyəti “hakimiyyətlərin bölünməsi prinsipi”nə əsaslanır. Qanunvericilik hakimiyyətini Naxçıvan MR Ali Məclisi, icra hakimiyyətini Naxçıvan MR Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan MR məhkəmələri həyata keçirir.

Konstitusiya muxtar respublikaya qanunverici orqana – Ali Məclisə seçkilər, Ali Məclis deputatlarının statusu, yerli Ombudsmanın statusu, ölkənin iqtisadi və vergi siyasəti çərçivəsində vergilər, muxtariyyətin iqtisadi inkişafının istiqamətləri, sosial təminat, ətraf mühitin qorunması, turizm, səhiyyə, elm və mədəniyyət sahələrində qanunvericilik səlahiyyətləri verir.

Konstitusiya muxtar dövlətin başçısı kimi “Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi” institutunu təsis edir. Ali vəzifəli şəxs qanunvericilik və icra hakimiyyəti sahələrində səlahiyyətlərə malikdir. Konstitusiya prezidentli respublika olan Azərbaycan dövlətinin tərkibində parlamentli muxtar respublika modelini yaradır. Ali vəzifəli şəxs Naxçıvan Ali Məclisinin Sədridir. Konstitusion səviyyədə Ali vəzifəli şəxs Ali Məclisin sədri vəzifəsi ilə birləşdirilsə də, Ali vəzifəli şəxs – muxtar dövlətin başçısı kimi geniş, Ali Məclisin sədri isə sırf parlamentin spikeri funksiyasını əhatə edən səlahiyyətlərə malikdir. Ali vəzifəli şəxs parlamentə seçkilər təyin edir, qanunları promulqasiya edir, dövlət orqanlarının qarşılıqlı fəaliyyətini təmin edir, muxtariyyətdəki ictimai-siyasi məsələlərə dair Ali Məclisə məlumat verir, hökumətin istefası və parlamentin sessiyaları arasındakı dövrdə fəaliyyəti ilə bağlı məsələləri həll edir, Ombudsmanın namizədliyini irəli sürür, birbaşa Azərbaycan Prezidentinin səlahiyyətlərinə aid olan məsələlərlə (icra hakimiyyəti başçılarının, hakimlərin, prokurorların vəzifəyə təyin və vəzifədən azad olunması, ali xüsusi rütbələrin verilməsi, vətəndaşlıq, əfv, dövlət təltifləri və s.) bağlı təqdimat verir, Təhlükəsizlik Şurasını yaradır və ona rəhbərlik edir. Ali vəzifəli şəxs muxtariyyəti xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, həmçinin başqa fiziki və hüquqi şəxslərlə münasibətdə, Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində muxtar respublikanın mənafeləri ilə bağlı iqtisadi və mədəni məsələlərdə, qanunla müəyyən edilmiş həddə və qaydada təmsil edir.

İnsan və vətəndaş hüquq və azadlıqlarının, həmçinin vətəndaşların vəzifələrinin icrasının təmin edilməsində muxtariyyət Azərbaycan Konstitusiyasına əsaslanır və vahid vətəndaşlıq prinsipindən çıxış edir. Dövlətin vahidliyini və unitarlığını daha bir mühüm amil möhkəmləndirir: muxtariyyətin dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və dövlət himnidir.

Qanunvericilik orqanı majoritar seçki sistemi əsasında, 45 deputatdan ibarət tərkibdə 5 il müddətinə seçilən Ali Məclisdir. Muxtar respublika ərazisində daimi yaşayan hər bir Azərbaycan vətəndaşı parlamentin deputatı seçilə bilər. Qanunvericilik təşəbbüsü hüququ deputatlara, muxtariyyətin Baş nazirinə, Ali Məhkəməsinə və Prokurorluğuna mənsubdur.

Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanı Ali Məclisə tabe olub, ona hesabat verən Nazirlər Kabinetidir.

Muxtariyyətdə məhkəmə hakimiyyətini Naxçıvan MR Ali Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələr həyata keçirir. Ali Məhkəmə muxtar respublika ərazisində apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, Konstitusiya nəzarətini təmin edir. Ümumi və ixtisaslaşdırılmış məhkəmələr öz səlahiyyətləri üzrə birinci instansiya məhkəmələridir.

Beləliklə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası demokratik, dünyəvi, hüquqi muxtar dövlətin siyasi-hüquqi əsaslarını yaradan və idarəçilik formasını təsbit edən mühüm ali hüquqi sənəddir. Konstitusiya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müəllifliyi ilə muxtar respublikanın son 23 illik sosial-iqtisadi və hüquqi-siyasi inkişaf dövrünün ən mühüm uğurlarından biri kimi, ötən 20 il ərzində özünün həyatiliyini yüksək səviyyədə göstərmiş və muxtar dövlətin optimal idarəçilik sisteminin formalaşdırılmasında əsas və həlledici hüquqi akt olmuşdur. Təsadüfi deyildir ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi 2013-cü il oktyabrında 25-ci sessiyasında qəbul etdiyi “Avropanın xüsusi statuslu regionları və əraziləri” adlı sənəddə Naxçıvan Muxtar Respublikasının statusunu model kimi qeyd etmiş, onun tətbiqinin uğurlu və faydalı olduğunu bildirmişdir. Bu baxımdan qətiyyətlə söyləmək olar ki, 2018-ci ildə 20 yaşı tamam olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qüvvədə olduğu müddətdə həm milli, həm də beynəlxalq miqyasda mühüm hüquqi sənəd kimi özünü təsdiqləmiş, muxtar dövlətin mövcudluğunun əsasına çevrilmiş və ölkəmizin ərazi bütövlüyünün başlıca qanuni əsaslarından biri kimi çıxış etmişdir.

 

Elman Cəfərli

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri,

Tarix üzrə fəlsəfə doktoru, dosent

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: