Bu gün saat 11:00-da başlayan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri başa çatıb.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirin açılışı Naxçıvan Dövlət Televiziyası (NTV) və NUHÇIXAN İnformasiya Agentliyi ilə canlı yayımlanıb.
Açılış tədbirində “Mənim Naxçıvanım” foto-sərgisinə və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filminə baxış olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış ediblər. Rəsmi çıxışların ardından Naxçıvan Dövlət Filarmoniyası tədbir üçün hazırladığı konsert proqramını təqdim edib.
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbirində İslam Konfrası Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirləri də iştirak ediblər.
Xatırladaq ki, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” mədəniyyət ili çərçivəsində ISESCO-nun 2018-ci il üçün Fəaliyyət Planına uyğun olaraq iyunun 20-21-də Bakıda “Mədəniyyət sənayesində investisiyanın vacibliyi və onun gənclər arasında işsizliyin azaldılmasında rolu” üzrə milli seminar təşkil olunacaq. Həmçinin iyunun 21-22-də Naxçıvan şəhərində “Üzv ölkələrdə ISESCO-nun Yaşıl Şəhərlər Strategiyasının həyata keçirilməsi” üzrə ekspertlərin görüşü keçiriləcək.