Dünya çempionatının VII günündə səkkizdəbir finalın daha üç iştirakçısı müəyyənləşə bilər

129

İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII günündə səkkizdəbir finalın daha üç iştirakçısı müəyyənləşə bilər.

NUHÇIXAN xəbər verir ki, gün ərzində keçiriləcək oyunlarda “A” qrupunda yer alan komandalardan Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları üz-üz gələcəklər. “B” qrupunda isə Portuqaliya-Mərakeş və İran-İspaniya görüşləri keçiriləcək.

Dünya çempionatının yeddinci gününə saat 16:00-da Moskvadakı “Lujniki” stadionunda başlayacaq Portuqaliya-Mərakeş oyunu ilə start veriləcək. Portuqaliya ilk turda İspaniya yığması ilə heç-heçə (3:3) edib. Mərakeş isə son dəqiqələrdə buraxdığı avtoqolla İran yığmasına minimal hesabla məğlub olub. İspaniya ilə oyunda het-trik edən Kriştiano Ronaldo çempionatda bombardir olmaq üçün bu görüşdə mümkün qədər çox qol vurmağa çalışacaq.

Dünya çempionatlarında ilk qələbəsini 1986-cı ildə Portuqaliya üzərində qazanan (1:0) Mərakeş yığması növbəti mərhələyə yüksəlmək üçün bu uğuru təkrarlamalıdır. Lakin bu dəfə Şimali Afrika təmsilçisinin şansları çox azdır. Mərakeş yığması indiyədək qatıldığı dörd dünya çempionatında keçirdiyi 14 görüşün yalnız ikisində qalib gəlib.

“A” qrupunda Rusiyanın iki qələbə qazanaraq 6 xalla səkkizdəbir finala yüksəlməsindən sonra bu qrupun favoriti sayılan Uruqvayın da Səudiyyə Ərəbistanını məğlub edərək növbəti mərhələyə çıxmaq şansları böyükdür. Bu komandalar ilk dəfədir üz-üzə gəlirlər. “Rostov Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Görüşü fransalı referi Klemen Turpin idarə edəcək.

Günün saat 22:00-da başlayacaq üçüncü görüşündə hazırda “B” qrupuna liderlik edən İran yığması ilə İspaniya millisi “Kazan Arena”da qarşılaşacaqlar. İlk turda Mərakeş üzərində vacib üç xal qazanan İran qrupdan çıxmaq şanslarını qorumaq üçün bu görüşdə ən azı heç-heçə etməlidir. Birinci turda Portuqaliya ilə heç-heçədən sonra ispaniyalılar səkkizdəbir finala çıxmaq şanslarını yaxşılaşdırmaq üçün 3 xalla qrupa liderlik edən İran millisini mütləq məğlubiyyətə uğratmalıdırlar.

Portuqaliya – Mərakeş oyunu saat 16:00-da İdman Azərbaycan və İctimai Televiziya vasitəsilə birbaşa yayımlanacaq. Azərbaycanlı idmansevərlər Uruqvay – Səudiyyə Ərəbistanı qarşılaşmasına saat 19:00-da İdman Azərbaycan kanalında baxa biləcəklər. İran-İspaniya görüşü isə saat 22:00-da İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: