Naxçıvan inkişafa görə yenə də liderdir

254

Prezidentin qayğısı muxtar respublikanın hərtərəfli yüksəlişinin əsas zəminidir

“…Yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayırıq”.
Mayın 16-da Prezident kimi 14-cü dəfə Naxçıvana səfər edən cənab İlham Əliyev Müəllimlər İnstitutunun yeni binasının açılışında çox da uzaq olmayan zaman kəsiyini xatırlayaraq muxtar respublikanın keçmişi ilə bugünü arasında müqayisə apardı. Təxminən 26-27 il öncə Naxçıvanın yaşadığı çətin və ağrılı günlərlə bugünkü durumunu dəyərləndirən dövlət başçısının fikirləri hər kəsi qürurlandırdı. Çünki bir zamanlar şam, lampa işığına möhtac olan Naxçıvanda bu gün istehsal edilən elektrik enerjisi nəinki özünə bəs edəcək qədərdir, hətta ixracına da imkanı çatır.

Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan ağır illərdən şərəflə çıxa bilib

Muxtar respublikanın uğurlu inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərib. Prezident səfərində vurğuladı ki, 1990-cı illərin əvvəllərində ulu öndər çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilib: “Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar. O illərdə Naxçıvan üçün və ümumiyyətlə Azərbaycan üçün həlledici məsələlər öz həllini tapmışdır. Ulu öndərin rəhbərliyi ilə Naxçıvan o ağır illərdən şərəflə çıxa bilmişdir”.

Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilməyib

Tarixə bir daha ekuskurs edən İlham Əliyev Azərbaycanın müstəqilliyinin əldə edilməsi prosesində Naxçıvanın çox böyük rolunun olduğunu söylədi. Bildirdi ki, məhz o illərdə ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Naxçıvanda rəsmi bayraq kimi təsdiq edib və Azərbaycan Ali Soveti qarşısında bu bayrağın dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı vəsatət qaldırılıb. Ancaq o vaxt Azərbaycan rəhbərliyi buna imkan verməyib: “O vaxt Naxçıvan “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adlanırdı və ulu öndərin təklifi ilə bu addan “sovet sosialist” sözləri çıxarıldı. Bu, sovet dövründə baş vermişdir. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Bütün bu işlər böyük cəsarət tələb edirdi. Bütün bu işlər onu göstərirdi ki, ulu öndər həmişə müstəqillik arzuları ilə yaşayırdı. Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsində ulu öndərin və naxçıvanlıların çox böyük rolu vardır”.

Dünya miqyasında rekord göstərici

Naxçıvanın son illərdəki uğurlarından söz açan İlham Əliyev qeyd etdi ki, muxtar respublika bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edir. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıb. Bu, həqiqətən dünya miqyasında rekord göstəricidir.
Həqiqətən bu gün Naxçıvanda böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Muxtar respublikanın uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının istəyinə bağlı olan məsələdir. Çünki Naxçıvan tarixi diyarımız, qədim Azərbaycan torpağıdır. Burada yerləşən abidələr Azərbaycanın zəngin tarixini və xalqın istedadını göstərir. Bununla yanaşı, Naxçıvan strateji yerdə yerləşir və ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır.

Naxçıvana 14-cü səfər

Ulu öndərin siyasi xəttinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən Naxçıvana qayğı, diqqət məsələlərində o yolu davam etdirən İlham Əliyev Prezident kimi ilk dəfə Naxçıvana səfərini də xatırladı: “Bu səfər mənim Prezident kimi Naxçıvana sayca 14-cü səfərimdir. Prezident kimi ilk dəfə Naxçıvana düz 14 il bundan əvvəl – 2004-cü ilin may ayında gəlmişdim. Bu 14 il ərzində Naxçıvanda gedən işləri daim diqqətdə saxlamışam və respublikanın uğurlu inkişafı üçün nə lazımdırsa, biz onu da edirik”.
Prezident vurğuladı ki, bu illər ərzində ilk növbədə Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Muxtar respublika düşmənlə üz-üzə dayandığı üçün, əlbəttə ki, ilk növbədə uğurlu inkişaf üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Bu səbəbdən də Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb.

Müasir raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər

Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin bugünkü gücü və ordumuzun malik olduğu müasir hərbi texnikalar barədə də məlumat verdi. Eyni zamanda qeyd etdi ki, son illərdə Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilib.
Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir: “Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər, eyni zamanda uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.

Tezliklə Naxçıvanda elə bir hadisə yaşanacaq ki…

Prezident həmçinin bildirdi ki, bu gün elektrik enerjisi ilə bağlı bütün problemləri həll olunan Naxçıvanda son illər 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra muxtar respublika öz enerji tələbatının 100 faizini bərpa olunan enerji hesabına təmin edəcək.
Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaq: “Bu gün Naxçıvan elektrik enerjisini ixrac edə bilər. Şadam ki, o cümlədən günəş elektrik stansiyası tikilib, su elektrik stansiyaları tikilir və Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır. Naxçıvanın əhalisi artır, sənaye istehsalı bundan sonra da artacaq. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik”.

Bütün yeni infrastruktur Naxçıvanın güclü potensialını təmin edir

Prezident bildirdi ki, Naxçıvanın qazlaşdırılması ilə bağlı məsələlər öz həllini tapıb, qazlaşdırma 100 faiz təmin edilib, içməli su layihələri uğurla icra edilir və yeni avtomobil yolları salınır. Əlbəttə ki, bütün bunlar Naxçıvanın uğurla, sürətlə inkişaf etməsinə real zəmin yaradır. Dövlət başçısının söylədiyi kimi, yəni bütün bu infrastruktur artıq Naxçıvanın güclü potensialını təmin edir.
Bununla yanaşı, iqtisadiyyatın real sektorunun inkişafına da böyük diqqət göstərilir. Sənaye müəssisələri yaradılır, ixrac imkanları artır, kənd təsərrüfatı uğurla inkişaf edir. Naxçıvan özünü taxılla təmin edir. Qəbul edilmiş son qərarlar kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək.

“Şimal-Cənub” nəqliyyat dəhlizi Naxçıvanı blokadadan çıxaracaq

Azərbaycanın hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə ciddi məşğul olduğunu da diqqətə çatdıran İlham Əliyev bildirdi ki, ölkə ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Gələcək üç il ərzində layihənin tam istifadəyə verilməsi gözlənilir: “Planımız bundan ibarətdir. Belə olan halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaqdır”.
Yəni bu mühüm işlərin görülməsi Naxçıvanın çox böyük potensialının olduğunu bir daha təsdiqləyir. Həqiqətən də dövlət başçısının qayğısı ilə burada görülən işlər yüksək qiymətə layiqdir.

55 milyon manatlıq yeni dövlət dəstəyi

Dövlət başçısı Naxçıvana səfəri çərçivəsində 4 yeni obyektin açılışında iştirak etdi. Eyni zamanda Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsindəki sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
Səfərdən sonra Prezident Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi (5 milyon manat), sosial-iqtisadi inkişafın sürətləndirilməsi (10 milyon manat), Ordubad Su Elektrik Stansiyasının (10 milyon manat) və Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi (30 milyon manat) ilə bağlı əlavə tədbirlərin davam etdirilməsi üçün 4 sərəncam imzalayıb. Bu sərəncamlarda nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün ümumilikdə 55 milyon manat vəsait ayrılıb.

Rəşad Baxşəliyev,
“Azərbaycan”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: