Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələri genişlənir

Xarici tələbələr ali təhsil ocağına üstünlük verirlər

299

Naxçıvan Dövlət Universitetinin ölkəmizdə və onun hüdudlarından kənarda nüfuzlu elm və təhsil ocağı kimi tanınması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin və şərəfli inkişaf yolu keçmiş ali təhsil ocağı ümummilli liderimizin ideyalarını yaşadan dövlətçilik universitetidir. Ulu öndər demişdir: “Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyanlardan biri və onun təşəbbüskarıyam… Böyük iftixar hissi keçirirəm ki, əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir… Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir. Naxçıvan Dövlət Universiteti isə Naxçıvan təhsilinin zirvəsidir”.

Bu gün Naxçıvan Dövlət Universiteti yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri universiteti də əhatə etmiş, müasir tədris korpusları, kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti və Tələbə evi istifadəyə verilmiş, müasir “Universitet şəhərciyi” salınmışdır. Naxçıvan Dövlət Universitetində informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunmuş, elektron idarəetmə və tədris sistemi istifadəyə verilmiş, kadr hazırlığına diqqət artırılmış, yeni fakültələr və ixtisaslar açılmışdır.1967-ci ildə 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 12 fakültədə tədris aparılır, bakalavr səviyyəsində 60 ixtisas üzrə 5351 tələbə, magistratura səviyyəsində 81 ixtisas üzrə 326 magistrant, doktorantura səviyyəsi üzrə 150 doktorant təhsil alır. Universitetdə dissertasiya şurasının fəaliyyət göstərməsi muxtar respublikada ali təhsillə yanaşı, elmi potensialın da inkişafına əhəmiyyətli təsir göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan Dövlət Universitetinin ötən 50 ildə qazandığı təcrübə, elmi potensial və yaradılan tədris imkanları bizim sərvətimizdir”.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, bu gün Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dünya universitetlərinə inteqrasiya edən müasir tipli ali təhsil ocağıdır. Əgər 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizin 37 universiteti arasında 36-cı yerdə idisə, hazırda yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə Azərbaycan ali təhsil müəssisələri arasında ilk sıradadır. 2015 və 2017-ci illərdə Naxçıvan Dövlət Universiteti ölkəmizin ali məktəblərinin reytinqində ilk yeri tutub. Asiya Universitetləri Cəmiyyətinin, Avropa Rektorlar Klubunun, Avrasiya Universitetlər Birliyinin (EURAS) üzvü olan, “Minilliyin universiteti” adını daşıyan bu ali təhsil ocağını Şərqdə və Qərbdə nəinki tanıyır, həm də dünya universitetləri ailəsinin layiqli üzvü kimi qəbul edirlər.  Son illər beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, hazırda Naxçıvan Dövlət Universitetinin dünyanın 50-dən çox ölkəsinin 80-dən artıq ali təhsil ocağı ilə faydalı əməkdaşlıq münasibətləri mövcuddur.  “Mövlana”, “Tempus”, “Erasmus+”, “Erasmus Mundus”, “Key Action” proqramlarının uğurlu icrası universitetin beynəlxalq arenada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün Naxçıvan Dövlət Universitetində beynəlxalq, o cümlədən elmi əməkdaşlığın inkişafı ilə yanaşı, tələbə mübadiləsinə də böyük əhəmiyyət verilir. Müasir təhsil infrastrukturunun, möhkəm maddi-texniki bazanın və güclü kadr potensialının yaradılması xarici tələbələrin diqqətinin bu ali təhsil ocağına yönəlməsində başlıca amildir. Təbii ki, bu işdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının, burada təhlükəsiz həyatın təmin olunmasının, multikulturalizm ənənələrinin layiqincə qorunub saxlanılmasının da mühüm rolu vardır. Bu gün Azərbaycanın ali təhsil müəssisələrində 6 min əcnəbi təhsil alır ki, onun da 500-ü Naxçıvan Dövlət Universitetinin tələbəsidir.

Naxçıvan Dövlət Universitetində Xarici tələbələrlə iş üzrə dekanlıq fəaliyyət göstərir. Dekanlıq universitetə təhsil almağa gələn xarici vətəndaşların hazırlıq kurslarını təşkil edir, ayrı-ayrı fakültələrdə bakalavr və magistr təhsili alan xarici tələbələrin qayğıları ilə maraqlanır. Xarici ölkələrdən gələn tələbələr hazırlıq kurslarında 8 ay təhsil aldıqdan sonra buraxılış imtahanı verirlər. Buraxılış imtahanından keçənlər seçdikləri ixtisaslar üzrə birinci kurslara qəbul olunurlar. Magistratura təhsilini seçən əcnəbi vətəndaş isə Azərbaycan Respublikasının hər hansı ali təhsil müəssisəsinin bakalavr pilləsindən məzun olubsa, bu zaman o, hazırlıq kursu keçmədən magistraturaya qəbul edilir.

Bu gün Naxçıvan Dövlət Universitetində dünyanın 8 ölkəsindən – Türkiyə, İran, Nigeriya, Banqladeş, Cənubi Koreya, Qana, Nepal və İraqdan tələbələr təhsil alır. Tələbələrin sayına görə Türkiyə Respublikası birinci sıradadır.  Xarici tələbələr, əsasən, universitetin Tarix-filologiya, Fizika-riyaziyyat, Pedaqoji, Təbiətşünaslıq və kənd təsərrüfatı, Memarlıq və mühəndislik, Tibb, Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq, İqtisad və İncəsənət fakültələrində təhsil alırlar. Sevindirici haldır ki, son iki ildə universitetə təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayında artım müşahidə olunmuşdur. Belə ki, bu il 252 əcnəbi tələbənin müxtəlif ixtisaslar üzrə hazırlıq kursuna qəbul olunması Naxçıvan Dövlət Universitetinin dünyada artan nüfuzunun, beynəlxalq arenada qəbul edilən ali təhsil müəssisəsi olmasının təqdirəlayiq ifadəsidir.

2018-ci ilin sentyabr ayından etibarən əcnəbi tələbələrin müvəqqəti yaşayış üçün qeydiyyatı artıq universitetin Xarici əlaqələr bölməsində aparılır. Əcnəbi tələbələr olduqları yer üzrə qeydiyyat və müvəqqəti yaşama icazələrinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə elektron qaydada müraciət etmək imkanına malikdirlər. Naxçıvan Dövlət Universitetində xarici tələbələrin asudə vaxtının səmərəli təşkili də diqqətdə saxlanılır, bu məqsədlə müxtəlif intelektual oyunlar, müsabiqələr, idman yarışları, viktorinalar, Beynəlxalq Tələbə Gənclər Həftəsi təşkil olunur. Vaxtaşırı keçirilən “Azərbaycanı tanı” intelektual oyunda, futbol, şahmat, stolüstü tennis, badminton və digər idman növləri üzrə yarışlarda əcnəbi tələbələr fəallıq göstərirlər. Beş min illik tarixə şahidlik edən, dünya sivilizasiyasının beşiyi olan Naxçıvanın tarixi və mədəni abidələrinə, muzeylərinə, turizm obyektlərinə turların təşkili də tələbələrin muxtar respublika ilə daha yaxından tanış olmasına imkan verir.

Naxçıvan Dövlət Universitetinin dünyaya inteqrasiyasında, xarici tələbələrin burada təhsil almaq imkanlarının daha da yaxşılaşmasında distant təhsilin tətbiqi mühüm əhəmiyyətə malikdir. Distant təhsil proqramının Azərbaycan ali məktəbləri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində həyata keçirilməsi tədris prosesində müasir texnologiyaların imkanlarından geniş istifadənin nəticəsidir. Tələbələr istənilən ölkədən kompüter, mobil telefon və planşetlər vasitəsilə Naxçıvan Dövlət Universitetinin ndu.edu.az saytına müraciət etməklə Distant Təhsil Mərkəzinə qoşulmaq imkanına malikdirlər. Çoxfunksiyalı distant təhsil proqramında dərslər offlayn və onlayn rejimdə tədris olunur. Keçirilən dərslərin yaxşı mənimsənilməsi üçün elektron kitabxana portalı fəaliyyət göstərir. İlkin mərhələdə xarici dil müəllimliyinin ingilis, fransız, alman və rus dilləri olmaqla 4 ixtisas üzrə distant təhsil aparılır.

Universitetdə təhsil alan xarici tələbələr yaradılan şəraiti yüksək qiymətləndirirlər. Cihad Erdem Türkiyə vətəndaşıdır. Memarlıq ixtisasının III kursunda oxuyur. O, Naxçıvan Dövlət Universitetində təhsil almaqdan və muxtar respublikada olmaqdan məmnunluğunu bildirərək deyir: “Naxçıvanda təhsil almaq istəyi məndən əvvəl burada oxumuş dostlarımın tövsiyyəsi əsasında yarandı. Muxtar respublikaya gələndən sonra onların Naxçıvanın inkişafı və təhsilin səviyyəsi barədə dediklərindən də artığının şahidi oldum. Bunlar məni çox sevindirdi. Sizin bir atalar sözünüzdə də deyildiyi kimi: min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Dilimizin, kökümüzün, adət-ənənələrimizin, tariximizin bir olmağı imkan verir ki, bir-birimizi daha yaxşı başa düşək. Buraya daha yaxından bələd olduqca görürəm ki, Naxçıvan həqiqətən də ən qədim oğuz-türk yurdudur. Bu torpağın hər qarışında əcdadlarımızın yaratdığı böyük mədəniyyətin, qədim tarixin izləri vardır. Dərsdən sonra bizi vaxtaşırı muzeylərə aparırlar. Bax bu, mənim üçün ən böyük dərs və asudə vaxtımın ən səmərəli təşkili formasıdır”.

Memarlıq ixtisası üzrə III kurs tələbəsi David Lekan Olaboye nigeriyalıdır. Uzaq Afrika ölkəsindən elm öyrənməyin yolunu tutub Naxçıvana gəlmiş bu gəncin fikirləri də maraqlıdır: “Naxçıvan Dövlət Universitetini məndən əvvəl burada oxuyan həmvətənlərimin sayəsində seçmişəm. Mən universitetin yataqxanasında qalıram və bu da mənim üçün hər cəhətdən rahat və sərfəlidir. Təhsilin səviyyəsi yüksəkdir. Tədrisdə ən müasir texnologiyalar tətbiq olunur. Naxçıvanda insanlar arasındakı mehribançılıq, qonaqpərvərlik məni buraya daha çox bağlayır. İdmana marağım var. Boksla məşğul oluram. Universitetin İdman kompleksində məşq etməyim üçün geniş imkanlar vardır. Bir həqiqəti etiraf edim ki, universitetin idman kompleksində yaradılan şərait çox ölkənin böyük şəhərlərində belə yoxdur. Heç bir vəsait ödəmədən mən burada məşq edirəm. Hətta keçirilən yarışlara qatılıb diplomlar da almışam”.

Jurnalistika ixtisası üzrə II kurs tələbəsi Adebusalo Owoade də nigeriyalıdır. Onun təəssüratları da maraqlıdır: “Sevinirəm ki, jurnalistika ixtisasına burada yiyələnirəm. Çünki universitetdə Media Mərkəzinin fəaliyyət göstərməsi təhsil və təcrübəni eyni vaxtda qazanmağa imkan verir. Verilişlərin hazırlanmasını və efirə verilmə prosesini maraqla izləyirəm. Gələcəkdə “Universistet” televiziyasında verilişlər də hazırlamağı nəzərdə tuturam. Naxçıvanda gənclərin, o cümlədən xarici tələbələrin təhsil alması ilə yanaşı, onların yaşaması və işləməsi üçün də hərtərəfli şərait yaradılmışdır. Mən də işlə təmin olunmuşam. Dərsdən sonra işləyirəm. Bu da imkan verir ki, həm öz maddi tələbatımı ödəyim, həm də ailəmə yük olmayım”.

Həmsöhbət olduğumuz daha bir nigeriyalı tələbə isə Onanuga Olubayo Josephdir. O, Dünya iqtisadiyyatı ixtisasının IV kurs tələbəsidir.Tələbə yoldaşları deyir ki, Josephi axtaran kitabxanaya getsin. Söhbət zamanı Joseph də bu fikri təsdiq edir: “Naxçıvan çox qədim tarixə malik olan yurd yeridir. Möminə xatın türbəsini, Əlincə qalasını ziyarət etmişəm və məndə çox dərin təəssüratlar formalaşıb. Naxçıvanın təmiz, abad, səliqəli və təhlükəsiz  yer olması mən daxil bütün xarici tələbələrin ürəyincədir. Tərəddüd etmədən günün istənilən saatında şəhərə çıxmaq imkanımız vardır. Universitetin kitabxanasından mütəmadi istifadə edirəm. Oxuduğum ixtisas üzrə kitabları burada tapıram. Xarici tələbə olduğum üçün mənimlə daha çox maraqlanırlar. Kitabxananın elektron oxu zalından da istifadə edirəm”.

“Mən Naxçıvanda olmaqdan həzz alıram. Naxçıvan Dövlət Universiteti haqda  internetdən məlumat toplamışdım, sosial şəbəkələr vasitəsilə burada təhsil alan xarici tələbələrə yazıb soruşmuşdum. Hamısı, “gəl, peşman olmazsan” demişdi.  Gəlib universitetin maddi-texniki bazasını, kampusunu, müəllim heyətini, Naxçıvanın gözəlliklərini, insanların mehribanlığını görəndə öz-özümə “yaxşı ki, burdayam” dedim. Hazırlıq kursunda təhsil almağa başlasam da artıq Naxçıvana, universitetə alışmışam. Elə bilirəm öz evimdəyəm”. Bu fikirlər hazırlıq kursunun dinləyicisi olan banqladeşli  MD Aktaruzzamana məxsusdur.

İranlı tələbə Pariya Mojtahedi Müalicə işi ixtisasının I kursunda oxuyur.  Onun dedikləri: “Mən 10 il bundan əvvəl də Naxçıvanda olmuşdum. Təhsil almaq üçün buraya gələndə isə heyrət etdim. Şəhər başdan-başa dəyişib. Naxçıvan Şərq ənənələrinin və Qərb müasirliyinin vəhdət təşkil etdiyi şəhərdir. Yaşı qədim, özü müasir olan bu torpaqda sivilizasiyalar, mədəniyyətlər birləşir. Universitetin təhsil şəraiti isə çox gözəldir. Tələbə yoldaşlarımızla birgə Tibb fakültəsi üçün yeni binanın inşa olunmasını fərəhlə qarşılayırıq. Xəstəxanalarda təcrübə keçirik, burada olan şərait bizi qane edir. Kiçikdən-böyüyə hamı istiqanlıdır. Tanımadığım ünvanı soruşanda məni aparıb düz oraya çatdırırlar. Tələbə yoldaşlarımla, dostlarımla bir ailəyik. Hətta ailələrimiz arasında da bağlar yaranıb”.

Pariyanın tələbə yoldaşı türkiyəli Şəhriban Sarıhan söhbətə qoşulur: “Mənim xəyallarım arasında bir gün Azərbaycana gəlib yaşamaq olmuşdur. Bu gün mən qədim tarixi olan Naxçıvanda təhsil aldığım üçün çox şadam. Çünki özümü doğma vətənimdə hiss edirəm. Dilimiz, dinimiz, adətlərimiz və dəyərlərimiz birdir. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Türk dünyasının böyük oğlu Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlətik”. 2018-ci ildə Naxçıvanın Azərbaycanın Gənclər paytaxtı, İslam Mədəniyyəti Paytaxtı olmasının qürurunu yaşadıq. Naxçıvanda təşkil edilən konsertlərdə, bilik yarışlarında,  viktorinalarda, idman yarışlarında fəallıq göstərirəm. Mükafatlarım da var. Universitetin 50 illik yubileyi isə xoş xatirələrlə yaddaşıma yazılıb. Xoşbəxtəm ki, yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bir qrup xarici tələbə kimi, məni də mükafatlandırdı. Həmin tədbirdə Naxçıvan haqqında ən xoş sözlərimi, duyğularımı dilə gətirmək ömür boyu unutmayacağım xatirələrdir. 2019-cu ilin Türkiyə və Azərbaycan xalqına uğur gətirməsini diləyirəm. Qarabağ zəfərini birlikdə qeyd edək, inşallah…”

Naxçıvan Dövlət Universitetində xarici tələbələrin təhsili üçün hərtərəfli şərait yaradılıb. Tələbələrin bəziləri müharibənin, bəziləri isə ciddi sosial problemlərin içindən çıxıb gəlib. Naxçıvan Dövlət Universitetində təhsil almaq, sabitlik və inkişaf məkanı olan muxtar respublikada yaşamaq onların arzusu, düşünülmüş siyasi xəttin bəhrəsidir. Bütün bunlar bir daha təsdiq edir ki, Naxçıvan Dövlət Universiteti elmin, tədrisin və mədəniyyətin inteqrasiyasını özündə birləşdirən mötəbər ali məktəbdir.  Naxçıvanın dünyaya açılan qapısıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan Dövlət Universiteti böyük və şərəfli yol keçmişdir. Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Universitet dünyanın aparıcı ali məktəbləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müxtəlif ölkələrdən tələbələr oxuyur. Bu da onu göstərir ki, Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədədir”.

Səadət Əliyeva

 NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsinin müdiri

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: