Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbulundan 20 il ötür

225

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının hazırlanması və qəbulu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.  Hələ 1990-1993-cü illərdə Naxçıvanda ulu öndər tərəfindən qəbul olunmuş bir sıra qanunlar təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycan dövlətinin də gələcək taleyinin müəyyən edilməsində həlledici rol oynamışdır. Belə ki, 1990-cı ilin noyabr ayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Məclisinin ilk sessiyasında tarixi qərarlar qəbul olunaraq Naxçıvan Muxtar Sovet Sosialist Respub­likasının adı Naxçıvan Muxtar Respublikası, Naxçıvan MSSR Ali Sovetinin adı isə dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir.

Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixli Konstitusiyasının qəbul edilməsi və konstitusiyaya Naxçıvan Muxtar Respublikasının konstitusion hüquqi statusuna həsr olunmuş xüsusi fəslin salınması Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün əsas yaratmışdır. Konstitusiyaya görə “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 23 dekabr 1995-ci il tarixli qərarı ilə muxtar respublikada yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiya yaradıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun sədrliyi ilə komissiyanın və onun işçi qrupunun tərkibinə təcrübəli mütəxəssislər, alimlər və ekspertlər daxil edilmişdir. Komissiya Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiya layihəsini hazırlaya­raq ulu öndər Heydər Əliyevin sədri olduğu yeni konstitusiya layihəsi hazırlayan komissiyaya təqdim etdi. Muxtar respublikanın yeni Konstitusiya layihəsi Azərbaycan Respublikası Konstitusiya layihəsini hazırlayan komissiyada dörd dəfə müzakirə edildi.

Konstitusiya layihəsinin müzakirəsi zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov muxtar respublikanın konstitusiyasını əvvəlki konstitu­siyalardan fərqləndirərək demişdir: “Naxçıvan MSSR-in 1978-ci il konstitu­siyasından fərqli olaraq bu Konstitusiyada muxtar respublikanın statusu və onun Azərbaycan Respublikasının Konstitusiyası, Moskva və Qars beynəlxalq müqavilələri ilə müəyyən edilməsi daha aydın görünür. Hakimiyyət bölgüsü, mülkiyyət formaları əvvəlki Konstitusiyaya görə daha dəqiq və genişdir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun birbaşa rəhbərliyi altında və onun gərgin əməyi sayəsində hazırlanmış konstitusiya layihəsi ingilis və fransız dillərinə tərcümə olunaraq rəy verilməsi üçün beynəlxalq təşkilatlara təqdim olunmuş, beynəlxalq ekspertlərin ümumiləşdirilmiş rəyinə görə layi­hə demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verməklə demokratik dövlə­tin siyasi və hüquqi təşkili prinsiplərinə uyğun hesab edilmişdir.

Layihənin son variantı ulu öndər Heydər Əliyevin 12 aprel 1998-ci il tarixli məktubu ilə müzakirə edilmək üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə göndərildi. Bu layihə 15 aprel 1998-ci il tarixli “Şərq Qapısı” qəzetində dərc edilərək ictimaiyyətin müzakirəsinə təqdim olundu. Komissiyanın 23 aprel 1998-ci il tarixli icla­sın­da layihə daxil olan təkliflərlə birlikdə müzakirə edildi və qəbul edilmək üçün Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının müzakirəsinə təqdim edil­məsi qərara alındı. 28 aprel 1998-ci il tarixdə təqdim olunan layihə Naxçıvan Muxtar Res­publikasının Ali Məclisi tərəfindən qəbul edildi, Azərbaycan Respublikası Konstitu­siya­sının 156-cı maddəsinə uyğun olaraq iki dəfə – 30 iyun və 29 dekabr 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən konstitusiya qanunu ilə təsdiq edilərək dövlət başçısı tərəfindən imzalandı.

Muxtar respublikanın konstitusiyası demokratik tələblərə cavab verməklə Nax­çıvanın muxtariyyətinin hüquqi əsaslarını özündə birbaşa əks etdirmişdir. Bu konstitu­siya Naxçıvanın müstəqil Azərbaycanın tərkibində qəbul edilmiş ilk milli konstitusiyasıdır. Bu konstitusiya daha lakonikdir, burada hüquqi norma və göstərişlər daha aydın və birbaşa əks olunmuşdur. İlk dəfə olaraq əsas qanunun özündə onun ən yüksək və birbaşa hüquqi qüvvəsinin olduğu göstərilmiş, qanunvericilik sisteminə daxil olan aktların əhatə dairəsi genişləndirilmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasında Naxçıvan muxtariyyətinin həm beynəlxalq hüquqla, həm də daxili hüquqla tənzimlənən aktlarını sadalamaqla Naxçıvanın məxsus olduğu zəngin dövlətçilik və muxtariyyət tarixinə qısa nəzər salınır və qeyd edilir ki, Naxçıvan muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilədə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının qüvvədə olan Konstitusiyası əvvəlki dövrlərdə qəbul edilmiş konstitusiyalardan fərqli olaraq yeni bir institut – “ali vəzifəli şəxs” institutunu nəzərdə tutur. Naxçıvan Muxtar Respublikası dövlətçilik tarixində özünə xüsusi yer tutan, dövlətçilik atributuna çevrilən ali vəzifəli şəxs institutu konstitusion status qazanmışdır. Naxçıvan Muxtar Respublikasında dövlətçiliyin varisliyini təmin etmək hüququ da konstitusion hüquqlarla ali vəzifəli şəxsin səlahiyyətləri sırasına daxil edilərək onun üzərinə çox məsul və tarixi vəzifə qoymuşdur.  Belə ki, konstitusiyaya görə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. Ali vəzifəli şəxs həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərə malikdir.

Əsas Qanun insan və vətəndaş hüquq və azadlıqlarının, həmçinin vətəndaşların vəzifələrinin icrasının təmin edilməsində Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü bölməsində öz əksini tapmış müvafiq normalara bilavasitə istinad edir, muxtar respublikada yaşayan Azərbaycan vətəndaşlarına səsvermə hüququnu tanıyır.

Müasir dövrdə hüququn inkişafı demokratik islahatların aparılmasını zərurətə çevir­miş və bu zərurətdən qaynaqlanaraq ötən illər ərzində Naxçıvan Muxtar Respublikasının konstitusiyasına bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilmişdir. 21 oktyabr 2005-ci il tarixli Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə muxtar respublika ərazisində konstitusiya nəzarəti səlahiyyəti verilmiş, 30 dekabr 2005-ci il və 2 oktyabr 2006-cı il tarixli Konstitusiya Qanunları ilə Naxçıvan Muxtar Respublikası Kons­titusiyasına edilmiş əlavələr və dəyişikliklər əsasında İnsan hüquqları üzrə müvəkkilin seçilməsi qaydası müəyyənləşdirilmiş, 30 sentyabr 2010-cu il tarixli Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavələr və dəyişiklər edilməsi haqqında Konstitusiya Qa­nunu ilə Ali vəzifəli şəxsin səlahiyyətləri artırılmış, qanunvericilik təşəbbüsü hüququ subyektləri sırasına Naxçıvan Muxtar Respublikasının Prokurorluğu əlavə edilmiş, məh­kəmə hakimiyyətinin fəaliyyəti təkmilləşdirilmiş, 15 noyabr 2011-ci il tarixli muxtar respublikanın konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin, eləcə də ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin təyin edilməsi proseduru dəqiqləşdiril­mişdir. 24 aprel 2018-ci il tarixli “Naxçıvan Muxtar Respublikasının konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılmış, maddənin strukturu konstitusiya normalarına uyğunlaşdırılmış, gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlı 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxsə dövlət orqanlarında təmsil oluna bilmək hüququ verilmiş, deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapmışdır.

Naxçıvan Muxtar Respublikasının  konstitusiyası muxtar dövlət statusunun möhkəmləndirilməsinə, sabit dövlət quruculuğunun genişləndirilməsinə, idarəçiliyin təkmil­ləşdirilməsinə, vəzifə və səlahiyyətlərin bölgüsü sahəsində demokratik prinsiplərdən istifadə edilməsinə xidmət etməklə konstitusiya quruculuğunun mühüm tarixi sənədi olmuşdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: