Muxtar respublikada əhaliyə bütün fəsillərdə təzə meyvə-tərəvəz təklif olunur

176

Muxtar respublikada qışa ciddi hazırlıq, payız-qış mövsümündə əhalinin ­tələbatını tam ödəmək üçün görülən tədbirlər sırasında onları təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların gücündən tam istifadə olunması xüsusi yer tutur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə hazırda muxtar respublikada ümumi tutumu 14 min  tondan artıq  olan 33 soyuducu anbar fəaliyyət göstərir. Ümumi tutumu 7 min 130 ton olan soyuducu anbar məxsus olduğu şirkətlərin fəaliyyəti ilə bağlı müxtəlif məhsulların dövriyyəsi üzrə ixtisaslaşdırılıb. Tutumu 7 min 115 ton olan digər soyuducu anbarlarda isə meyvə-tərəvəz məhsullarının tədarükü və saxlanması həyata keçirilir. Bu anbarlara mövsüm ərzində 4927,51 ton məhsul yığılıb. Belə ki, 3827,57 ton kartof, 665,59 ton soğan, 322,01 ton alma və digər kənd təsərrüfatı məhsulları tədarük olunub.
Bu məhsulların keyfiyyəti də diqqət mərkəzində saxlanılıb. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin qida sınaq laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan məhsullardan nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, onların normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.

Muxtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana kompleksləri də mühüm rol oynayır. Bu sahəyə göstərilən diqqətin nəticəsində muxtar respublikada 129 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 22 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin yanvar-oktyabr ayları ərzində istixana komplekslərində istehsal olunan 403 ton tərəvəz məhsulları alıcılara təklif olunub.

İstehsalçının maraqlarını təmin edən dövlət qayğısı nəticəsində 2000-ci ildən 2018-ci ilin ötən dövrünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən istixana komplekslərinin yaradılması məqsədilə 26 layihənin maliyyələşdirilməsinə 4 milyon 643 min 600 manat, soyuducu anbarların yaradılması məqsədilə 11 layihənin maliyyələşdirilməsinə 4 milyon 297 min 840 manat dövlət maliyyə dəstəyi göstərilib. Bu soyuducu və istixana kompleksləri daxili bazarın meyvə-tərəvəz məhsullarına olan tələbatının növbəti qış mövsümündə də yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: